Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:43

Uşaqların inkişafına mane olan amillər…


Bakıda uşaqların oynaması üçün yer tapılmır?

Bakıda uşaqların oynaması üçün yer tapılmır?

Bakıda uşaqların oynaması üçün yerlərin olmaması köhnə problemlərdəndir. Şəhər sakini Zinarə Həsənova çoxmərtəbəli binalarla əhatə olunan məhəllələrdə uşaqlar üçün əylənməyə yer olmadığından gileylidir: «Əvvəllər uşaqlar düşüb həyətdə oynayırdılar, yaşıllıq vardı. Bu asfaltın üstündə uşaq nə qədər oynasın? Ən yaxşı halda skamya qoyurlar, amma bu da uşaqlar üçün əyləncə vasitəsi deyil axı...»


Uşaq Hüquqları Müdafiəsi Liqasının sədri Yusif Bəkirov da hesab edir ki, Azərbaycanda BMT-nin uşaqların inkişafı üçün dövlətin şərait yaratmasıyla bağlı tövsiyəsi yerinə yetirilmir. Cənab Bəkirovun sözlərinə görə, sovet dövründə tikilən binaların həyətlərindəki uşaq meydançaları dağıdılıb, yeni tikilən yaşayış komplekslərində isə uşaq şəhərcikləri salınmayıb. Uşaqların əlindən əyləncə yerlərinin alınması isə onların inkişafına pis təsir edir: «Uşaqlar bir-biri ilə ünsiyyət saxlaya, kollektiv oyunlarda oynaya bilmirlər, günün çoxunu dörd divar arasında keçirməyə məhkum olurlar».


Müəyyən parklarda fəaliyyət göstərən uşaq şəhərcikləri isə kommersiya xarakterlidir. Ekspertlərin fikrincə, xarici ölkələrdə uşaqlar üçün istirahət guşələrinin yaradılması bələdiyyələrin funksiyasına daxildir.


Memar Emil Axundov xatırlayır ki, əvvəllər yaşayış binalarının layihəsi cızılanda ilk növbədə məktəb, uşaq bağçası, yaşlıların istirahəti, uşaqların əylənməsi üçün yer nəzərdə tutulurdu. İndi bu prinsip nəzərə alınmadığına görə, memar demoqrafik tələblərin pozulduğu qənaətindədir. «Yaşayış kompleksləri tikilərkən hər yarım hektarın 25 faizinin uşaqlar üçün ayrılması nəzərdə tutulurdu».


«Uşaq təşkilatları bu problemin birbaşa həllində gücsüzdür» deyən Uşaq Hüquqları Müdafiəsi Liqasının sədri Yusif Bəkirovun sözlərinə görə, uşaqların inkişafına mane olan amillər parlamentdə müzakirə edilməli və dövlət proqramı hazırlanmalıdır. Milli Məclisin Sosial Siyasət Məsələləri üzrə daimi Komissiyasının sədri Hadı Rəcəbli də yaşayış binalarının həyətlərində uşaq şəhərciklərinin dağıdılmasını cinayət sayır. «Uşaqların oynaması üçün nəzərdə tutulan yerləri kimlər dağıdırsa, cinayət məsuliyyətinə cəlb olunmalıdırlar».


Millət vəkili də bu problemi parlament iclaslarında müzakirə etməyin tərəfdarıdır və belə təşəbbüslə çıxış edəcəyini vəd edir.


Günün bütün mövzuları

XS
SM
MD
LG