Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:08
«Bütövlükdə Azərbaycan iqtisadiyyatının uğurlu inkişafı dünya miqyasında bir fenomendir. Son bir neçə il ərzində ölkəmizdə iqtisadi artım ən yüksək səviyyədədir və biz bu göstəriciyə görə dünya miqyasında birinci yerdəyik».

Bu fikirləri prezident İlham Əliyev aprelin 26-da Elmlər Akademiyasının illik yığıncağında çıxışı zamanı deyib.

Prezident həm də iqtisadiyyatın hərtərəfli inkişafının beynəlxalq maliyyə qurumları tərəfindən qiymətləndirildiyini və Azərbaycanın bütün beynəlxalq reytinqlərinin artdığını deyib. İlham Əliyev böhranlı 2009-2010-cu illərdə bu göstəricilərin ən yüksək səviyyədə olduğunu bildirib.

EKSPERTİN GÜMANLARI


İqtisadçı-ekspert Natiq Cəfərli güman edir ki, prezident bu ifadəni işlədəndə yəqin ki, 2003-cü ildən bu günə qədər ölkənin ümumdaxili məhsulunun (ÜDM) bir neçə dəfə artımını nəzərdə tutub. Amma iqtisadçı 2003-cü ildən sonra ÜDM artımını hökumətin hansısa strateji siyasətinin nəticəsi saymır. Deyir bu neftin qiymətinin bahalaşması və hasilatın sürətlə artması fonunda baş verən bir artımdır.

«Bunların hamısının cəmi təbii olaraq Azərbaycanın statistik rəqəmlərində göstəricilərin sürətli artımına səbəb olub. ÜDM 2003-cü ildən 2010-cu ilə qədər təqribən 7 dəfəyə qədər artıb. Çox güman ki, prezident «Azərbaycan iqtisadiyyatının uğurlu inkişafı dünya miqyasında bir fenomendir» deyəndə bunu nəzərdə tutub».

Natiq Cəfərli
Natiq Cəfərli
deyir ki, iqtisadiyyatı neftdən asılı olan Afrika ölkələri uğurlu olmayan bu örnəyə çoxdan imza atıblar.

«80-cı illərin axırlarında, 90-cı illərin əvvələrində Nigeriyada ÜDM artımı tempi 38-40 faizlə ölçülürdü».

İqtisadçıya görə, təbii ehtiyatları olmayan məsələn, Sinqapur kimi ölkələr qısa bir zaman kəsiyində xeyli inkişafa nail olublar və fenomen iqtisadi inkişafdan danışılanda həmin ölkələr misal çəkilir. Natiq Cəfərli deyir ki, ola bilər prezident iqtisadiyyatın uğurlu inkişafından danışanda aparılan təmir, tikinti işlərini, yolların çəkilməsini, infrastruktur layihələrini nəzərdə tutub.

«İQTİSADİ İNKİŞAFI FENOMEN SAYMAQ OLAR»

Hakim Yeni Azərbaycan Partiyasından olan iqtisadçı-alim Nazim Məmmədov isə hesab edir ki, dünyada baş verən iqtisadi böhran fonunda qonşularına nisbətdə Azərbaycanda gedən iqtisadi inkişafı fenomen saymaq olar.

«Azərbaycanın son illər valyuta ehtiyatlarının artması, milli valyutanın qiymətdən düşməsinin qarşısının alınması və digər məqamlarla bağlı qonşu ölkələrə baxanda təbii ki, Azərbaycanın iqtisadi inkişafı nailiyyət kimi qiymətləndirilə bilər».

«BU DAHA ÇOX SİYASİ BƏYANATDIR»


İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu da deyir ki, fenomen iqtisadi inkişafa nümunə olan ölkələr iqtisadiyyatında informasiya texnologiyalarının, innovasiyalar və beyin məhsullarının payı yüksək olan ölkələr hesab edilir.

«İqtisadiyyatı xammaldan asılı olan, təbii sərvətlərin istismarından gəlir əldə edən ölkələrin iqtisadi inkişafı, iqtisadi artımı heç vaxt dünya üçün fenomen olmayıb».

Bu səbəbdən də Qubad İbadoğlu Azərbaycan iqtisadiyyatının inkişafının dünya üçün fenomen hesab olunması barədə deyilənləri daha çox siyasi bəyanat sayır.

Şərhləri göstər

XS
SM
MD
LG