Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:37

Elnaz Eyvazlı "Qadın" (Hekayə)


Çaydanı qazın üstünə qoyub yataq otağına keçdi.

Qapının astanasında durub yatmış ərinə baxdı. Fısıltısı otağı başına götürmüş kişinin sinəsindən gələn xırıltı qadını vahiməyə salırdı.

Ona elə gəlirdi ki, əri qəfil gözlərini açıb üstünə atılacaq.

Əvvəl var gücü ilə sifətinə bir şillə endirəcək, dilini dişlərinin arasında sıxıb yumruğunu düyünləyəcək və aşağı endirmək qorxusunu bir neçə sanıyə ona yaşadacaq, ancaq endirməyəcək.

Həmişə belə edirdi, sanki qadının qorxu ilə altdan yuxarı ona baxıb var-gücü ilə : “nə istəyirsən məndən?”- deyə çığırmasından ləzzət alırdı.

Sonra qadın müvazinətini saxlaya bilməyib dizləri üstə yerə çökəcək. Bu dəfə də əri bir təpik ilişdirib: “ayağa dur, artistlik eləmə,”- deyəcək.

Qadın boğula-boğula ağlayacaq. Bütün bunları dəfələrlə yaşayan qadının indi ən böyük arzusu bu idi ki, əri heç vaxt yuxudan ayılmasın. O, hələ də bu adamla niyə evləndiyinin səbəbini aydınlaşdıra bilmirdi. Əvvəllər ona elə gəlirdi ki, onsuz yaşaya bilməz.

Evləndikdən sonra ona olan hisslərinin heç də sevgi olmadığını dərk etməyə başlayırdı.

Bəlkə də, Qadın onu sevmişdi, ancaq baş verənlər onun fikrilərini alt-üst edir, yanıldığını düşünməyə məcbur olurdu.

Hər dəfə əri ilə üzbəüz oturanda gözlərini ondan çəkmədən düşünürdü:”Sən mənim həyatımın ən böyük səhvisən”.

Gündüzlər evdə tək qaldığından düşünməyə doyunca imkanı olurdu. Bütün günü ürəyində özü ilə danışdığından, hərdən ona elə gəlirdi ki, dəli olur.

Tələsik cumub pəncərəni açır, ciyərdolusu nəfəs alır, gözlərini yumub bir qədər belə dayandıqdan sonra özünə gəlirdi. Var gücü ilə çığırmaqdan özünü zorla saxlayırdı.

Ərinin aradabir ona: ”xoşbəxtsən?” – deyə verdiyi sualına verdiyi cavabın əzabını çəkirdi.

Axı nə vaxta qədər yalan danışacaqdı, nə vaxta qədər bu əttökən suala yalandan:”hə”- deyib gözlərini gizlədəcəkdi?!

...Qadın barmaqlarının ucunda ərinə yaxınlaşdı. Əyilib diqqətlə üzünə baxdı. Əlindəki bıçağın dəstəyini var qüvvəsilə barmaqlarının arasında sıxıb başı üzrərinə qaldırdı...

***

Saat beşə işləyirdi. Səhərin açılmasına az qalırdı. Ərindən hələ də səs-soraq yox idi. İşıqları söndürüb yatağına girdi.

Yata bilməyəcəyini bilsə də, özünü məcbur etmək istədi. Bir xeyli o tərəf-bu tərəfə vurnuxdu.

Yata bilmədi ki, bilmədi. Ayağa qalxıb xalatını əyninə keçirdi. Pəncərəyə yaxınlaşdı. Bayırda darıxdırıcı sükut hökm sürürdü.

Qarşıdakı binada tək-tük evlərdən işıq gəlirdi. Yuxunun bu şirin vaxtı kim idi oyaq? Geri, qapıya sarı boylandı.

Dəhliz qaranlıq olduğundan heç nə görə bilmədi. Birdən bədəninə murdar bir üşütmə gəldi.

Elə bildi ki, bu qaranlıqda kimsə qapının astanasında dayanıb ona baxır. Qarnının altından küt bir ağrı tutdu.

Bu ağrı, qorxusunu yadından çıxardı. İki əli ilə qarnının altından tutub taxtın qırağında oturdu.

İkiqat olub qarnını qucaqladı. Sanki evdə tək olmadığını, bətnindəki körpənin də bu hissləri, qorxunu onunla birlikdə yaşadığını indi başa düşdü.

Elə bu vaxt evin qapısı astadan döyüldü. Qadın qəfildən ayağa qalxdı. Qarnının içi göynədi.

Özünü dəhlizə atdı ki, qapının döyülməsini qonşular eşitməsin. Astadan: “Kimsən?”-dedi.

Əri güclə eşidiləcək səslə: “Mənəm,”- deyə cavab verdi. Qadın tez qapının cəftəsini çəkdi.

Heç nə olmamış kimi özünü içəri salan ərinə narahatlıqla: “Hardasan, -dedi, - səhər açılır”.

Əri heç halını pozmadan: “Uşaqlarla çayxanada oturmuşduq, noolub ki?” –deyə suala sualla cavab verdi.

- Heç nə olmayıb, sadəcə səndən nigaran idim. Dedim, görəsən, başına nə iş gəlib.
Əri birbaşa yataq otağına keçib paltarını soyundu.

Özünü guppultu ilə taxtın üstünə salıb gözlərini yumdu, qollarını yana açaraq: “Gəl yanıma,”-dedi. Qadın xalatını çıxara-çıxara:

- Heç soruşmursan necəsən, səhərdən evdən çıxansan, bir demirsən ki, birdən sancım-filan tutdu, mən neynəyəcəm?

- Görürəm ki, yaxşısan da.

- Bəs birdən...

- Yaxşı da, az danış, gəl...

Qadın tumbanın üstündəki lampanı söndürüb yerinə girdi.


***

Yuxudan səksənib ayıldı. Yuxulu-yuxulu əlini ərinin yastığına atdı. Əri elə yatmışdı ki, evi söküb aparsaydılar xəbəri omazdı.

Ehmalca ayaqlarını taxtdan aşağı salladı. Oturduğu yerdə dartındı. Bütün bədəni sızıldayırdı.

Bir yandan yuxusuzluq, bir yandan bədəninin ağrısı onu lap əldən salırdı. Ayağa qalxmaq istədi. Əri qəfil onun qolundan tutdu. Qadın diksindi.

- Neynirsən?

- Hara gedirsən?

- Hamama.

- Getmə.

- Niyə?

- Səni istəyirəm.

- Xəbərin var saat neçədir?

- Olsun da.

- Necə yəni olsun? Birdən evə gələn oldu, dur ayağa.

Əri var gücü ilə onu özünə tərəf dartdı. Qadın onun qolları arasında çox gücsüz olduğunu başa düşürdü. Ona görə də müqavimət göstərmədi.

***

Səhər yeməyi hazır idi. Qadın masa arxasında oturub ərini gözləyirdi.

Əri hamam xalatında başını qurulaya-qurulaya stulu çəkib oturdu.

Qadın əlini süfrəyə uzatdı. Əri hazır süzülüb qoyulmuş çaya, qaynar tavada cızıltısı kəsilmək üzrə olan yumurtaya baxıb sanki nə isə fikirləşirdi. Qadın:

- Nə fikirləşirsən, başla da, - dedi.

- Baş üstə!

O, iştahla yeməyə başladı. Heç biri danışmırdı. Əri gözlərini Qadından çəkmirdi. Qadın bu baxışların altında artıq sıxılmağa başlayırdı.

- Nə olub?

- Heç nə, nəsə olmalıdı?

- Niyə elə baxırsan?

- Baxıram da, baxmaq olmaz?

- .......

- Gecə mənə nə deyirdin sən? – deyə əri qəfildən soruşdu.

- Nə deyirdim ki?

- Mən evə gələndə, qapıdan içəri girən kimi nə dedin? Harda qalmısan bu gecə vaxtı?

- Başa düşmədim, soruşmağa haqqım yoxdu? Ərim səhərə yaxın evə gəlir, dörd divar arasnda çırpına-çırpıına qalmışam, soruşa bilmərəm ki, hardan gəlirsən? Bəlkə, başına bir iş gəlib...

- Yox! Soruşa bilmərsən! Haqqın yoxdu! – deyə o bağırıb əlini stola çırpdı.
Qadın diksindi.

- Sənə nə olub? Heç bunu soruşanda belə hirslənmədin, üstündən neçə saat keçib, indi yadına düşdü?

- Hə, indi yadıma düşdü. Nə vaxt istərəm, onda da soruşaram, başa düşdün! Sən məndən soruşa bilməzsən hardan gəlirəm. Özüm bilərəm, hara istərəm gedərəm, nə vaxt istərəm gələrəm! Qızam mən? Gec gəlsəm nə olacaq, məni tutub zorlayacaqlar? Sən mənə göstəriş verəcəksən?

Qadın yerindən qalxıb pəncərəni örtdü.

- Pəncərəni niyə örtürsən?- kişi gözlərini bərəldib soruşdu.

- Elə-belə.

- Necə yəni elə-belə? İstəmirsən qonşular səsimi eşitsin

O, oturduğu yerdən uzanıb pəncərəni açdı. Qışqıra-qışqıra:

- Ala, qoy eşitsinlər, cəhənnəmə eşitsinlər, qara gora eşitsinlər. Qonşuların da
var-yoxunu...

Qadın yerindən qalxıb yataq otağına keçmək istədi. Əri dalınca:

- Hara gedirsən?

- Başım hərlənir, uzanmaq istəyirəm.

- Heç hara getmirsən, gəl otur çörəyini ye.

- Yemək istəmirəm, iştaham yoxdu, ürəyim bulanır.

- Qorxma, ölməzsən, gəl otur burda.

Qadın qapının kandarında dayanıb ərinin qan qoymş gözlərinə baxdı. Nə edəcəyini, hara gedəcəyini bilmədi. Otursun neynəsin, getsin neynəsin.

O, qəfildən iti addımlarla yataq otağına sarı getdi, qapını dalınca çəkib üzü üstə taxta sərildi. Əri bayaqdan bunu gözləyirmiş kimi, özünü otağa saldı.

- Dur ayağa!

- ...

- Dur ayağa eşitmirsən?

Qadın yerindən tərpənmədən var gücü ilə:

- Durmuram! Durmuram! Əl çək məndən! – deyə qışqırdı.

Əri əvvəlcə gözlərini döydü, sonra:

- Necə yəni durmuram?! – deyə özünü qadının üstünə atdı. Onu arxası üstə çevirib var qüvvəsi ilə Qadına bir şillə endirdi.

- Dur ayağa!

- ....

- Eşitmirsən?
- ...
Qadın cavab vermədi, çünki heç nə hiss etmirdi...

***

Yuxuya getmiş körpənin əllərini sinəsindən ayırıb, döşünü onun ağzından çıxardı. Ehmalca götürüb yerinə qoydu.

Əyilib totuq yanaqlarından öpdü, qoxusunu ciyərlərinə çəkdi. Qapını yavaşca örtüb ayağını çəkə-çəkə otaqdan çıxdı.

Əri televizora baxırdı. Qadın otağa – ərinin yanına getdi. Neçə gün idi bir-birilərini yaxşı görə bilmirdilər.

Üç gün idi ki, ana olmuşdu. Körpəsini çox çətinliklə gətirmişdi dünyaya.

Həkimlər ikisindən birinin sağ qalacağını desələr də, möcüzə nəticəsində hər ikisi xilas olmuşdu. Qadın qızının doğulmasına sevinə bilməmişdi.

Əri hər dəfə ona xatırlatdıqca ki, qızın olsa, xəstəxanadan atan evinə gedərsən, o, ana olmaqdan qorxurdu. “Birdən qızım oldu?

Birdən oğlum olmadı, mən neynəyəcəm?- deyə özünü sualarla dəng edirdi. Amma həkim ölümlə həyat arasında çırpınan qadına: “Qızın oldu, gözün aydın!”-deyəndə bütün ağrılarına rəğmən yerindən dik atılıb göbəyi hələ kəsilməmiş körpəsini görmək istədi.

Qışqırıb : “Ola bilməz, ola bilməz!”- demək istəsə də, bacarmadı.

Bir yandan çəkdiyi ağrılar, bir yandan da övladının qız olması onu yenidən arxası üstə sərdi.

Zarıyıb başını yana çevirdi. Elə bu an qarnının üstünə düşən isti bir şey onu qucaqladı.

Diksinib başını qaldıranda gördü ki, körpəsi sanki sürüşüb yerə düşəməmk üçün isti əlləri ilə onun qarnını qucaqlamaq istəyir, ancaq əlləri sürüşdüyündən yumşaq, uzun dırnaqları onu qıdıqlayırdı.

Bu istilik onun bütün vücudunu sardı, qəlbinə yayıldı.

Birdən-birə o, körpəsini qucağına almaq, sinəsinə sıxıb onu üşüdən fikirlərdən qurtulmaq istədi. Həkim körpəni Qadının üstündən götürüb gülə-gülə:

- Deyirlər körpə doğulan kimi anasının qarnı üstünə qoyulanda anasını daha çox istəyir, - dedi.
Körpəni bir göz qırpımında bələyib yan stolun üstünə qoydular. Qadın qızına tərəf boylandı.

İstədi desin ki, yanıma qoyun, utandı. Körpə elə bir ağız doğulanda ağladı, sonra heç səsini də çıxartmır, hələ anasından başqa heç nəyi ayırd etməyən gözləri ilə ətrafı “seyr edirdi”.

Sanki doğulduğuna, özü də qız olduğuna utanırmış kimi, səsini içinə qısıb lal-mat dayanmışdı.

Onunla eyni vaxtda anadan olan oğlan uşağı ara vermədən cır səsi ilə çığırır, sanki hamıya “Mən oğlanam, mən kişiyəm!”-deyə acıq verirdi.

Qadın qızının yanında bar-bar bağıran bu oğlan uşağının qalibanə hayqırtısına dözə bilmirdi. O, öz zavallı körpəsinə baxıb düşünürdü: ”Səndən ötrü nəinki atam evinə, cəhənnəmə də getməyə razıyam.

Cəhənnəm olsun hər şey, səndən ötrü yaşayacam, yaxşı ki, sən qızsan, sən mənim qızımsan, öz qızım”.

Birdən ona elə gəldi ki, körpəsi doğulmazdan əvvəl atasının dediklərini eşidib, ona görə belə susur. Qadın üzünü yana çevirib əlinin arxası ilə gözünün yaşının sildi...

Əri divanda uzanıb ayaqlarını divanın qoltuq yerinə qoymuşdu. Qadının otağa gəldiyini görsə də, özünü o yerə qoymadı. Qadın onun yerindən tərpənmədiyini görüb yerdə, xalçanın üstündə oturdu. Zorla ayaqlarını qarnına tərəf yığdı. Ağrıdan ufuldadı. Əri gözüucu ona baxdı.

- Nə oldu?

- Heeç...otura bilmirəm...

- Böyük şey olub.

- O nə deməkdi?

- Necə yəni nə deməkdi?

- Mən ölümün cəngindən çıxmışam, sənin dediyin sözə bax.

- Qəhrəmanlıq eləmisən! Narkomanların, alkaşların arvadı bir qucaq oğlan doğur, mənim arvadım qızı doğub gəlib üstümə. Nə istəyirsən, könlündən nə keçir? Səni qucağımda gəzdirim?

- Bəsdi, uşaq yatıb.

- Cəhənnəmə yatıb, qara gora yatıb.

- Elə demə, Allaha acıq gedər. O qızın bir dırnağından ötrü qurbanı bağlı qalıb, evi dağılanlar var. Sən nə danışdığını bilirsən?

- Kimə acıq gedər? Allaha? Sənin də, sənin Allahının da....Allah niyə sənə oğul vermədi, hə, niyə? Verəydi də, ölürsən ondan ötrü.

- Elə danışma, uşağa bir şey olar.

- Pah! Oğlan uşağı deyil ki, olsun da...

Qadın göz yaşlarını saxlaya bilmədi. Ayağa durmaq istədi. Ağrıdan inildəyib aşağı çökdü. Başını dizlərinə doğru əydi. Ağrıdanmı, ya ağladığındanmı zarıdı.

***

Mətbəxə keçdi. Pıqqapıqla qaynayan çaydanın buxarı otağa dolmuşdu. O, çayı dəmə qoydu, qaza söykənib dəmlənməsini gözlədi.

Vaxt ona o qədər uzun, zəhlətökən gəlirdi ki, elə bil bir neçə dəqiqə yox, bir-neçə il keçdi.

Bayaqdan süzüb stolun üstünə qoyduğu çay soyumuşdu.

Düşünə-düşünə stəkanı o yan-bu yana fırladır, gözlərini bir nöqtədən ayıra bilmirdi. Artıq neçənci dəfə çayı dəyişib təzələdyini xatırlamadığına görə əsəbiləşirdi....

Qonaq otağının qapısını örtdü, yazıq-yazıq ona baxıb ağlayan körpəni sinəsinə sıxdı ki, əri səsə ayılmasın.

Bilirdi ayılsa : “Görmürsən yatmışam, niyə kəsmirsən bunun səsini?”- deyə bağıracaq.

Qadın da cavab verə bilmədiyindən bütün hirsini, acısını içinə vurub özünü didib-dağıdacaq.

Möhkəm çığırmaq istəyəcək, üstünə yüyürüb var gücüylə onu yumruqlamaq, yumruqlamaq, bütün hikkəsini, hirsini çıxarana qədər yumruqlamaq istəyəcək, ancaq bacarmayacaq.

Yataq otağının qapısı cırıldadı. Qadın gözucu qapıya tərəf baxdı. Əri qapını açıb içəri boylandı. Yatmaqdan gözləri, dodaqları şişmişdi. Qadın başını qaldırmadı. Əri heç nə olmamış kimi soruşdu:

- Neynirsən?

Qadın mızıldana-mızıldana cavab verdi:

- Heç nə.

- Nə olub, niyə burnunu sallamısan?

- Özün yaxşı bilirsən.

- Nəyi bilirəm, nəyi? - deyib özünə divanda, qadının yanında yer elədi. Əlini onun belinə keçirib, boynundan öpmək istədi. Qadın əlilə yüngülcə, bir az da qorxa-qorxa onu itələdi. Kişi onu özünə sıxdı.

- Yanıma gəl, gəl bura.

Qadın ayağa qalxdı, körpəni aparıb çarpayısına qoydu. Otaqdan ərinin səsi gəldi:

- Çay gətir.

- Gətirirəm,- deyə Qadın həvəssiz-həvəssiz cavab verib mətbəxə keçdi. Həmişəki kimi çaydan qazın üstündə isti idi. Çayı həmişə hazır olardı. Əvvəllər o, bütün ev işlərini sevə-sevə eləyərdi, həmişə deyərdi ki, ailədə hər şey məhəbbətdən doğmalıdır. Çay da, yemək də, yuyulmuş paltarlar da, təmizlənmiş ev də, elə övlad da. Məhəbbətsiz görülən işdən iş olmaz. Ancaq indi ona daha çox əziyyət verib incidən, ərinin tənələri, təhqirləri deyil, gördüyü bütün işləri sevgisiz, candərdi eləməsi idi. Gördüyü heç bir işdən zövq ala bilmir, hər işi həvəssiz görürdü.

Adəti üzrə, məcməyiyə çayla bərabər bir qənddanda qənd, birində konfet, bir boşqabda da şirniyyat qoyub otağa keçdi. Məcməyini stolun üstünə qoyub dönəndə əri qolundan tutdu:

- Sən Allah sənə nə olub?

Qadın gözlərini qırpmadan ərinin üzünə baxdı. Onun söydüyü söyüşlər, təhqirlər Qadının qulaqlarında hələ də əks olunarkən, O artıq nə etdiyini belə unutmuşdu. Qadın cavab vermədi, qolunu onun kobud və güçlü əlindən dartıb aldı və yenidən mətbəxə qayıtdı. Əslində mətbəxdə heç bir işi yox idi. Birdən ərinin ayaq səslərini eşitdi. O, mətbəxə gəlirdi, özü də çox hirsli gəldiyini ayaq səslərindən ehtimal etmək olardı. Qadın nə edəcəyini bilmədi. Artıq yorulmuşdu. Hiss edirdi ki, hər şeyin sonudur və o son çox yaxınlıqda, bir addımlıqdadır.

Kişi mətbəxə keçdi. İki otağın arasındakı beş addımlıq yol qadına nə qədər zəhlətökən, uzun göründü.

Az qala qışqırıb : ”Nə eləyəcəksən, tez elə, bitsin hər şey,”- demək istədi, ancaq buna ehtiyac qalmadı.

Əri onun hər iki qolundan tutub var gücü ilə sıxdı və özünə çəkdi. Qadına elə gəldi ki, qolları dibindən üzüldü.

Kişi gözlərini onun gözlərinə dikib dəli kimi bağırmaq istədi, ancaq astadan pıçıldadı:

- Məndən boşansan, harada rastıma çıxsan, səni öz əllərimlə yortacam, küçənin ortasında da olsa, qanına qəltan edəcəm.

Qadın sakit, heysiz halda:

- Kim dedi ki, mən səndən boşanıram? - dedi.

- Heç kim, amma bir sözdü də deyirəm, yadında saxla, - dedi və onu özünə sıxdı.
Qadın, sanki indi başa düşdü ki, bir zamanlar nəfəsindən belə sevgi ətri duyduğu kişidən nə qədər iyrənir. Hətta üzünə tüpürüb onu rədd edəcək qədər, lakin hisslərini büruzə verə bilməzdi, buna ixtiyarı yox idi, axı o, öz hisslərinin və arzularının deyil, onun qulu idi. Bunu anlamaq və qəbul etmək nə qədər ağır, cansıxıcı idi. Qadın boğula-boğula başını onun sinəsinə qoydu. Əri Qadının onu tərk edəcəyini düşünəndə özünü alçalmış hiss edirdi. Onu da bilirdi ki, hədə-qorxuları ilə özünü sığortalayıb, Qadını qabaqlamaq istəyir. Qadın isə finalı görürdü artıq, çünki bu final indi daha çox ondan asılı idi. Buna bircə həmlə kifayət idi. Əslində, o, növbəti dava-dalaşı arzu edirdi. Arzu edirdi ki, yenə aləm qarışsın bir-birinə, əri yenə üstünə şığıyıb var qüvvəsi ilə ona bir-iki şillə ilişdirsin. O, da özünü saxlaya bilməyib dizləri üstə yerə düşsün. Bundan sonra əri qapını çırpıb gedəcək, O da həmişəki kimi üzünü əllərinin arasına alıb əvvəl boğula-boğula, sonra da hönkürə-hönkürə, yana-yana yorulub əldən düşənədək ağlayacaqdı. Sonra ayağa qalxıb bir xeyli güzgü qarşısında duracaq, qızarıb şişmiş gözlərinə baxacaq, baxacaq, öz-özünə: ”Bir də, bir də belə olsa, çıxıb gedəcəm,”- deyib yenə də nəyisə gözləyəcək. Niyə bu evi tərk etməyə cürəti çatmırdı, nə idi onu bura bağlayan, özü də bilmirdi. Bircə onu bilirdi ki, bu hiss hər nədisə, artıq sevgi deyil.

Bir dəfə əri ilə yola getməyən yaxın rəfiqəsi ona demişdi ki, mən artıq ərimi sevmirəm, məni ona bağlayan yataqdan başqa bir şey deyil.

Özünə də demişəm ki, mən səninlə ancaq buna görə yaşayıram.

Qorxuram ki, ayrılam, sonra da özümü saxlaya bilməyib özgə kişilərlə yatıb-eləyərəm, biabır olaram.

Elə halal ərimsən də, ona görə də biz bir yerdəyik. O zaman Qadın hələ ailə qurmamışdı, bu söhbətin mənası ona çatmamışdı.

Ancaq başa düşə bilmirdi ki, necə ola bilər ki, sevmədiyin biri ilə bir tavan altında yaşamağa məcbur olasan, özü də gör nəyin xətrinə. İndi öz başına gələnlərdən sonra subay vaxtı onu heyrətləndirən bu məsələni daha yaxşı dərk edir, fikrində qalırdı.

Çünki sevgisi öldükcə onun üçün ən dözülməz əzab gecənin düşməsi, ərinin onu qucağına alması idi.

Gecədən-gecəyə, yalnız yataq otağında nəvazişin, sevginin nə olduğunu xatırlayan bu adamdan o qədər çirkinmişdi ki, özünü halal-hümbət ərinin qucağında küçə qadını kimi hiss edir, özünə nifrət edirdi və dərk edirdi ki, belə yaşamaq olmaz.

Getdikcə rəfiqəsini anlamırdı.

***

“Yox, bunun əcəli mənim əlimdə tamam olacaq. Özü də bu gecə, bu gün. Sən sabahı görməyəcəksən”.

Öz-özünə ürəyindəkiləri dilinə gətirdi. Öz səsindən özü diksindi. Lakin əri ölü kimi yatmışdı. Ərinin belə möhkəm yatması onu bir az da ürəkləndirdi.

Gözünə heç nə görünmürdü.”O, ölər, məni də həbsxanaya salarlar. Uşağı da uşaq evinə.

Vaxt tez keçir. Çıxaram, sonra gedib uşağımı alaram hökumətdən. Baş-başa verib qalan ömrümüzü yaşayarıq”.

Körpənin səsi onu fikirdən ayırdı. Tez onu qucağına alıb sinəsinə sıxdı. Qonaq otağına keçdi.

Əlindəki bıçağı stolun üstünə qoydu. Televizor açıq idi. Film gedirdi. Ayaqüstə bir az baxdı.

Nəsə maraqlı gəldi. Deyəsən, təzə başlamışdı. Divanda oturdu. Maraqla filmə baxmağa başladı.

Gecənin bir yarısı idi. Qadın saata baxdı.

- Ay aman, saat üçdü ki!- dedi özü-özünə - mən neynəyim?

O, nə edəcəyini bilmirdi. Baxdığı film fikirlərini tamamilə alt-üst etmişdi.

Filmin baş qəhrəmanı ərinin zülmlərindən təngə gəlib onu qətlə yetirən qadın idi. Onun həbsxanada yaşadıqları Qadını sanki yuxudan ayıltdı.

Həyatını məhv etmək, ömrünün ən gözəl çağlarını dörd divar arasında keçirmək, övladına lazım olan vaxtlarda onun yanında olmamaq....

Bütün bu fikirlər sanki ona bir şillə kimi dəydi. Ürəyi sinəsində yaralı quş kimi çırpınmağa başladı.

Otaqda var-gəl etdi. Nə edəcəyini bilmirdi. Ancaq nəsə eləməliydi, özü də bu gecə.

Barmaqlarının ucunda yataq otağına keçdi. Ərinin nəfəsinə qulaq asırmış kimi ona sarı əyildi. Yox, bərk yatmışdı, ayılana oxşamırdı.

Ana-bala özlərinə lazım olan bəzi vacib pal-paltar və əşyaları qaranlıqda əlhavası çantaya yığdı.

Otaqdan çıxanda dönüb ərinə baxdı. O, hələ yatırdı...

Uşağı yorğançasına büküb bağrına basdı.

- Bağışla məni, balaca, başqa çıxış yolum yoxdur. Sən məni başa düşəcəksən,- deyib körpənin alnından öpdü.

Son dəfə evinə baxdı, hər tərəfə göz gəzdirib, işığı söndürdü.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG