Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:56
Murad KÖHNƏQALA
("Yeni Müsavat" qəzeti)


Dilimizdəki bəzi sözlərin izahlı lüğəti


SOYUQ - borca görə qazı kəsilmiş kasıb evi.

QARANLIQ - borca görə işığı kəsilmiş kasıb evi.

AC - neft ölkələrində milyonerlərin rahat həyatına mane olmamaq üçün sakitcə yaşayan statistik müsəlman insan.

UCUZ - yeyilməsi qəti qadağan olunan malların mağaza qiyməti.

BAHA - kasıbların qovulduğu mağazalardakı malların üstündəki yarlıq.

BİHUŞ - teleserial izləyən valideyn.

SƏHƏR - ayılıb özünü öz vətənində görməyin dözülməz məşəqqəti.

AXŞAM - əsəb, siqaret və araq qoxusunun boş ciblərdə evə daşınması.

YALTAQ - öz vəzifəsində qalmaq istəyən bülbül.

TOY - axmaq kasıbın harınlarla ayaqlaşmaq instinkti.

YAS - meyit ətrafında ət yemək mərasimi.

XƏSTƏ - milyarder olmaq istəyən milyoner.

MİTİNQ - polisin döydüyü əliyalın insanlara qarşı gülləkeçirməz jilet geyməsi.

MİTİNQ ŞÜARI - fəal vətəndaşların ayaqlar altında təhqir olunan arzusu.

QƏZET - qorxağın kağıza bükülmüş cəsarəti.

XARİCİ SƏFİR - ögey ata.

OMBUDSMAN - ögey ana.

TELEVİZOR - infeksion xəstəliklər çəmənliyi.

QADIN - ərindən 3 metr hündürlüyə tullanmağı tələb edən trener.

KİŞİ - çarəsizlikdən kişmişi gülən erkək.

KABAB - vəhşi millətin mədəsinin sevimlin əmioğlusu.

SİQARET - xərçəng ağanın qapısında fəhləlik eləyən yonca və günəbaxan şaxının
müştərək tüstüsü.

METRO - gənclərin mobil telefon sərgisi.

AVTOBUS - sükanı buraxıb qəpik sayan sürücünün gəmi kapitanlığı.

APTEK - gündəlik tələbat malları mağazası.

BANAN - hakimiyyətin uşaqlara göstərdiyi gizli buynuz.

BAYRAQ - vida yaylığını yelləyən xoşbəxtlik.

QADIN SƏADƏTİ - evi və iş yeri olan idbara ərə getmək.

KİŞİ SƏADƏTİ - vətəndən qaçıb xristian ölkələrinin birində xristian xanımla yaşaya-yaşaya pul qazanıb milli ailəsinə çörəkpulu göndərmək.

AVTOVAĞZALIMIZ - qaraçı dövlətinin maketi.

DƏMİRYOL VAĞZALIMIZ - tualet qoxusu ilə vərəmli bəlğəmin qarışığı.

NƏŞRİYYAT - reket jurnalistlərin birləşmiş ştatlar göydələni.

MİLLİ MƏCLİS - cinayətləri məhkəmədən sığortalanmış milli mafiozların dövlət orkestri.

AZƏRBAYCAN MƏSCİDİ - İranın bölgədəki fövqəladə və səlahiyyətli ofisi.

GÜLMƏLİ ADAM - öz haqqını tələb eləyənlərə gülərək evdə oturan hüquqsuz ailə başçısı.

AĞLAMALI ADAM - öz haqqını tələb eləyənlərə gülərək evdə oturub televizora baxan hüquqsuz ailə başçısı.

KAFE OFİSİANTI - pinti koramal.

RESTORAN OFİSİANTI - səliqəli vampir.

QIZ QALASI - ən romantik intiharın start yeri.

AZADLIQ - tikanlı məftillə çəpərlənmiş qəzet, radio və meydan.

NAXÇIVAN - Bakıda firavan yaşayan həmyerlilərinin əvəzinə cəza çəkən çarəsiz
sakinlərin inlədiyi məkan...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG