Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:27
Sən elə ordasan

Sən elə ordasan harda mən varam,
İdrakım, düşüncəm köklənib sənə.
Zamansız məhəbbət, zamansız inam...
Bunlar bil əbəsdir, bu dəli könül
Sonsuz ümidlərlə bağlanıb sənə.

Üzümdə küskünlük, qəlbimdə kədər,
Qanayan ürəklə yollar uzunu
Hərdən dolaşaram, boğsa da qəhər,
Hər yana boylanıb, hər yana baxıb
Axtarar gözlərim sənin üzünü.

Bəzən də qoynuna götürüb məni
Sənli xatirələr alıb aparar.
Ağrısı içimdə qalan günləri
Könlümün sağalmaz yaralarına
Həsrətlə yoğurub yenə qaytarar.

Duymaqçün sevgimin hərarətini,
Səp, sovur göylərə məni sən daha.
Anlayıb ülviyyət hərarətini
Səhər mehindən də xəfif eşqimi
Göstər hər bir şeydən təmiz Allaha.

Sən elə ordasan harda mən varam,
Idrakım, düşüncəm köklənib sənə.
Zamansız məhəbbət, zamansız inam...
Bunlar bil əbəsdir, bu dəli könül
Sonsuz ümidlərlə bağlanıb sənə.


Bizə nəğmə oxusun

Sevgimizin son anı, bizə nəğmə oxusun,
Silkələyib dünyanı bizə nəğmə oxusun.
Sinəmizdə daş olan qəlbimizin qəhəri
Bu ayrılıq səhəri bizə nəğmə oxusun.
Payızın nəfəsindən xışıldayan yarpaqlar,
Şaqqıldayan budaqlar bizə nəğmə oxusun.
Gözümüzə yığılmış keçənlərin yanğısı,
Tənhalığın qayğısı bizə nəğmə oxusun.
Yolların ayırıcında dərk edilər qəbahət,
Ondan doğan həqiqət bizə nəğmə oxusun.
Ölüm ayağındadır etdiyimiz hər arzu,
Buna olmayan pozu bizə nəğmə oxusun.
Bəlkə heç görüşmədik taleyin səhnəsində
Həsrət özü-özündə bizə nəğmə oxusun.


Bəlkə anlayarsan

Duruşum, baxışım, danışmağım da
Söz olur yanında, əl çək, get daha!
Köhnə nağılların məkruh səsindən
Zülmətəm, inamım yoxdur sabaha.

Gülmə üzümdəki kədər dünyama,
Onsuz da gizlənir o, nəzərlərdən.
Sonu müəmmalı həyat içində
Bilmirsən bu ürək keçir nələrdən.

Mənim sükutumu bilmək istəsən,
Səssiz arzuların səsini dinlə.
Dolmuş gözlərimdə donan ümidim,
Ağlayar, sızlayar onda səninlə.

Qayıdıb özünə, dərin nəzərlə
Seyr et həqiqəti, seyr et yalanı.
Süzülüb ziddiyyət qaranlığından,
Bəlkə anlayarsan hər bir insanı.


İttiham edə bilmərəm

Mən səni ittiham edə bilmərəm,
Sənin günahın yox, mənim savabım.
Qoy sükut hökmünü versin bizlərə
Sənin sualın yox, mənim cavabım.

Artıq sevənin sevdiyin kimi
Yolları özüylə aparmaq olmaz.
Unudub hər şeyi, danıb hər şeyi
Yaddaşı yaddaşdan qopartmaq olmaz.

Pozub ahəngini, düz ölçüsünü
Son nöqtə gözləyir zamansız həyat.
Demək lazım gəlir deyilmişləri,
“Mən bədbəxt olsam da, sən arzuna çat!”


İşğal

Biz təkcə işğal olunmuruq, həm də işğal edirik…

Durduğum məkan,
ürəyimin döyüntüsündə
əritdiyim zaman –
işğal.
Alıb-verdiyim nəfəslər,
eşitdiyim səslər,
dediyim sözlər –
işğal.
Yediyim çörək,
içdiyim su,
mənə sərf olunan illər,
umulan əvəzlər,
həyatıma girib-çıxan kəslər –
işğal.
Olumla ölüm arasında
çabalayan düşüncəm,
anbaan çatlayan
qəlbimin aynasındakı kölgəm –
işğal.
İç dünyamdan
dış dünyama,
dış dünyamdan
iç dünyama ötürülən
savabım da,
günahım da –
işğal.
Vücudumun qeybində zühur edən
nifrət qarışıq sevgi,
barışdığım həyat adlı itgi,
boyasına bürünəcəyim
Həqiqətin torpaq rəngi –
işğal.
Bu dönülməz yolçuluğun
gözüdoymaz,
əliboş bələdçisi –
işğal,
işğal,
yenə də işğal!

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG