Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:10

ŞƏMŞAD “Televizor Xammirzə” (Yumoristik hekayə)


Onun adı Xammirzə deyildi, Xanmirzə idi...

Amma əliqurumuş “damkom” səhvən “n” hərfini “m” hərfi ilə qarışdırıb kişinin adına qəsd etmişdi.

Sanki bütün uğursuzluqları buradan başlamışdı. Həmişə buna görə xəcalət çəkərdi. Dağ boyda kişi bir hərfin zibilinə düşmüşdü.

Bəlkə də elə bundan idi, içində “M” hərfinə qarşı patoloji nifrət vardı...

O vaxtlar kəndimizdə ölkə ilə bağlı bütün xəbərləri Xammirzə kişi verərdi.

Biz onda uşaq idik – dərdləri yenicə saymağı öyrənən uşaq. Və elə kəndimizdə tək bir nəfərin – Xammirzə kişinin televizoru vardı.

Ona görə hamı onu “Televizor Xammirzə” çağırardı. Camaata siyasətdən ustalıq dərsi keçən Xammirzə kişi mənim də marağıma səbəb olmuşdu.

Amma mənə çatdıqda nədənsə həmişə bu adın “xam tərəfi” tutardı. Sabirdən o qədər şeir bilirdi ki, sinədəftər idi... Bizə də deyərdi ki, şeir əzbərləyin, gələcəkdə lazım olar.

Gündə nə az, nə çox üç-dörd şeir əzbərləyərdik, fərqi yox idi, mənalı, ya mənasız.

İndiki dillə desək, beynimin yaddaş kartını mənasız söz yığını ilə elə doldurmuşdum ki, indi də “udalit” edə bilmirəm.

Axı, Xammirzə kişi demişkən, “öyrənmək asandı, unutmaq çətin”.

Hər dəfə o şeirlər yadıma düşəndə əsəbiləşirəm. Ha istəyirəm ki, unudam, ancaq “nuxulular”ın şeytanı qəlbindən çıxara bilmədikləri kimi mən də bunu bacarmıram.

Bacarsaydım bəlkə də, Molla İbrahimxəlil kimi çoxdan “mis”i “qızıl”a çevirərdim...
Bir gün məktəbdən çıxıb evə gəlirdim.

Məktəbə gedən yol Xammirzə kişinin evinin qabağından keçirdi.

Həyətdə isə heç kim görünmürdü. Bir neçə gün bu hal davam etdi. Kəndə elə bil ölüm sükutu çökmüşdü.

Dərsdən sonra sinif yoldaşım Qədiri çəkib bu qorxunc sükunətin səbəbini soruşdum. Dedi ki, Xammirzə kişi... ardını deyə bilmədi, boğazını qəhər tutdu. Bir təhər onu sakitləşdirib dilə tutmağa başladım.

Nəhayət, gözləmədiyim cavabı aldım. Çox bikef oldum. Qədir söylədi ki, Xammirzə kişinin televizoru yanıb.

Sonra da köksünü ötürüb ah çəkdi və davam etdi: yazıq kişinin həyatda olan-qalanı elə bircə televizoru idi.

Bu, bütün kənd üçün bədbəxtlik və faciə idi. Onda 3-cü sinifdə oxuyurduq. Dərsdən qaçıb Xammirzə kişinin evinə getdik.

Qapını döyməyə ehtiyac olmadı. Bizi qapının ağzında Xammirzə kişinin sarı pişiyi qarşıladı.

Bu pişiyin də adı Tanya idi. İçəri keçib salam verdik. Xanmirzə kişi odun peçinin böyründə uzanmışdı.

Başı ilə salamımızı alıb yenə susdu. Stolun üstündəki televizorun üstünə isə qara bir kəlağayı örtülmüşdü. Bir müddət üçümüz də susduq.

Birdən Qədir dilləndi ki, “dur gedək”. Xammirzə kişi əli ilə bizə oturmaq işarəsi verdi. Bir az bir-birimizə baxıb oturduq. Birdən sükutun bağrı yarıldı, Xammirzə kişi danışmağa başladı:

- O, televizoru mənə bir rus qadını bağışlamışdı. Bu, ondan mənə qalan son yadigarı idi. Dədəmin qorxusundan ondan ayrılmalı olmuşdum. Çünki dədəm məktub yazıb məni oğulluqdan çıxaracağı ilə hədələyirdi. Mən onu atıb gələndən sonra yazıq dərddən vərəmləyib öldü.

Bunu deyərkən Xammirzə kişinin gözləri yaşardı. Sonra boynuna atdığı əl-üz dəsmalı ilə gözlərini sildi.

Mənə elə gəlirdi ki, o, televizordan da çox həmin rus qadını üçün ağlayır. Amma Qədir bunun tam əksini düşünürdü. Sonra o, davam etdi:

- Əvvəllər bizim kişilər Moskvaya kefə-zada gedərdilər. Qadınlar isə burada qalardı. Axı, bizdə qadının işi “ev işi, paltar tikişi, lobyalı aş, küftəli bozbaş” bişirməkdi. Sonralar ruslardan ayrıldıq. Moskvaya gedənlər azalmağa başladı. Mən də bir daha kənddən qırağa çıxmadım. Çünki camaatın mənə ehtiyacı vardı. Televizoru da qoyub gedə bilmək asan deyildi, bu, kişilikdən olmazdı. Artıq ikinci səhvi edə bilməzdim. Həm də mən getsəydim şəhərdəki hadisələrdən camaat xəbərsiz qalardı. Axı, televizorun nə danışdığını məndən başqa kimsə anlamırdı. Hə, sonralar ara qarışdı. Qarabağ müharibəsi başladı. Kişiləri yığıb davaya apardılar. Ölən öldü, qalan da yarımcan olub geri qayıtdı. İndi ruslarla aramız yavaş-yavaş düzəlir. Kişilər yenə də Moskvaya gedirlər.

Mənimsə Tanyam dünyasını çoxdan dəyişib. Arada yuxuma girib deyir ki, niyə gəlmirsən Moskvaya? İstəyirəm gedəm, onunla gəzdiyim yerləri görəm, ancaq qorxuram.

Axı, indi qadınların bəziləri “dolma bişirmək”lə kifayətlənmir, xaricə-zada gedirlər.

Mən belə şeyləri xoşlamıram. Kişi var ki, səhərdən-axşama qədər küçədə veyillənir, ancaq arvadının səsi, sorağı Türkiyədən, İrandan gəlir.

Qorxuram ki, mən Moskvaya çatmamış Xanımnisə da qoşulub gedə Dubaya.

Bir də ki, bu televizor...

Sonralar ilhama gəlib bir şeir yazmışdım.

Çoxları elə bilirdilər ki, ilham Xammirzə kişinin söhbətindən sonra gəlib. Mən də məcbur qalıb hamı kimi düşünməyə başlamışdım...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG