Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:25
Etimad Başkeçid


OLMASIN QOY…


olmasın qoy,
olmayacağa çarə yoxsa,
biz oyuq,
yalnızca bizə aiddir bu xüsus –
biz Tanrıya əmanət elədik hər şeyi,
intiqam da, əcr də ona məxsus.

biz zatən çox şeylər gördük, keçirdik
qəriblik,
evsizlik,
işsizlik, işsizlik…
sonra evimiz oldu, indi işimiz də var
amma, yenə
harda qərib, evsiz, işsiz görsəniz
o bizik, o bizik, o bizik…

o bizik,
yol boyu, yollar uzunu
dəmir əsamızla omuz-omuza
biz bütün təhqirləri yükləndik,
götürdük,
və bir eyyub səbrilə daldıq sonsuza.

olmasın qoy,
olmayacağa çarə yoxsa,
biz oyuq,
yalnızca bizə aiddir bu xüsus –
biz Tanrıya əmanət elədik hər şeyi,
intiqam da, əcr də ona məxsus…


DÖSYE

doğum ili 1970.
atası…
anası…
nə qardaşı var, nə bacısı
orta məktəbi 1988-də bitirmiş.

getmək varkən durub-durmağa nə hacət,
18 yaşında evi tərk edib getmiş
(hankı səmtə, hankı yana – Allah bilir),
Qırmızı Vəli derlərmiş adına –
hər kəsin haqqında üzünə deyirmiş.

ardı-sıra gələnə-gedənə, ötənə
atası şəklini göstərirmiş
anası həftədə, on gündə bir,
onun evdəki paltarlarını
yuyurmuş, sərirmiş…

öldüyü il 1995,
hər kəsin başına gələcək bir iş,
1995-in qışında
Rusiyanın hansı vilayətindəsə
vurub öldürüblərmiş…


BU HƏR ÜZÜ BƏLLİ DÜNYADA


bu hər üzü bəlli dünyada,
dünyada, dün…
usandım açıq qapılara təpilməkdən.
nə gördün,
hey, qara öfkə mənə ulaşan?
gedib də geriyə dönməyəcəyim günün
sağlığına içmək istəyirəm bu axşam.

gəl, sevdiciyim dost,
bəs hal bu, qəziyyə bu,
qeyb olmuş birdən-birə,
heç olmamış kimi,
ikram qəbilindən endirilmiş o xüsus.
buyur, oysa, bu mən, bu yeyib-içəcəklər,
könül süfrəsi deyil əlbət, deyil əfsus,

…bu qara-qışa qənim tumurcuq alayı,
ağacın dalları səpmiş üzdən dolayı.
tumurcuq kimisən sən də,
hələlik tən içrə tənsən.
don vurmasa,
ya sərçələr dimdikləməsə,
xəyallar necə şəkillənir, görəcəksən…


ELƏ BİR YURD,
ELƏ BİR MƏMLƏKƏT Kİ…


… yerdən yerə yapıxmış eni-boyu,
susqun,
daş kimi, kəsək kimi xamuş,
elə bir yurd, elə bir məmləkət ki,
daşı-torpağı torbayla daşınmış

bilinməzin bitməyən şövqü,
işbu,
bir yol öcəşmiş çölünə-düzünə.
elə bir sevgili ki, ürəyi daş
elə bir dost ki, daş yamanmış üzünə.

harda pir,
harda niyyət,
harda Əhlət!
yolçu istəməsə də yol gözləməz-
qədərilə baş-başa qalmış yolun
ən sadiq yolçusu daşdır əlbət.

yerdən-yerə yapıxmış eni-boyu,
susqun,
daş kimi, kəsək kimi xamuş.
elə bir yurd,
elə bir məmləkət ki,
daşı-torpağı torbayla daşınmış…


BROY

yanlarını basa-basa
bir araba da keçdi ömrümdən
bir misir eşşəyinin yedəyində.
sənin gözəlliyin, yahu,
arabanın ləngərinə bulaşdı.

bəbək arzumanı, cocuq dərdlisi,
yer hay, məlum, dərdlisi, broy.
iblisin qanlısı, xudaya – tərəf
Xudaya broy, broy!
büründü, büküldü nimdaş kəfənə,
yer hay, məlum, dərdlisi, broy,
üz qoydu peşiman üqbaya tərəf.
üqbaya, broy, broy!

göylərə uçmaq iddiasilə
bir ölü də soxuldu torpağa,
ancaq, bununla da tamamlanmadı
bir damcı bulanıq suyun tarixçəsi.

qoca qurdun yırtıq-yamaq səsi
aşağı kolluqlara ilişib qaldı,

ama, yol güdənlər, bərə pusanlar,
yer hay, məlum, pusanlar, broy,
Tanrı tanımazlar, laf anlamazlar,
laf broy, broy!
kimlər ölümünə pənah aparır,
yer hay, məlum, anlamazlar, broy,
ölsə ölüsünü urvatlamazlar,
qal, broy, broy!

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG