Keçid linkləri

Təcili xəbərlər

Rusiyada 2012-ci il prezident seçkisi artıq bitibmi?


Onlardan birini əvvəlcə «Vahid Rusiya» partiyası, sonra isə elektorat seçəcək
Onlardan birini əvvəlcə «Vahid Rusiya» partiyası, sonra isə elektorat seçəcək
Bir ara dünya siyasətində Rusiya ilə bağlı qısa da olsa pauza yaranmışdı. O vaxt heç kim fərqində deyildi bu ölkədə kim seçilir və kim seçir! Amma belə pauza çox çəkmədi. Gündən – günə bahalaşan neft və qaz Rusiyanın əvvəl mövcud olan qüdrətini qaytarmasa da, onu iqtisadi böhrandan qurtara bildi. İqtisadi böhrandan qurtulmuş Rusiya yenidən özünün siyasi ambisiyalarını yada saldı. Təbii, bu ambisiyaların hüdudları daha əvvəlki kimi deyil, amma ən azı MDB məkanına kifayət etmək iqtidarındadır. Bəli, artıq belə status elə də irreal deyil, o, Rusiyanın sərəncamındadır. Həm də Rusiya özünün əvvəl mövcud olan siyasi nüfuzunu itirsə də, yenə də nüvə dövləti olaraq qalır və nüvə problemi də dünyada əvvəlki aktuallığını saxlayır. Elə bu səbəblərdən Rusiyanın siyasi transformasiyası, bu ölkədə hakimiyyətə kimin gələcəyi və ya hakimiyyətdə kimin qalacağı yenə də maraq kəsb etməyə başlayıb. İndi dünya mediası Rusiya mövzusuna böyük önəm verir. Növbəti ildə nəzərdə tutulan prezident seçkisi ilə bağlı ən müxtəlif rəylər səslənir. Amma diqqət çəkən budur ki, ölkədə Putin – Medvedev alyansına alternativ ola biləcək və bu tandemə qarşı rəqabət apara biləcək elə bir siyasi blok və ya da partiya yoxdur. Növbəti seçkilərin ən xarakterik xüsusiyyəti və məsələnin ən qəliz tərəfi də elə budur, bütün hallarda seçim Medvedev ilə Putin arasında baş verəcək. Ola bilsin, onlardan birini əvvəlcə «Vahid Rusiya» partiyası, sonra isə elektorat seçəcək. Elə dünya icmalçılarının və şərhçilərinin iddiası da budur ki, artıq «Vahid Rusiya» öz seçimini edib. Bu həqiqətən də belədirmi? Doğrudanmı iki il qabaqdan artıq seçkinin nəticəsi bəllidir?

POZULMUŞ TANDEMİN İLK QURBANI


Bu yaxınlarda elə bir hadisə baş verdi ki, o, gələcək seçki ilə bağlı artıq indi müəyyən mülahizələr irəli sürməyə imkan verir. Bəlkə prezident aparatında ictimai əsaslarla məsləhətçilik edən bir şəxsin – politoloq Q. Pavlovskinin xidmətindən imtina edilməsi böyük siyasi nəticələr üçün əsas vermir. Lakin onda dünya mediası niyə görə bu məsələni bu qədər diqqətdə saxlayır? Bu danılmaz bir həqiqətdir ki, hakimiyyətdə olarkən V.Putinin yararlandığı əsas siyasi texnologiyaların müəllifi elə Q.Pavlovski idi. Bu adam Rusiyanın bir nömrəli rəsmi politoloqu hesab edilirdi.
Qleb Pavlovski
Bəs Q.Pavlovskinin Kremldən uzaq düşməsinin səbəbi nədir? Məsələ bundadır ki, politoloq artıq indidən siyasi seçim etməyin zəruri olduğunu, cəmiyyəti intizarda saxlamamağı tövsiyə edibmiş. Özü də seçimini D.Medvedevin üzərində saxlayıbmış. Bu da onun siyasi olimplə əlaqələrinin kəsilməsinə səbəb olub. Bəli, bu fakt, Pavlovski cənablarının özünün üstüörtülü etirafları belə bir mülahizə yürütməyə əsas verir ki, o, Putinin qəzəbinə tuş gəlib. Təsadüfi deyil ki, dünya mediası artıq bu faktı 2012-ci ilin seçkisi üçün bir növ siyasi test kimi nəzərdən keçirir. Hər halda, ilk baxışda bir qədər inandırıcı görünməsə də, kifayət qədər ciddi sayıla biləcək bir addımdır. Seçki ərəfəsində D.Medvedevin böyük bir siyasi dayağı yoxdur, «Vahid Rusiya» V.Putinə olan simpatiyasını gizlətmir. Eləcə də Medvedev intellektual dairələrin yardımından, onların siyasi texnologiya və məsləhətlərindən məhrum olur. Bunun böyük siyasət üçün məzmunu isə hamıya aydındır. Maraq çəkən bir detal da var. Q.Pavlovski böyük siyasi olimpə Putin tərəfindən cəlb olunmuşdu. Bəs indi niyə o seçimini digər bir siyasi fiqur – Medvedev üzərində dayandırıb? Pavlovski belə hesab edir ki, indiki dövrdə Medvedev yeganə siyasi fiqurdur ki, onun siyasi proqramı var və o, bu siyasi sistemi demontaj edə bilər. Bəli, Pavlovskinin etirafı və izahı budur. Amma onda belə sual yaranır ki, bəs niyə görə politoloq vaxtilə indi mövcud olan siyasi sistemi formalaşdırmaqda V.Putinə yardımçı olmuşdu? Təbii ki, Pavlovski Qafqazdakı müharibəni əsas gətirə bilər və o vaxt üçün «vintlərin bərkidilməsinin» vacib olduğunu iddia edə bilər. Amma bunlar nə dərəcədə inandırıcı görünə bilər?

KİÇİK SÖZARDI

Hətta belə kiçik bir yazıdan görünür ki, böyük şimal ölkəsi bu dəfə özünün qeyri – müəyyənliyi ilə deyil, əksinə müəyyənliyi ilə təəccüb doğurur. Putin nədən bu qədər təhlükəli görünür? Bu suala da cavab vermək lazımdır. Bir səbəb budur ki, o, avtoritar liderdir və onun yenidən hakimiyyətə qayıtması ölkədə avtoritarizmin yenidən güclənməsinə səbəb olacaq. Amma başqa da səbəb var və onu da etiraf etmək lazımdır: heç kim Rusiyanın başında güclü bir lider görmək istəmir! Ən azı ona görə ki, bu güclü lider özünün SSRİ-yə olan xüsusi simpatiyasını gizlətmir. Sonuncu isə düşünmək üçün yetərlidir.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Ən son yazılan

XS
SM
MD
LG