Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:26

ABŞ konqresmenləri Bakıda


Bill Shuster
Bill Shuster
ABŞ Konqresinin nümayəndə heyəti bir günlük səfərlə Azərbaycandadır.
Onlar aprelin 28-də prezident İlham Əliyevlə, Milli Məclisin vitse-spikeri Ziyafət Abbasov və Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovla görüşüblər.

Nümayəndə heyəti vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşməyiblər.

Azərtac xəbər agentliyi yazır ki, konqresmenlər prezidentlə görüşdə ikitərəfli münasibətlər, energetika sahəsindəki əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıblar.
Eyni zamanda, Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyada iştirakı və beynəlxalq anti terror əməliyyatlarda verdiyi töhfə qeyd olunub.

Deputat Səməd Seyidov AzadlıqRadiosuna deyib:

«ABŞ-LA MÜNASİBƏTLƏR ÇOX DƏYƏRLİDİR»


«Bizim üçün Azərbaycan-Amerika münasibətlərini inkişaf etdirmək çox vacib, çox mühümdür. Amerika dünyanın ən güclü ölkəsidir. Bu gün Azərbaycan-Amerika münasibətləri inkişaf xəttiylə gedir. Biz ABŞ-la terrora qarşı Əfqanıstanda, İraqda çiyin-çiyinə döyüşən dövlətik. ABŞ-la münasibətlər çox dəyərlidir, enerji baxımından, Azərbaycanın Avropa və dünyaya inteqrasiyası baxımından. Ən əsas məsələ Dağlıq Qarabağ məsələsidir. Bununla bağlı narahatlığımızı bildirdik».

Bəs müzakirələrdə insan haqları, demokratiya məsələləri də gündəmə gəlibmi? Səfər öncəsi Konqresdə Azərbaycan işçi qrupunun sədri, Respublikaçı Konqresmen Bill Shuster AzadlıqRadiosunun Mərkəzi Xəbər Xidmətinə müsahibəsində demişdi ki, prezidentlə görüşdə demokratik təsisatların normal fəaliyyət göstərməsi, seçkilərinin azad və ədalətli keçirilməsi zərurətinə inamını bir daha diqqətə çatdıracaq.

Səməd Seyidov
«Çünki son nəticədə Amerika xalqı hansısa ölkəyə, o cümlədən müttəfiq ölkəyə bu meyarla qiymət verəcək. Biz indi Yaxın Şərqdə baş verənləri görürük və Amerika xalqı demokratik təsisatları olan, insan haqlarına inanan, şəffaf hökumətləri olan ölkələrlə dost olmaq istəyir. Bütün bu məsələləri biz prezidentlə görüşdə dilə gətirəcəyik. Amma eyni zamanda görüşdə Amerikanın azərbaycanlılar kimi qətiyyətli müttəfiqlərinin olmasını yüksək qiymətləndirdiyini də ifadə edəcəyik».

Bakıda isə jurnalistlər Bill Shusterə sual veriblər ki, prezidentlə görüşdə demokratiya və insan haqları ilə bağlı hansı məsələləri qaldırdınız? Onun cavabı:

«Şəffaflıq və demokratik təsisatların yaradılması və gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir. ABŞ da bu demokratik təsisatların olduğu ölkələrlə əməkdaşlıq etməyə çalışır. Amma hesab edirəm ki, bunun üçün vaxt lazımdır. Birləşmiş Ştatlarda bu məsələlər 230 ildə həllini tapıb. Azərbaycan isə cəmi 20 illik müstəqillik tarixi olan dövlətdir. Hesab edirəm ki, bu həllini tapacaq».

Səməd Seyidov deyir ki, insan haqları, demokratiya məsələləri konqresmenlərlə görüşdə gündəmdə olub.

«BİZ DƏ DEMOKRATİYANI İSTƏYİRİK. BİZ İKİLİ STANDART İSTƏMİRİK»

«Azərbaycan hər yerdə bəyan edib ki, bizim məqsədimiz demokratik dövlət, insan haqlarına hörmət, qanunun aliliyinə hörmətdir. Biz söhbətdə də tam səmimi dedik ki, ABŞ-la ona görə münasibət qurmuruq ki, o super gücdür. Bizim bölüşdüyümüz dəyərlər eynidir. Biz də demokratiyanı istəyirik, insan haqları, qanunun aliliyini istəyirik. Biz ikili standart istəmirik, Azərbaycana qarşı qeyri-obyektiv münasibət istəmirik. Biz istəmirik ki, bundan təzyiq kimi istifadə etsinlər. Bunu söhbətdə açıq şəkildə müzakirə etdik».

Səməd Seyidov deyir ki, Azərbaycanda söz, ifadə, sərbəst toplaşmaq azadlığı ilə bağlı heç bir problem yoxdur.

Eldar Namazov
Politoloq Eldar Namazov da bu cür səfərlərə müsbət yanaşdığını söylədi:

«Fərqi yoxdur, gündəlikdə müxalifətlə, vətəndaş cəmiyyətinin üzvləri ilə görüş var ya yox».

Politoloqa görə, belə səfərlər nə qədər çox olsa, demokratiyanın inkişafına, islahatların reallaşmasına kömək edər.

«DEMOKRATİYA HEÇ BİR XALQIN, ÖLKƏNİN DAXİLİ İŞİ DEYİL»

«Ərəb dünyasında baş verənlərdən sonra demokratiya və insan haqları məsələsinə baxışlar dəyişib. Artıq heç kim müzakirə etmir ki, hər hansı xalq demokratiyaya hazırdır ya yox. Məsələn, müsəlman və ya Qafqaz xalqları. İkinci tərəfdən, «demokratiya heç bir xalqın, ölkənin daxili işi deyil» anlamı şüardan praktiki məsələyə çevrilir. Beynəlxalq ictimaiyyət bu məsələlərə seçkilərin saxtalaşdırılmasına, insan haqlarının pozulmasına ciddi müdaxilə edir. Artıq beynəlxalq normaya çevrilir ki, haqqı pozulana dəstək verilməlidir. Düzdür, proses təzə başlayıb. Amma əminəm ki, inkişaf edəcək. Və biz də daha təəccüblənməyəcəyik ki, hansısa ölkənin konqresmenləri bu məsələni qaldırır və ya tələb edirlər».
XS
SM
MD
LG