Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 12:59

Şərq Tərəfdaşlığı Parlament Assambleyası yaranır. Belarussuz


Bu ölkələr nədən həm Rusiya, həm də Avropa Birliyi ilə xoş münasibətlərdə olmasınlar?

Bu ölkələr nədən həm Rusiya, həm də Avropa Birliyi ilə xoş münasibətlərdə olmasınlar?

Mayın 3-də Avropa Birliyinin «Şərq Tərəfdaşlığı» proqramına qoşulan ölkələrin parlament nümayəndələri Brüsseldə toplaşacaq. Onların Şərq Tərəfdaşlığı Parlament Assambleyasının yaradılması üçün sənəd imzalayacaqları gözlənir. Görüşdə Ukrayna, Moldova, Azərbaycan, Ermənistan və Gürcüstandan nümayəndələri iştirak edəcək. Belarus mübahisəli prezident seçkisindən sonra müxalifətə qarşı zorakı davranışa görə tədbirə dəvət olunmayıb.

Bu ərəfədə AzadlıqRadiosunun müxbiri Robert Coalson «Karneqi» Beynəlxalq Sülh Fondunun Qafqaz üzrə eksperti Thomas de Waalla danışıb və «Şərq Tərəfdaşlığı» layihəsinin maneələri və perspektivləri barədə onun fikirlərini soruşub.

BU ÖLKƏLƏR YAXIN 20 İLDƏ ÇƏTİN AVROPA BİRLİYİNİN ÜZVÜ OLA...

- Bu yaxınlarda «Şərq Tərəfdaşlığı» proqramı barədə «Milli maraq» adlı yazı yazıbsınız. Sizin fikrinizcə, «Şərq Tərəfdaşlığı»nı mühüm layihə etmək üçün nəyə ehtiyac var?

- «Şərq Tərəfdaşlığı» məsələsi indi Avropa Birliyinin genişlənməsinin dayandığı bir vaxta təsadüf edir. Belə bir vaxtda isə bu layihə tərəfdaşlarının quruma üzvlüyü üfüqdə də görünmür, amma qonşuluq siyasəti çox vacib amildir. Ola bilsin, bəzi ölkələr məsələn, Xorvatiya, Serbiya Avropa Birliyinə daxil olsun. Amma fikirləşirəm ki, başqa Avropa ölkələri üçün bu perspektiv dumanlıdır. Türkiyə bu qədər cəhdlərinə baxmayaraq, quruma qəbul olunmasında çətinliklə üzləşib. Biz şərqə tərəf baxsaq, Ukraynaya, Moldovaya, Cənubi Qafqaz ölkələrinə nəzər yetirsək, onların tezliklə AB-yə üzv olacağına inanmaq belə olmur. Ən yaxın 10, 15, 20 ildə belə bu, görünmür.

Bu baxımdan qonşuluq siyasəti çox vacibdir. Avropa Birliyi onlara tam üzvlüyü təklif etmədən bu ölkələri necə cəlb edə bilər? Brüsselin nəyi etməyə ehtiyacı var? Məncə, birincisi, viza məsələsidir ki, bununla bağlı artıq iş başlamışdı. Ukrayna, Moldova və Gürcüstan vətəndaşları Avropa Birliyi ölkələrinə artıq daha asan viza ala bilirlər.

...AB-NİN NƏ VAXTI VAR NƏ PULU

Tomas de Waal deyir ki, bir vacib amil də Avropa bazarına çıxışdır. Onun fikrincə, biznes siyasəti bu ölkələrə qapı aça bilər. «Bu, «Şərq Tərəfdaşlığı» üçün çox vacib amildir» deyən Tomas de Waal hesab edir ki, qonşuluq siyasəti çox yaxşı siyasətdir.

Thomas de Waal
- Amma bir problem var ki, Avropa Birliyinin bu layihə üçün kifayət qədər resursu – vaxtı və pulu yoxdur. İkincisi də, AB-nin zəif kommunikasiya siyasəti var. Fikrimcə, bu, yaxşı siyasətdir, amma bu layihə barədə məlumatlandırma zəifdir.

AVROPA BİRLİYİ - KİMİSİNƏ STİMUL, KİMİSİNƏ...

«Siz bu layihə ilə bağlı pessimist görünürsüz» replikasına Tomas de Waalın cavabı belə olub ki, heç də belə deyil, çünki burda bir neçə və fərqli ölkə var. «Azərbaycan və Belarusa baxsaq, görərik ki, hər iki ölkə Avropa Birliyinin nə təklif etməsi ilə maraqlanmır» deyən ekspertin fikrincə, Moldova üçün Avropa Birliyi stimuldur, Gürcüstan üçün də belə demək mümkündür, amma Ukraynanın hazırkı rəhbərliyinin timsalında müsbət perspektivdən danışmaq çətindir.

NİYƏ AVROPA BİRLİYİ BELARUSLA AZƏRBAYCANA FƏRQ QOYUR?

- Belarus Şərq Tərəfdaşlığı Parlament Assambleyasında dəvət olunmayıb. Necə fikirləşirsiz, niyə AB Azərbaycan və Belarusla müxtəlif cür rəftar edir? İkisi də eyni səviyyədə demokratiyanı rədd etmirlərmi?

- Zənnimcə, Belarusdan böyük gözlənti vardı. Aydındır ki, hər ikisi repressiv rejimdir, amma Azərbaycan həmişə bu qurumla münasibətlərini aydın şəkildə ifadə edib, o, özünü heç də Avropa ölkəsi kimi görmür. Buna görə də ondan gözlənti azdır. Amma Belarus Avropa ölkəsidir, onun Avropa Birliyi ölkələri ilə sərhədləri var və ona burda ümidlər böyük idi.

RUSİYA ÖZÜNÜ AB-YƏ TAY TUTUR

Rusiyanın «Şərq Tərəfdaşlığı» layihəsinə münasibətini bildirən Tomas de Waal deyir ki, Rusiya bu proqramın tərəfdaşı olmaq istəməyib. AB ilə münasibətdə Rusiya özünü daha çox eyni səviyyəli tərəfdaş kimi görür. Rusiya və Brüssel bu ölkələrə müxtəlif şeylər təklif edir.

«Ermənistan Rusiyadan müdafiə və strateji əməkdaşlıq təklifi ala bilir, AB-dən həmçinin, viza yardımı və ticarət üstünlüyü təklifi eşidə bilər» deyən Tomas de Waal hesab edir ki, bu təkliflər biri-birini istisna etmir. O deyir ki, bu ölkələr istəyirlərsə, nədən həm Rusiya, həm də Avropa Birliyi ilə xoş münasibətlərdə olmasınlar?

Günün bütün mövzuları

XS
SM
MD
LG