Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:20

Yardımdan məhrum olan yardımlılar


Yardımlı rayonun Anzov kənd sakini Əkrəm Qaraşov ikinci qrup əlildir. Onun 5 azyaşlı uşaq var. Ailəsinin pensiyadan başqa əlavə qazancı yoxdur:

«İki il bundan əvvəl ünvanlı sosial yardım almaq üçün rayondakı mərkəzə müraciət etdim. Gəlib evimə, yaşayışıma baxdılar. Gördülər ki, səfil gündə yaşayıram. Sosial yardım ayırdılar. Ötən ilin iyununa kimi sosial yardım aldım. Sonra dedilər ki, get yenidən sənəd topla, topladım. Hər dəfə məni geri qaytarıb, yeni-yeni sənədlər istəyirdilər. Mən də onların bəhanələrini kəsmək üçün hansı sənədi istəyirdilərsə onu gətirirdim .Bir ildən çoxdur ki, sənəd toplamaqla məşğul idim. Axır ki, sənədi qəbul etdilər. İndi də deyirlər ki, sənin növbən hələ çatmayıb».

«DÖVLƏT İDARƏSİNDƏ SƏNƏD İTƏRMİ?»

Əkrəm Qaraşov yada salır ki, sosial yardımın verilməməsinə etiraz olaraq Bərdə rayonunda bir nəfər özünü yandırıb:

«Bizi də bu yola sürükləyirlər. İmkansızlıqdan uşaqlarımı məktəbə göndərə bilmirəm. Mənə verilən sosial yardımla uşaqlarıma pal-paltar alırdım. Dövlət bu pulu yoxsullar üçün ayırıb. Nə üçün bizə vermirlər? Nazirliyə də bu barədə teleqram vurmuşam».

Həmin kəndin digər sakini Həsrət Əhədov da ünvanlı sosial yardım ala bilmədiyini deyir:

«Halbuki, bir il sosial yardım almışam. Sənədləri təqdim etmişəm, mənə deyirlər sənədlər itib, yenidən sənəd topla. Dövlət idarəsində sənəd itərmi?»

«6 AYIN PULUNU GÖTÜRDÜLƏR»

Yardımlı rayonun Abbasabad kənd sakini Allahverdi Əsgərov da sosial yardımdan şikayətlidir:

«Hər ay 113 manat olmaqla 6 ayın pulunu ala bildim. Qalan 6 ayın pulunu götürdülər. İndi deyirlər ki, yer yoxdur».

Yardımlı rayon Ünvanlı Sosial Yardım Mərkəzinin müdirini işdə yol verdiyi nöqsanlara görə vəzifəsindən kənarlaşdırıblar. Müvəqqəti olaraq müdirin vəzifəsini icra edən Akif Mirzəyevin sözlərinə görə isə yardım üçün onlara müraciət edənlərin sayı çoxdur:

«ÇATDIRMAQ OLMUR»


«Bizə hər ay üçün 70 yer veriblər. Hər ay isə sosial yardım üçün mərkəzə 200-300 nəfər müraciət edir. Çatdırmaq olmur. Anzov kənd sakini Əkrəm Qaraşovun sənədlərinə isə növbəyə əsasən iyun ayında baxılacaq. Mərkəzdə növbə sistemi yaradılıb. Buna əsasən də işimizi görürük».

«ADAMLARDAN PUL ALMAQ ÜÇÜN GET- GƏLƏ SALIRLAR»

Lənkəran şəhərində fəaliyyət göstərən «Hüququ məsləhətlər və vətəndaşlara xidmət mərkəzi»in direktoru Sədrəddin Kazımov isə deyir ki, rayonların ünvanlı sosial yardım mərkəzlərində özbaşınalıqlar çoxdur. Üstəlik onun fikrincə yeyintilər də az deyil:

«Məmurlar mərkəzlərədə işləməyə üstünlük verirlər. Çünki, orada «qazanc» var. Siz fikir verin. Burada işləyənlərin əksəriyyətinin həyat şəraiti, aldıqları əmək haqlarına nisbətdə yüksəkdir. Adamlardan pul almaq üçün get-gələ salırlar. Digər tərəfdən əhali arasında izahat işləri aparılmır. Növbə olmamalıdır. Növbə varsa vətəndaş başa salınmalı, növbənin sıra nömrəsi ona verilməlidir».

«İNANIRAM Kİ, BELƏ YANAŞMA YOXSULLARIN SAYINI AZALDAR»

S.Kazımov ünvanlı sosial yardımın verilməsində nəzərdə tutulmuş yeni qaydaları isə müsbət addım hesab edir:

«Ailəyə 1500 manat birdəfəlik yardım edilsə bir çoxları şəxsi yardımçı təsərrüfatlarını qaldıra bilərlər. Sonrakı illərdə gəlirlərini artırarlar. Əslində kənd yeri üçün 1500 manat az məbləğ deyil. İnanıram ki, belə yanaşma yoxsulların sayını azaldar».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG