Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:28

Əli Kərimli şahid kimi ikinci dəfə ifadə verdi


AXCP sədri Əli Kərimli aprelin 28-də 5 saatdan artıq 2 aprel mitinqi ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) ikinci dəfə şahid kimi ifadə verib.

Əli Kərimlinin AzadlıqRadiosuna dediyinə görə, ona 2 aprel aksiyası və İctimai Palatanın fəaliyyəti ilə bağlı çoxsaylı suallar verilib.

«2 aprel mitinqindən sonra əsassız bir cinayət işi başlanılıb. Hakimiyyətə yaxın qrupların özünün təşkil etdiyi vitrin sındırma əməliyyatını bəhanə edib bir cinayət işi başlayıblar. İndiyə qədər 100-ə yaxın müxalifətçi, o cümlədən müxalifət liderləri istintaqa cəlb olunub. Mənə əsasən 2 aprel mitinqinin təşkili, mitinqlə bağlı çağırışlar, İctimai Palatanın fəaliyyəti, idarə olunması ilə bağlı bir çox məsələlərlə bağlı suallar verdilər və mən də cavab verdim».

Əli Kərimlinin sözlərinə görə, sorğu-sual zamanı onunla normal davranılıb.

«Prinsip etibarı ilə mənə münasibətdən hələki şikayətim yoxdur. Amma bütövlükdə hesab edirəm ki, istintaqın fəaliyyəti qeyri-qanunidir.Cinayət hadisəsi bizim tərəfimizdən törədilməyib. Biz dinc aksiya keçirdiyimiz halda indi bizə qarşı cinayət işi açılır və s. Vitrinlərin sındırılmasının bizə dəxli olmadığı halda bundan istifadə edilib müxalifətə təzyiq edirlər».

Əli Kərimli bu iş üzrə hüquq mühafizə orqanlarının fəaliyyətini siyasiləşmiş fəaliyyət adlandırır.

«Bu hüquq işindən çox siyasi bir işdir. Müxalifətə və İctimai Palataya mane olmaq məqsədi daşıyır. Ona görə bunu siyasiləşmiş bir iş kimi qiymətləndirirəm»

Müsavat başqanı İsa Qəmbər də eyni cinayət işi ilə bağlı aprelin 29-də Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb.

İctimai Palatanın 2 aprel mitinqi ilə bağlı hazırda 14 nəfər həbsdədir. Həmin şəxslərin barəsində 2 aylıq həbs qərarı verilib. Bir nəfər, AXCP sədrinin müavini Fuad Qəhramanı isə polis nəzarətində olmaqla azadlıqdadır.

POLİS AXCP SƏDRİNİ GÖZLƏYƏNLƏRİ ƏRAZİDƏN UZAQLAŞDIRIB


Bakı Şəhər Baş Polis İdarəsi qarşısında dayanıb AXCP sədri Əli Kərimlinin idarədən çıxmasını gözləyən partiya üzvləri və jurnalistləri polis ərazidən uzaqlaşdırıb.

«Azadlıq» qəzetinin müxbiri Ramin Deko və «Yeni Müsavat» qəzetinin müxbiri Samir Kazımlı post patrul maşınına mindirilərək ərazidən uzaqlaşdırılıb.

Jurnalist Ramin Deko:

«Polis əvvəlcə ərazidə toplaşan partiya fəallarını polis idarəsinin qarşısından uzaqlaşdırdı. Bizi də uzaqlaşdıranda dedik ki, biz jurnalistik informasiya əldə etmək üçün burda dayanmışıq Əli Kərimlinin polis idarəsindən çıxmasını gözləyirik. Polislər dedi ki, adamlar sizdən şikayətçidilər . Biz buna etiraz etdik, bundan sonra bizi post patrul maşınına mindirib aparın Cavanşir körpüsünün yanında düşürdülər ki, əraziyə yaxınlaşmayın».

AXCP sədri Əli Kərimli 2 aprel mitinqinin istintaqı ilə bağlı şahid kimi ifadə vermək üçün aprelin 28-i saat 15:00-da Bakı Baş Polis İdarəsinə çağırılıb. O, birinci dəfə aprelin 16-də BŞBPİ-də olub, 8 saata yaxın sorğu-sual edilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG