Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:09














Mənim kimilərinin sevgilisi olmur


Mənim kimilərinin sevgilisi olmur.
Vəhşi diyarlardan gələnlər kimi,
gecikmiş, gərəksiz ədalətlərdən əl üzən,
dodaqlarından ölmüş birinin qanı süzülən,
hər an kürəyindən xəncərlə eşiləcək hürküsüylə
dörd yanını vəhşi diqqətdə saxlayan,
yalquzaq tək sıldırımlardan ulayan,
gecələr hər tıqqıltıya
kiminsə ölüm xəbəri qorxusuyla oyanan,
içindəki iblislə saziş bağlayan,
etdiyi hər şeydən narazı qalan,
fədakarlıq edib sevinən,
amma axmaqlığını düşünən,
hər sözə tikanlı donlar biçən,
fürsətlərdən yan keçib
sonra peşimançılıqdan
itlər kimi gəbərən,
özünə söz versə də
axmaqlığını yenə də təkrar edən,
ona baxan sevgi dolu gözlərdə
saxta, hiylə axtaran,
ürəyi getsə də sevgili üzünə toxunmaqdan
gecələri üzünü balışla ovunduran,
yar sinəsinə dağıtmaqçün uzatsa da
saçlarını sadəcə küləklə yelləndirən,
sevərsə sevəcəyinə
qadın olmaqdan daha çox
dost olacağını anlayan,
kişilərsə qadını qadıntək istər,
dostluq qalar qadınlıq itər.
Yəni anlayacağın anlamsız birisi...
Kim olar ki beləsinin sevgilisi..?


Qəddar mələyim...

Hər gecə,
hər gecə yuxuma bir mələk girər.
Çiynindəki tozlu aynadan
kif atmamış arzular,
çirklənməmiş ürəklər,
sahibi başında
ağ bir məmləkət görünər.

Bir mələk girər yuxuma mənim.
Endirər çiynindən
tozlu aynanı,
sevgiylə qarşıma qoyub gülümsər.
Şəst ilə qarşımda boynunu əyib:
-bu ayna sənindir.
ordakı arzular,
təmiz ürəklər,
sevgili gözlər,
sahibi başında bir ağ məmləkət –
sənindir deyər..!
Əllərim uzanar tozlu aynaya
və...
önümdə mələk,
çiynində tabut,
ölən arzular...

Günahkar əllərim,
Qəddar mələyim...


“Zarafat” A.Məmmədxanlıya

Tanrı..!
Bu qədər qəribə olmaq olarmı?
həyat yanlardan keçir
amma üzlərə baxmır...
Bir nərin sinəsi yerlərə dəyir
efirdən qəribə bir xəbər gəlir:
Şabranda dördayaqlı ördək doğulub...


İsa kimi

Getdin bəradər...
Gedişindən illər keçir.
Üzücüdü kədərin
bir sancı tək vücudumu əzib keçir.
Çox şey dəyişdi sən gedəli.
Ya da heç nə dəyişmədi.
Tam bir 16 mövsüm...
Yəni,
16 qiş, 16 payız,
16 bahar, 16 yay.
Sadə mövsüm dəyişkənliyi,
başqa heç nə.
Getdin bəradər.
Amma nə gözəl də etdin bilsən.
Baxammazdın səndən sonra olanlara.
O söyüd yaşılı gözlərinə
bir qaranlıq çökərdi,
son günündə çökdüyü tək...
Dözəmməzdin, dözmədin də.
Bəlkə doğru, bəlkə yanlış,
etdin, getdin.
Günəşin batışını seyr etməkdi
bu dünyada ən gözəl şey demişdin.
Bunu nəyi gözəl o ki, batır?
Olsun, dedin,
möhtəşəmdi bu yetər..!
Bax ondaca
İsaya bənzətmişdim səni...
Gözəlmiş möhtəşəm qururla sönmək -
Sənin kimi..! İsa kimi..!


Tablo

Burda iyrəncliklər, burda həqarət
nəşə yenik düşüb bu rəzalətə.
Qəbirlər qazılır ölüm öncəsi
Səadət, hürriyyət düşübdü xəstə.

Azmış bir yolçunun xurcunu kimi
azadlıq sallanır çiyinlərimizdən
ha bu gün, ha sabah düşəcək yerə
yersə alovlanır kimdir ki dinən?

Hislər yorğunlaşır, doğur ətalət
Pərişan ürəklər şişir kədərdən.
Nəfsini yenməyə ruhlar dirənir
Fəqət pusqudadır mənfur cəhalət!

Ulu Zevs özünün qədim küpüylə
İllərdir oturub yüksək zirvədə.
Kiminə xoşbəxtlik, kimisinə dərd
Paylayır kefinin hal istəyiylə...

Mintac Elsevər 2011

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG