Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:29

Kitabi-Dədə Qorqud (Bəkil oğlu İmran boyu)


əvvəli

Qam Ğan oğlu Bayındır xan yerindən durmuşdu. Yüksək evini qara
yer üzərində ucaltmışdı. Hündür alaçığı göy üzünə dirənmişdi. Min yerdə
ipək xalçalar döşətdirmişdi. İç Oğuz və Daş Oğuz bəyləri toplaşmışdılar.
Doqquz tümənlik Gürcüstanın xəracı gəldi: bir at, bir qılınc və bir çomaq gətirdilər.
Bayındır xan bərk dilxor oldu. Dədəm Qorqud gəldi, şadlıq havası
çaldı. “Xanım, niyə qanın qaralıb?” – dedi. Deyir: “Necə qaralmasın,
hər il qızıl-gümüş gəlirdi, cavanlara-bəylərə verirdik, xatirləri şad
olurdu. İndi bunları kimə verək ki, onunçun xoş olsun?”.
Dədə Qorqud deyir: “Xanım, bunun üçünü də bir igidə verək, oğuz
elinə qaravul çəksin!”. Bayındır xan “Kimə verək?” – dedi, sağınasoluna
baxdı. Heç kim razı olmadı. Bəkil deyilən bir igid vardı. Ona
baxdı, dedi: “Sən nə deyirsən?” Bəkil razı oldu. Qalxdı, yeri öpdü.
Dədəm Qorqud gətirilən qılıncı onun belinə bağladı. Çomağı çiyninə
saldı, yayı qoluna keçirdi.
Bəkil şahanə ayğırı çəkdirib mindi. Qohum-əqrəbasını ayırdı, eveşiyini
yığışdırdı, oğuz elindən köçdü. Bərdəyə, Gəncəyə gedib
məskən saldı. Gedib doqquz tümənlik Gürcüstan sərhəddində çadır
qurdu. Qaravulçuluq elədi. Buralara yad kafir gəlsə idi, başını oğuz
elinə hədiyyə göndərərdi. İldə bir dəfə Bayındır xanın divanına gedirdi.
Bir dəfə yenə Bayındır xandan adam gəldi ki, tez gəl. Bəkil də gəldi.
Hədiyyələrini yerə qoydu, Bayındır xanın əlini öpdü. Xan da Bəkili qonaq
etdi. Yaxşı at, yaxşı qaftan, bolluca xərclik verdi. Üç gün tam əzizlədi,
hörmət etdi. “Bəkili üç gün də ov əti ilə qonaq eləyək, bəylər!” – dedi.
Ova hazırlıq üçün car çəkildi. Elə ki, ov hazırlığı tamam oldu, kimi
atını, kimi qılıncını, kimisi də yay çəkib ox atmağını təriflədi. Salur
Qazan nə özünü, nə atını təriflədi. Amma bəylərin hünərindən danışdı.
Üç yüz altmış altı igid ova atlansa, keyik üzərinə yürüş olsa, Bəkil
yay qurmaz, ox atmazdı. Elə yayı biləyindən çıxarıb, buğanın-sığının
boynuna atardı, çəkib durğuzardı. Arıq olsa, qulağını dələrdi ki, ovda
bəlli olsun. Amma kök olsa, boğazlayıb kəsərdi.
Bəylər, qulağı deşik keyik ovlayanda “bu, Bəkilin nişan etdiyidir”,
– deyə ona göndərirdilər.
Qazan bəy dedi: “Bu hünər atındır, ya igidindir?”. Dedilər: “Xanım,
igidindir!”. Xan dedi: “Yox, at işləməsə, ər öyünməz. Hünər
atındır”. Bu söz Bəkilə xoş gəlmədi. Dedi: “İgidlər içində bizi bədnam
edib, quşqunumuzadək palçığa batırdın”. Bayındır xanın hədiyyəsini
önünə qoydu; xandan küsdü, divandan çıxdı. Atını gətirdilər. Ala gözlü
igidlərini də götürüb evinə gəldi. Oğlanları qarşısına gəldi, onları
oxşamadı. Ağ üzlü xanımı ilə danışmadı. Qadın burada soylamış, görək,
xanım, nə soylamışdır:
Qızıl taxtımın yiyəsi, igid bəyim!
Göz açaraq gördüyüm,
Könül verib sevdiyim,
Qalxaraq yerindən durub gəldin.
Ala gözlü igidlərini yanına saldın.
Arqubeldən, Ala dağdan gecə aşdın.
Coşğun axan gözəl sudan gecə keçdin.
Ağ alınlı Bayındır xanın divanına
gecə getdin, bəylər ilə yedin-içdin.
Hərə öz qohum-qardaşı ilə deyib-güldümü?
Qəriblikdə təklənmək xətrinə dəydimi?
Hanı, xanım, altında yaxşı atın yoxdur!
Alnını örtən qızıl işıqlı zirehin yoxdur!
Ala gözlü bəylərini oxşamırsan,
Ağca üzlü sevgilinlə danışmırsan,
halın niyə belədir?
Bəkil soylamış, görək, xanım, nə soylamışdır:
Qalxaraq yerimdən durub getdim,
Qarayallı gözəl Qazlıq atı mindim.
Arqubeldən, Ala dağdan gecə keçdim.
Coşğun axan gözəl sudan ötüb-keçdim.
Ağ alınlı Bayındırın divanına çapar yetdim.
Ala gözlü bəylərlə yedim-içdim.
Hər kəsi öz qohum-qardaşıyla mehriban gördüm.
Bizdən tamam üz döndəribdir xan, gördüm.
Elimi-günümü köçürüb gəlin,
Doqquz tümənlik Gürcüstana gedək,
Oğuz elindən üz döndərdim, qəti bilin!
Arvadı deyir: “İgidim, bəy igidim! Padşahlar Allahın kölgəsidir.
Padşahına ağ olanın işi düz gətirməz. Təmiz ürəkdə pas olsa, şərab
açar. Sən gedəli, xanım, çılpaq qalan uca dağların ovlanmayıbdır. Ova
atlan çıx, könlün açılsın!”
Bəkil gördü ki, arvadın ağlı-başı yaxşıdır. Qazlıq atını çəkdirib
mindi. Ova getdi.
Ov ovlayıb gəzərkən qabağına bir yaralı keyik çıxdı. Bəkil onun
üstünə at saldı. Buğanın arxasından yetişdi. Yay kirişini boynuna atdı.
Buğa acıqlanmışdı. Özünü uca bir yerdən atdı. Bəkil atın cilovunu
saxlaya bilməyib, keyiklə bərabər uçundu. Sağ oyluğu qayaya toxunub
sındı. Bəkil ayağa durub ağladı. Dedi: “Böyük oğlum, böyük qardaşım
da yoxdur!..” Sonra paltarının qolundan bez çıxarıb, atının tərkindəki
qayışları dartıb qırdı. Qaftanının altından ayağını ata bərk sarıdı. Var
qüvvəsi ilə atının yalına sərildi. Ovçulardan ayrı düşmüş Bəkilin sinəbağısı
sürüşüb boğazına keçdi. Yaşadığı sahəyə yaxınlaşdı. Oğlu İmran
pəhləvan atasının qarşısına gəldi. Gördü bənizi saralmışdır, sinəbağı
boğazına keçmişdir. Oğlan burada Bəkilin yoldaşlarını soruşub
soylamış, görək, xanım, nə soylamışdır:
Qalxaraq yerindən durub gəldin,
Qara yallı gözəl Qazlıq atını mindin.
Yalçın uca dağlar ətəyinə ova getdin.
Qara donlu kafirlərlə rastlaşdınmı?
Ala gözlü igidlərini qırdırdınmı?
Öz dilinlə bir neçə söz söylə mənə!
Qara başım qurban olsun, ağam, sənə!
Bəkil oğluna soylamış, görək, xanım, nə soylamış, demişdir:
Oğul, ay oğul!
Qalxıb yerimdən durdum, gəldim.
Uca dağların döşünə ova çıxdım.
Qara donlu kafirlərə uğramadım.
Ala gözlü igidlərimi qırdırmadım.
Sağ-salamatdır, igidlərim, qəmlənmə!
Üç gündür ki, əhvalım yox, xəstəyəm!
Oğul, at üzərindən götür məni, yatağa sal! dedi.
Aslan balası yenə aslandır. Atasını atın üstündən qamarlayıb tutdu,
yatağına gətirdi; cübbəsini üzərinə atdı. Qapını örtdü.
Bu yandan igid bəylər gördülər ki, ov pozulmuşdur; hər biri öz
evinə gəldi.
Bəkil beş gün öz divanına çıxmadı. Ayağının sındığını kimsəyə
demədi. Bir gecə döşək üstündə bərk-bərk inlədi, ah-vay etdi. Arvadı
dedi: “İgid bəyim, sürü ilə düşmən gəlsəydi qorxmazdın. Atına iti ox
dəysəydi, əyilməzdin. Adam öz qucağında yatan arvadına da sirrini
deməzmi? Sənə nə olub? Bəkil dedi: “Gözəlim, atdan düşdüm, ayağım
sındı”.
Arvad əlini əlinə vurub qaravaşa xəbər verdi. Qaravaş da çıxıb
qapıçıya söylədi. Otuz iki dişdən çıxan söz bütün camaat arasında
yayıldı: “Bəkil atdan yıxılıb, ayağı sınıbdır...”
Deyilənə görə, kafirin casusu vardı. Bu xəbəri eşidib getdi, təkurə
xəbər verdi. Təkur deyir: “Qalxıb yerinizdən durun, yatan yerdə Bəkil
bəyi tutun! Ağ əllərini qollarından bağlayın. Gecikmədən gözəl başını
kəsin. Al qanını yer üzünə tökün. Elini-yurdunu çapıb talayın. Qızgəlinini
əsir edin!”.
Bəkilin də orada casusu vardı. Bəkilə xəbər göndərdi. Dedi: “Başınıza
çarə eyləyin, üstünüzə düşmən gəlir”. Bəkil yuxarı baxdı; “Göy
uzaq, yer də bərk!” deyə düşündü. Oğlunu yanına çağırıb soylamış,
görək, xanım, nə soylayıb, demişdir:
Oğul, oğul, ay oğul!
Qaranlıq çökmüş gözümün işığı oğul!
Güclü belimin qüvvəsi oğul!
Gör axırda nələr oldu,
Mənim başıma nələr gəldi.
Oğul, qalxaraq yerimdən durub getdim,
Boynu sınsın, o gözəl Al ayğırı mindim,
Ov ovlayıb quş vurarkən yoruldu,
sürüşərək məni yerə vurdu.
Sağ oyluğum sındı.
Gör, bəlalı başıma nələr gəldi.
Uca dağlardan xəbər aşmışdır,
Aşqın-daşqın sulardan xəbər keçmişdir.
Dəmir Qapı Dərbənddən xəbər getmişdir.
Alca atlı Şöklü Məlik bərk pusqu qurmuşdur.
Pusduğu vaxtdan uca dağlara duman düşmüşdür.
“Yatdığı yerdə Bəkil bəyi tutun!” – demişdir,
“Ağ əllərini qollarından bağlayın!” – demişdir.
“Qan töküb yerini-yurdunu çapın!” – demişdir.
“Ağ üzlü qız-gəlinin əsir tutun!” – demişdir.
Oğul, qalxaraq yerindən dur gəl!
Qarayallı gözəl Qazlıq atını min!
Yalçın qayalı Ala dağı gecəylə aşıb,
Ağ alınlı Bayındır xanın divanına get!
Ədəb-ərkanla Bayındır xana salam ver!
Bəylər bəyi olan Qazanın əlin öp!
“Ağ saqqallı atam xəstədir”, söylə,
Qazan bəy mütləq mənə yetişsin, söylə!
Gəlməsən, yurdumuz talandı, söylə!
Qız-gəlinim əsir getdi özgə elə!
Bu yerdə oğlan atasına soylamış, görək, xanım, nə soylamış-demişdir:
Ata, nə söyləyir, nə danışırsan?
Ürəyimi, bağrımı nə dağlayırsan?
Qalxaraq öz yerimdən çox durmuşam,
Qarayallı Qazlıq atıma çox minmişəm.
Arqubeli, Ala dağı ov xətrinə aşmamışam.
Ağ alınlı Bayındırın divanına getməmişəm.
Qazan kimdir? Mən onun əlini öpməmişəm.
Altındakı Al ayğırını mənə ver,
Elə çapım, bassın onu qoy qan-tər!
Əynindəki dəmir donunu mənə ver,
Qolçaq, yaxa tikdirim mən səninçin!
Böyük, iti polad qılıncı mənə ver,
Bircə anda başlar kəsim səninçin!
Qarğı budağından olan süngünü ver mənə,
Sancım onu mən səninçin düşmən köksünə!
Ağ lələkli iti oxunu ver mənə,
Atıb sancım istədiyin düşmənə!
Ala gözlü üç yüz igid qoş mənə,
Bu döyüşü həsr eləyim Məhəmmədin dininə!
Bəkil deyir: “Ölüm ağzın üçün, oğul! Bəlkə də mənim keçmiş
günlərimi xatırlatmayacaqsan...Aya, geyimimi gətirin, oğlum geysin!
Al ayğırımı gətirin, oğlum minsin! El vahiməyə düşməmiş oğlum gedib
döyüş meydanına girsin!”.
Oğlanı geyindirib-kecindirdilər. Gəlib ata-anası ilə görüşdü. Əllərini
öpdü. Üç yüz igidi yanına salıb, döyüş meydanına getdi.
Al ayğır düşmən qoxusu hiss edəndə ayağını yerə döyərdi, tozu
göyə çıxardı.
Kafirlər dedi: “Bu at Bəkilindir, biz qaçırıq”. Təkur dedi: “Ədə,
yaxşı baxın. Bu gələn Bəkilsə, sizdən əvvəl mən qaçıram”.
Gözətçi gözlədi. Gördü ki, at Bəkilindir, ancaq Bəkil üzərində deyil.
Atın belindəki quş kimi bir oğlandır. Gəlib təkura xəbər verdi. Deyir:
“At, yaraq və işıqlı zireh Bəkilindir, Bəkil içində deyil!”. Təkur
deyir: “Yüz adam seçin, gurultu qoparıb hay-küy salın, oğlanı qorxudun.
Oğlan quş ürəkli olar, meydanı qoyub qaçacaq”.
Yüz kafir seçilib oğlanın üzərinə gəldi. Kafir oğlana soylamış, görək,
xanım, nə soylamışdır:
Oğlan, oğlan, ay oğlan,
haramzada oğlan!
Altında Al ayğırı arıq oğlan.
Böyük, iti polad qılıncı gödək oğlan!
Əlindəki süngüsü sınıq oğlan!
Dəstəyi ağ tozlu yayı nazik oğlan!
Biləyində doxsan oxu seyrək oğlan!
Yanındakı yoldaşları çılpaq oğlan!
Qaranlıq çökmüş gözləri çökük oğlan!
Şöklü Məlik səni möhkəm pusmuş,
Meydandakı o oğlanı tutun, demiş,
Əllərini-qollarını bağlayın, demiş,
Bircə anda gözəl başın kəsin, demiş.
Al qanını üzünə axıdın, demiş...
Ağ saqqallı atan varsa, ağlatma!
Ağ birçəkli anan varsa, inlətmə!
Yalqız igid alp olmaz,
Yovşan dibi bərk olmaz.
Əcəli çatmış əbləh oğlu əbləh,
Qayıdıb, dön burdan geri!
Oğlan da burada soylamış, görək, nə soylayıb, demişdir:
Ey itim kafir, hərzə-hərzə danışma!
Altımda Al ayğırımı nə bəyənmirsən?
səni görüb oynayır.
Əynimdəki dəmir donum çiynimi qısır.
Böyük iti polad qılıncım qınını doğrayır.
Qarğı budağından süngümü nə bəyənmirsən?
Köksünü dələrək göyə fırladar.
Dəstəyi ağ tozlu bərk yayım zar-zar inləyir,
Oxlarım öz qabının kişini dəlir.
Yanımda igidlərim döyüş istəyir.
İgid adama hədə-qorxu gəlmək eyibdir.
Ay kafir, bəri gəl, döyüşək!
Kafir deyir: “Oğuzun arsızı türkmanın dəlisinə bənzəyir, buna bax
a!...” Təkur deyir: “Gedin soruşun, oğlan Bəkilin nəyidir?”. Kafir gəlib
oğlana soylamış, görək, necə soylamışdır:
Bilirik ki, altındakı Al ayğır Bəkilindir,
Bəkil hanı?
Böyük, iti polad qılıncın Bəkilindir,
Bəkil hanı?
Əynindəki dəmir donun Bəkilindir,
Bəkil hanı?
Yanındakı igidlərin Bəkilindir,
Bəkil hanı?
Əgər Bəkil burdadırsa,
gecəyədək biz vuruşaq,
Dəstəyi ağ tozlu olan
bərk yaylar dartışdıraq.
Ağ lələkli kəskin, iti
oxlarla biz atışaq.
Sən Bəkilin, de, nəyisən,
tez ol, söylə bizə, oğlan!
Bəkilin oğlu burada soylamış, görək, xanım, nə soylamış, demişdir:
“Ay kafir, sən məni tanımırsanmı? Ağ alınlı Bayındır xanın bəylərbəyisi
Salur Qazan, onun qardaşı Qaragünə çaparaq yetişdi. Dönəbilməz
Tülək Vuran, Dözən oğlu Alp Rüstəm, Boz atlı Beyrək bəy
Bəkilin evində yeyib-içirdilər; casus səndən xəbər gətirdi. Altındakı
Al ayğıra Bəkil məni mindirdi. Böyük iti polad qılıncını qüvvət üçün
verdi: qarğı budağından olan süngüsünü qeyrət üçün verdi; üç yüz
igidini mənə yoldaş kimi qoşdu. Mən Bəkilin oğluyam, ay kafir! Bəri
gəl, döyüşək!”.
Kafir təkur deyir: “Hələ bir döz, əbləh oğlu, mən sənə gəlim
çatım!” Altı pərli gürzünü ələ alıb, atını oğlanın üzərinə sürdü. Oğlan
qalxanını gürzün qabağına tutdu. Kafir yuxarıdan aşağıya doğru oğlanı
bərk vurdu: qalxanını ovdu, dəbilqəsini əzdi, üz-gözünü sıyırdı, ancaq
oğlanı məğlub edə bilmədi. Gürzlə döyüşdülər, iti polad qılıncla vuruşdular,
atıla-atıla meydanda qılınclaşdılar; çiyinləri doğrandı, qılıncları
ovulub töküldü, bir-birinə üstün gələ bilmədilər. Qarğı budağından
olan süngülərlə çarpışdılar, meydanda buynuzlarını bir-birinə
sancmaq istəyən buğalar kimi döş-döşə gəldilər; süngüləri sındı, birbirini
təslim edə bilmədilər. At üzərindən bir-birilə qapışıb-dartışdılar.
Kafirin gücü çox idi, oğlan əldən düşdü. Allah taalaya yalvarıb
soylamış, görək, necə soylamışdır:
Ucalardan ucasan, uca Tanrı!
Kimsə bilməz necəsən, gözəl Tanrı!
Sən Adəmə tac verdin,
Şeytana lənət etdin.
Bir günahdan ötrü qapından qovdun.
İbrahimi tutdurdun.
Xam genə bürüdün.
Götürüb oda atdırdın.
Odu gülşənə döndərdin
Birliyinə sığındım, əziz Allah,
mənə kömək et!
Kafir dedi: “Oğlan, məğlub olanda Allahınamı yalvarırsan? Sənin
bir allahın varsa, mənim yetmiş iki bütxanəm var!” Oğlan deyir: “Ey
lənətə gəlmiş azğın, sən bütlərinə yalvarırsan, mən varlıqları yoxdan
var edən Allahıma sığınıram”.
Allah taala Cəbrayıla əmr etdi ki:”Ey Cəbrayıl, get, o quluma qırx
kişi qüvvəsi verdim”.
Oğlan kafiri götürüb yerə vurdu. Burnundan qanı düdük kimi şoruldadı.
İmran sıçrayıb kafirin boğazını şahin kimi ələ keçirdi.
Kafir deyir: “İgid, aman ver, sizin dininiz hansıdır? Qəbul edirəm”.
Barmaq qaldırıb şəhadətini söylədi, müsəlman oldu. Qalan kafirlər
bunu bildilər, meydanı qoyub qaçdılar.
İmranın yoldaşları kafirin yurd-yuvasını dağıtdılar, qızını-gəlinini
əsir etdilər.
Oğlan öz atasına muştuluqçu göndərdi ki, döyüşdə qalib çıxdım.
Ağ saqqallı atası onu qarşılayıb, boynunu qucaqladı.Dönüb evlərinə
gəldilər. Atası uca dağda oğlan üçün yaylaq ayırdı. İti gedən Qaracıq
atlar üçün tövlə ayırdı. Ağ üzlü oğluna şülənlik üçün ağca qoyunlar
ayırdı. Ala gözlü oğluna al örtüklü gəlin aldı.Ağ alınlı Bayındır xan
üçün pay ayırdı; oğlunu götürüb, onun divanına getdi. Əlini öpdü.
Padşah Qazan oğlu Uruzun sağ yanında ona yer göstərdi. Gözəl
naxışlı cübbə-çuxa geyindirdi.
Dədəm Qorqud gəlib şadlıq havası çaldı. Bu oğuznaməni düzdüqoşdu.
“Bəkil oğlu İmranın olsun!” – dedi. İgidlərin başına nə gəldiyini
söylədi. Xeyir-dua verək, xanım!
Yerli uca dağların yıxılmasın!
Kölgəlik iri ağacın kəsilməsin!
Allah verən ümidin üzülməsin!
Günahınızı adı gözəl Məhəmmədə
bağışlasın Allah, xanım, hey!

davamı

Günün bütün mövzuları

XS
SM
MD
LG