Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:51

Bir gün Bəxtiyar Hacıyevin evlərində...


Solidə xanım
2 aydan çoxdur ki, həbsdə olan gənc fəal Bəxtiyar Hacıyevin Gəncədəki evlərinə getməyə qərar verdim. Qapıda bizi onun doluxsunmuş anası Solidə xanım qarşıladı. Ana deyir ki, gənclər də Bəxtiyarı dəstəkləməsəydilər, onun həbsinə heç dözə bilməzdi. Səsi titrəyir...

Evləri kiçik məhəlləni xatırladır. Ümumi darvazadan sonra Bəxtiyargildən əlavə 8 ailənin qapısı var. Görünür, qonşuların da bu ailəyə məhəbbəti var ki, bir neçə tanımadığımız qonşu, bizə xoş gəlmisiniz deyirlər...

Qapıdan girən kimi ağ rəngli xüsusi kompüter gözümə dəyir. Atası diqqətlə baxdığımı görüb, «bu, Bəxtiyarın kompüteridir» deyir. Kompüter açıq idi. Atası deyir ki, böyük oğlu Vüqar hər gün Bəxtiyardan narahat olan onlarla Azərbaycan gənclərindən məktub alır. Məktubların əksəriyyətinin məzmunu Bəxtiyar Hacıyevə qarşı haqsızlıqdan və onun azadlığa çıxması arzularından ibarətdir.

BƏXTİYARIN OTAĞI YOXDUR

Ailədən «Bəxtiyarın otağı hansıdır» soruşuram. Anası dedi ki, Bəxtiyar təhsili ilə bağlı daim uzaqlarda yaşayıb və o səbəbdən ona xüsusi otaq hazırlamayıblar. Ancaq hara baxsam, Bəxtiyarın şəkilləri, diplomları və müxtəlif ölkələrdən gətirdiyi suvenirləri görürdüm.

Xeyli keçəndən sonra Solidə xanım gözünü silib yan otağa keçdi və məni əl işarəsi ilə yanına çağırdı. Bəxtiyar Hacıyevə aid sertifikatları, şəkil albomlarını töküşdürdük.

Solidə xanımın əlinə Bəxtiyarın uşaq vaxtı çəkdirdiyi bir şəkli keçdi və özü danışmağa başladı.

«BƏXTİYAR UŞAQ VAXTINDAN NƏ DÖYMƏYİB NƏ DÖYÜLMƏYİB»

«Bu şəkli 5-ci sinifdə öz məktəbimizdə oxuyanda çəkdirmişik. Əynindəki paltarı özüm toxumuşdum, birini jilet, birini kofta kimi. Bəxtiyar lap balaca vaxtından sözəbaxan, işini bilən olub. Məncə hər şey gendən gəlir. Bəxtiyar uşaq vaxtından nə döyməyib, nə döyülməyib. Qonşu ilə dalaşmaz, böyüklərin də sözünü eşidirdi. Sonra türk liseyinə gedəndən sonra türklərin də tərbiyəsinin təsiri oldu. Orada Xeyrəddin hoca var idi. O deyirdi ki, mən uşağı bir az sərbəst buraxıram ki, səs küy etsinlər.
Bəxtiyar BMT-də çıxış edən ən gənc azərbaycanlıdır
Aləm bir-birinə qarışır, amma Bəxtiyar icazəsiz danışmır. Böyüdükcə Azərbaycanı təmsil etməyə başladı».

Daha sonra Bəxtiyar Hacıyevin Azərbaycanı müxtəlif ölkələrdə təmsil etməsindən qızışan söhbət onun həbsi və təzyiqlərlə davam etdi.

«BMT-DƏ ÇIXIŞ EDƏN ƏN GƏNC AZƏRBAYCANLIDIR»

«Bu, Azərbaycan rəhbərliyi üçün bağışlanmaz günahdır. Mən övladım kimi yox, şagirdim kimi deyirəm. Bəxtiyarın xidmətlərini qoyaydılar bir tərəfə, 1 faizini özünə qaytarardılar. Amma onu vətənə xidmətdən yayınmada günahlandırmayaydılar. Desinlər siyasi işlərimizə qarışır, siyasi səhvlərimizi göstərir, gəncləri aktiv olmağa çağırır. Bu, başqa məsələ. Bunun öz adı olar. Hindistana gedib, Şotlandiyaya gedib, Makedoniyaya gedib. Ermənilər Xocalıyla bağlı çoxlu şəkillər aparıb paylayıb. Ermənilər 5 nəfər, bu da 1 nəfər. Mən dedim ki, Bəxtiyar bəsdir, bir az da özünü fikirləş. Dedi, mama əgər orda ermənilərin boynunun düşdüyünü özün görsəydin... BMT-də çıxış edən ən gənc azərbaycanlıdır».

«SƏRBƏST İNSANLAR ÖLKƏSİNDƏ»

Solidə xanım keçmiş xəyallara dalır....Danışır... Mənim isə «Sərbəst insanlar ölkəsində» və «Demokratiyanın labirintləri» adlı kitablar diqqətimi çəkdi. Düşünürəm ki, bu, Bəxtiyarın sevdiyi kitablardır. Ancaq anası deyir ki, Bəxtiyar kitablara bir elə də fərq qoymur.

Solidə xanım Bəxtiyarın liseyə qəbul olması dövrlərindən danışır. Mən isə Bəxtiyara məxsus əşyaları qarışdırıram, anasının icazəsi ilə....

«5-ci sinifdə oxuyanda ingilis dili müəlliməsi dedi ki, bunda yaxşı dil götürmək qabiliyyəti var. Sonra Ağdaş liseyinə girdi, özəl idi deyə, tərəddüdlərimiz var idi. Qardaşı dedi ki geri qayıtmayacaq, nə olur olsun oxudacağıq. Fizikadan olimpiadada iştirak edib.
Bəxtiyar kitablara bir elə də fərq qoymur
Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsini bitirib. Xəzər Universitetində magistr dərəcəsi alıb. Sonra Harvard universitetində oxudu».

Əlimə Bəxtiyara məxsus dəftər keçdi. İçərisində müxtəlif dillərdə xatirə məktubları var idi.

SUSMAYAQ.BİZ

Solidə xanım deyir ki, Bəxtiyar Azərbaycanın başını həmişə ucaldıb. Ancaq 2007-ci ildə Bəxtiyarın Susmayaq.biz saytı hazırlaması hakimiyyətin qəzəbinə səbəb olub.

«Təzyiqlər 2007-ci ildən başlamışdı. Susmayaq.biz adlı sayt hazırlamışdı. Qiymətlərin qəfil qalxması ilə bağlı. Susmayaq.biz təhsildə rüşvətə yox deyəndən sonra hakimiyyətin qəzəbinə gəldi. O, getdi xaricdə təhsil aldı gəldi. Təhsil haqqını vermədi ona Azərbaycan hökuməti. İndiyədək heç kim ona heç nə demirdi. 10 il keçib aradan, Alternativ xidmət istədi. Baş prokuror deyir ki, 2006-cı ildən gizlənib. 2007-də prezidentlə şəkli var. 2007-də sayt hazırlayandan sonra tutdunuz. Belə çıxır ki, Azərbaycan hökuməti işləməyib. Nə sərhəd qoşunları işləyib, nə prokuror».

BƏXTİYAR İDMANDA BACARIQLI OLMAYIB

Bəxtiyarın anası deyir ki, oğlu bircə idman sahəsinə bacarıqlı olmayıb:

«Ağdaşda oxuyanda, paltarların içində ağ paltar gördüm. Karate paltarı. Dedim bala etmə, eləmə. Sonra bir neçə dəfədən sonra, o da dedi ki, mama mənlik deyil. Mənimki idmanda gətirmədi. İdmanın heç bir növü ilə məşğul olmayıb. Ciddiyyət çox idi. Amma zarafat da deyəndə, şirin duzlu alınırdı».

BƏXTİYAR XALÇA TOXUYA BİLİR

Bunu da anası deyir:

«Şəxsən mən çox danışanam. Həm peşəmə uyğun, həm ədəbiyyatla bağlı. Amma o çox danışmaz, saatlarla dinləyər. Adama az deyər yerində deyər. Heç kimin sözünü kəsməz, hündürdən söz deməz.
Bəxtiyarın bacısı
İndi hakimiyyətlə dalaşsa da...».

«BƏXTİYARI ÖLÜMDƏN QURTARDIM»

Bəxtiyarın bacısı çay süfrəsi hazırlayandan sonra anasıyla mənim söhbətimə qarışır. Qardaşımla fəxr edirəm deyir. Əlavə edir ki, uşaq vaxtı Bəxtiyarı ölümdən qurtarıb.

«Balacalıqda mən 1-ci sinfə getməmişəm. Anama Bəxtiyarı saxlamağa kömək etmişəm. Yadımdadır hələ balaca vaxtı o, çayda axıb gedirdi Onu tutub qucağımda gətirmişəm. Suyun üzü ilə axırdı. Qonşuya güclə çatırdım. 1 gün eləcə yatdı, sonra ayıldı. Hamı yığılmışdı, vəziyyəti çox pis idi».

Bəxtiyarın atası isə danışmağa elə də meyl göstərmir. Bircə onu deyir ki, oğluna həmişə dəstək olacaq.
XS
SM
MD
LG