Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:41

Xurşidbanu Natəvan. Dilbəra, dərdi-dilimdən belə ünvan etdim


Dilbəra, dərdi-dilimdən belə ünvan etdim
Ki, qəmi-hicrdə dil mülkünü viran etdim.

Mümkün olmaz mənə vəslin bilirəm həşrə kimi,
Ol səbab məskənimi guhi biyaban etdim.

Eşq sultanı mənim qətlimə fərman gətirib,
Etmədim tərki-vəfa, taqəti fərman etdim.

Səri-kuyində qoyub başımı bir uf demədim,
Səri sidqilə dilü canımı qurban etdim.

Ya təbib adını tərk eylə, təbabət etmə,
Ya mənim dərdimi tap, gör, niyə tüğyan etdim?

Yoxdu bir kimsə məgər dərdimi bilsin, ya rəb
Ki, mən öz qanım ilə dərdimə dərman etdim!

Dərdi-hicrində gözüm yaşı tutub dünyanı,
Nuh tufanı kimi, gör ki, nə tufan etdim!

Natəvan, etmədi ol səngdilə naləm əsər,
Gecə-gündüz nə qədər naləvü əfğan etdim.

Günün bütün mövzuları

XS
SM
MD
LG