Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:42

Namiq Dəlidağlı. Şairləri soyurlar


CILIZ ADAM

Sus, danışma, yekə başını və yekə qarnını
sürü düşürt o kürsüdən, cılız adam ( yekə adam) .
Mənim dağ boyda dərdlərimdən danışma, işlərimə qarışma.
Bu gün kürsü sənindi, amma bu dərd mənimdi.
Sus, danışma, düş o kürsüdən cılız adam, insafın olsun.
Halını soruşmuram, işinə qarışmıram...
Görüləsi işin çoxdu,işini gör...
...Bu torpağın damarında bir az da qanı qalıb,
hələ də nəfəs alır, canında canı qalıb,
işini gör, kefini sür...
Götür qaraladığın kağız-kuğuzunu, sil köpüklənmiş ağzını,
düş o kürsüdən, məni ələ salma!
Yurd göynərtisi, yurddaş dərdi-bunlar ki sənlik deyil...
Vaxtına heyifin gəlsin, özünə yazığın gəlsin,
bircə burda eşit məni, cılız adam, düş o kürsüdən!


ŞAİRLƏRİ SOYURLAR

(Nəsiminin ruhuna baş əyərək, Ramiz Rövşənə )

Yenə də şairləri soyurlar,
ancaq ölənləri də var, qalanları da...
Ölənlərin üzünü, dilini soyurlar keçinir,
qalanların başını, beynini, qolunu, qıçını,
böyrəyini...(Mədəsinə dəymirlər)
soyurlar yaşayır.
Qəribə burasıdı: soyulanda gülənlər keçinir,
ağlayanlar yaşayır.
...Sonra dərilərinə tüpürə-tüpürə sıralarına qoşurlar,
Itlərinə, pişiklərinə... şeir yazdırmaq üçün.
Ad verirlər, mükafat verirlər,
dəri həmkarlığı başlayır.
...Xəlil Rzanı soydular keçindi, Eldar Baxışı soydular keçindi,
Məmməd Arazı... soydular keçindi,
neçə ki dəymirlər qaç bu diyardan,
soysalar öləcəkcən!


ÖZÜMƏ....

(...və bəzi dostlarıma)

Yaman basıb-bağlayırdın,
bağ belə, bostan belə.
Bostanın uralandı, bağını da aldılar.
Dağ üstə dağ qoyacaqdın,
bu istəyin cəhənnəmə,
torpağın paralandı,
dağını da aldılar.
...Özgələrə vəd vermədin,
sən özünü aldatdın, nə qazandın,
nə uddun?!
Ağzın isti yerdəydi, yerə-göyə sığmırdın,
öz içinə sığışdın, taleyinlə barışdın.
...Bu qədər yalan olmaz, çox şeyləri demirəm....
Bilmirdin ki, qarşına namərd-nadan çıxacaq,
zalım dövran çıxacaq?!
.... “Özü yıxılan ağlamaz”, dur çırp üstünü-başını,
sil gözlərinin yaşını.
“Yaşamağa öyrənginən”,
bu dövran sevmir “naşını”


AĞRI

Bu gecə duz basdım Təbriz ağrıma,
Dərbənd dərdimə,
Zəngəzur həsrətimə,
Borçalı göynərtimə,
Qarabağ yarama...
Cızdağım çıxanacan yanım deyə...
Yuxum ərşə çəkilsin deyə....
Şərti ad qoydum onlara:ürəyimə Təbriz,
sinəmə Dərbənd,
bir gözümə Zəngəzur, birinə Borçalı,
dilimə Qarabağ...
Hərəsi öz dilində ağladi məni....
duz basdığım yaralarım....
Of, canım göynəyir....


SEVGİ SÜKUTU

Sən verən saatda zaman dayanıb,
əqrəblər donubdu on beş qırx beşdə.
Mənim ad günümdə bağışlamışdın,
sükut ömrü yaşayan bu saatı.
Zamanın ən ağır yükü çiynində,
ən ağır yükünü götürüb vaxtın,
susub ölçüsünü itirib vaxtın,
əlləri qoynunda durub dayanıb.
(Zaman əqrəbləri yorub dayanıb)
Nə mən doğulmuşam on beş qırx beşdə,
nə sən doğulmusan bizə dedilər.
Bəlkə bir-birə olan sevgimiz ölüb o an,
nə mən bunu bilmişəm, nə sən bunu duymusan.
Təzədən işə salıb qursam da o saatı,
o ömrü ta yaşamaz.
Nakam sevgimizin matəm anıdı, on beş qırx beş.
Nə isə...
Sənə olan sevgimin, sonra ölən sevgimin əziz xatirəsini
bir dəqiqəlik sükutla hər gün yad eləyirəm,
saat on beş qırx beşdə.


ÇATDIRIN

Ürəyim yaman ağrıyır,
Məni Təbrizə çatdırın.
Qaldıqca qübar bağlayır,
Məni Təbrizə çatdırın.

-Nəyə gedək-deyib sorman,
Tələsiyin, nolar, durman.
Nə həb verin, nə də dərman,
Məni Təbrizə çatdırın.

Ölüm orda, dirim orda,
Göyüm orda, yerim orda.
Lap qoyun can verim orda,
Məni Təbrizə çatdırın.

Sərhəddindən qaçıb keçin,
Ya da qanad açıb keçin.
Üzüb keçin, uçub keçin,
Məni Təbrizə çatdırın.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG