Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:28

Seyid Əzim Şirvani. Şamaxının təzə bəylərini həcv


Niqtə gəl bülbüli-təbim ki, əcəb halətdir,
Qıl təkəllüm ki, çəkim nəzmə düri-qəltani.
Tazə işlər görünür sahəti-Şirvan içrə,
Özgə ayinü rəvişdə görürəm dövrani.
Xəlqi bidin eləyib gör necə bəylik həvəsi,
Tərk edib axirəti, cümlə tutub dünyani.
Cümlə biqeyrətü bihümmət olub xəlqi-cahan.
Cümləsi cifə üçün badə verib iymani.
Cəm olur on iki adəm ki, filani bəydir,
And içirlər qoyuban ortalığa Qurani.
Biri bəy olmaq üçün on ikisı kafər olur,
Tutar axır olan həm qəzəbi-rəbbani.
Bunların başçısı məlum çopur Əhməd bəydir,
Nəsli-insanda əcəbdir görürəm şeytani.
Ələ düşməz belə mərdudi-əzazilsurət,
Zahir eylər bu köpək aləm-ara Mərvani.
O qədər var təməi, molladan artıq həqqa,
And içər ovcuna bassan bir uduş həlvani.
Atası Sadiq, özü bəs nə üçün kazibdir,
Bilir anası ki, hardandı munun nöqsani.
Birisi Kəblə Hüseyn bəy Nəzər oğlu xudkeş,
Ona Hacı Kamal oğlu ola bilməz sani.
Doğrudur, Hac Kamal oğlunda da var bir belə iş,
Vəli məşhur deyil aləm ara dastani.
Çünki təlimini bu qardaşı Sadiqdən alıb,
Hər nə iş tutsa, otağında tutar pünhani.
Birisi ol Hacı Əhməddi ki, var sahibi-riş,
Yaxşı eşşəkdi, vəli yoxdu onun palani.
Hər zaman istəsələr şahid onun bəyliyinə,
Gətirər ortalığa kövrük ilə sindani.
Yəni rəhmətlik atam da mənim ahəngər idi,
Kəsib eşşək nalı çox Mustafa xan dövrani.
Hər uzun saqqal əgər lazımədir bəy olsun,
Bəs neçün bəy eləmir Mahmud ağa Kuzmani?
Barilaha, bu kvartalnini çox görmə bizə,
Əhli-dərdin o kərəmpişədi çox dərmani.
Hamıdan yaxşı budur Hacı Manaf da boy olub,
Gör mən indi edərəm gorbagor ol uryanı.
İddəası budu xanzadeyi-əslü nəsəbəm –
Ki, tərəqqi eləyib hiç bəyənməz xani.
Biri qardaşı Məmiş, əl çəkib ondan şeytan,
Bəyliyin şövqi ilə çıxdı onun həm cani.
Var imiş bəyliyinə əldə şəhadətnamə -
Ki, veribdir mənə şəh xalisə ol Zəngani.
Birisi Haci Kazımdır, özü çuban oğlu,
Tanımaz düzmü o dörd min qoyunun çubani?
Vardı bir validəsi, adı onun Kövsər idi.
Əhli-Qələbazar üçün bişirərdi nani.
Birisi Hacı Türab oğlu Qurutdi Məmməd,
O, neçün bəydü, görək, kim bəy edibdir ani?
Hansı dəvadə görək tiğ çəkib, baş kəsdi?
Hansı rəzm içrə alıbdır alinə qalxani?
Ay uşaqlar, mənə izhar eləyin, yoxsa budur,
Fəth edən Ağqoşanı, Darğuni, Dağıstani?
Bir yetim tifl idi açıq, başı keçəl,
Küçələrdə dolanırdı, yox idi tumani.
Nənəsi saxlar idi bir sürü Təbriz toyuğu,
Döşəyi yırtıq həsir.... güvəc qazqani.
Hacsəməd oğlu Qədir həm döşədir küçələri,
Əliqəribdir, o da boynundan asar xaltani.
Atası çün eşidib oğlunun bəy olduğunu,
Qəbr içində fərəhindən piləyir zurnani.
Biri lahic Hacı Qasımdı ki, dağlar ayısı,
Bilmirəm bəyliyi neylir bu çölün heyvani?!
İnciyibdir, belə məlum, duz əkməklikdən,
Girdmanə buraxım mən bu köpək toplani.
İki dibdat*, müəyyən ki, olar da bəy olub,
Oların vəsfi gərəkdir oluna tulani.
Biri nəvvadeyi-dəllək Səfər, adı Soltan,
Bəli, əlhəq odu əsli-nəsəbin soltani.
Pul yeməkdən ötəri ta ki olubdur dibdat,
Çevirir, axşamacan fikr qılır, çortkani.
Edib ülgüc-bülövün babasının dəstaviz -
Ki, mənəm fəxri-cahan, mən təki bəyzadə hani?
Əcəb övlad qoyub getdi, o dəllak Səfər,
...quyusuna salım mən belə başqırxani!
Biri Abbas, özü xənnas, deyir mən də bəyəm,
Bilmirəm kim boy edibdir bu çolaq qarğani?
İstəyir bir qıç ilən gör bu da bəylik eləsin,
Kül sənin başuva Şirvan, əcəb oldun fani!
Mən eşitdim ki, Abbasın babası çərçi imiş,
Gətirirmiş bazara satmaq üçün çolpani;
Ağsu şəhrində cuhud kimi qabağında eşək,
Doldurub suzənü qeytan ilə ol torbani.
Min manatdan yuxarı xərc elədi həm Ağa bəy,
Dedi ya çin gəli, ya xaç, ya əmim ehsani.
Bəyliyə şövq eləyir həm Aşur oğlu Ağa bəy,
Heç utanmır ki, atası çağırır "tehrani"**
Getdi həccə atası ta oluma hacı xitab,
Kim ona hacı desə, bil ki, deyir böhtani.
Biz də bir neçə nəfər əzmimizi cəzm etdik,
Səbt edək möhrümüzü, bəy eləyək Xancani.
Bir də ol ali nəsəb, cümlə cahan içrə nəcib,
Səbzəmeydani Məşo oğlunu - Ağ Qurbani.
Bəy olan kimsənənin xalisəvü kəndi gərək,
Bəy nədir kəsdirə karvansaralar dalani?
İki kəs var ki, bəli, onlara bəylik yaraşar,
Sahibi cudü səxa, rəhmü mürüvvət kani.
Var bu bəylər kimi çox alinəsəblər, oların,
Sidqü ixlas ilə dərgəhlərinin dərbani.
Biridir Hacı Ağa bəy, biri Ağa Rza bəy,
Onların yavəri olsun kərəmi-rəbbani.
Seyyida, sən bu iki sərvən-alınəsəbın,
Mədhü övsaflərin gün kimi qıl nurani.

___________
*deputat
**Yəni ağ tut satır

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG