Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:13

Seyid Əzim Şirvani. ABİD ƏFƏNDİNİN HƏCVİNDƏ


ABİD ƏFƏNDİNİN HƏCVİNDƏ

Əyyühənnas, bilin, türfə rəvayətdir bu,
Nə riyadır bu, nə böhtan, nə zərafətdir bu,
Demə şair sözüdür, nəzmi-ibarətdir bu,
Ya ki əlfazi-bəlağət və fəsahətdir bu,
Şəhrdə vaqe olan əsli hekayətdir bu.
Demə kim, münkiri-şeyxəm, eşidib əhvalı,
Mən özüm yaxşı müridəm, sözümə ol hali,
Övliyadən bu fəna mənzili olmaz xali,
Yoxsa hər tülküsifət kim, uzada saqqalı,
Demək olmaz ki, ona əhli-kəramətdir bu.
Bundan əqdəm dəxi çox şeyx gəlib dünyayə,
Lütfdən feyz veriblər mələyi-əlayə,
O Hacı Əhməd əfəndi ki, köçüb üqbayə,
Özünü salmadı o cifə üçün dünyayə,
Tarı rəhmət eləsin, vasili-rəhmətdir bu.
Var ona eylə müridlər ki, onu şah bilir,
Bəzilər nəhs üzün mehr sanır, mah bilir,
Bəzilər dərgəhini həqqə gedən rah bilir,
Bəzi də var ki, şeyxin özün Allah bilir,
Qəsəm ol xaliqə kim, eyni zəlalətdir bu.
Bircə gör Abidin əhvalını, ey sahibi-hal,
Gözü hər övrətə düşsə ki, olur anə həlal,
Bax, bu məlun özünü gör kimə eylər timsal!
Qıldı axır bu ləin şəri-rəsulu pamal,
Yenə derlər ki, ona əhli-şəriətdir bu.
Necə ki, şahidi-əhvaldı bu əmrə bu kar,
Guş ver, ta ki qılım mən sənə ani izhar,
Eşidib ta qılasan abidə lənət büsyar.
Gərçi təfsilən edim şərhin, olursan bazar.
Müxtəsər şerimə şərh oldu, kifayətdir bu.
Şiəməzhəbləri rüsva eləmişdi babi,
Sünnidən həm dəxi bir şeyx çıxıb qüllabi,
Cəm edib başına hər bisərü pa kəzzabi,
Dişi-erkək qarışıb rəqsə, çalallar qabi,
Bircə bax diqqət ilə, gör ki, nə adətdir bu!
Bəlgədildə bir əfəndi var idi piranə,
Hər kəramət eləmişdi ona bir dürdanə,
O da vermişdi onu bir üzü gül oğlanə,
Vəh nə oğlan ki, üzü güldü, gözü məstanə,
Qamətin gör, demə kim, sərvi-qiyamətdir bu.
Zahirən aşiq imiş abid həm ol simbərə,
Eşidib ta ki atası ki, onu verdi ərə,
Minibən atını bədzat qoyub üz şəhərə,
Eyləyib ərz ki, salsın işini bir təhərə -
Ki, naçalnik, sənə qurban, nə ədalətdir bu?
Alıb arvadımı zur ilə əlimdən Ağa bəg,
Verib öz növkərinə, hörmətimi eylədi hək.
Mənə bundan sonra bəs vacib olubdur ölmək?
Sünniməzhəb, məni-biçarəyə sən eylə kömək,
Demə şeyxəm məni, qapında bir ümmətdir bu.
Bu sözü ta ki naçalnik eşidib qıldı qəzəb,
Yazılıb hökm, qılıb hamını divanə tələb,
Şəhrə ta varid olub Ağa bəyi-alinəsəb,
Abidin kizbi büruz olmağına oldu səbəb,
Bildilər cümlə xəlayiq ki, nə illətdir bu.
Mənə təhrik verirdi bu işə bir neçə kəs,
Mən də ta ki təməi-xamə düşüb etdim həvəs,
Ya bağışla məni sən, ya başımı tərsinə kəs,
Qoyma, qurbanın olum, xəlqə yayılsın ki, bu səs,
Bilmişəm qəlpimi kim, eyni hamaqətdir bu

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG