Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:37

“Mərkəz”: “Bazar baytarları cib kəsir”


“Yeni Azərbaycan” qəzeti xəbər verir ki, Dövlət Neft Şirkəti Azərbaycanda təbii qaz istehsalını artırmaq üçün yeni yataqların istismarı ilə bağlı proqram hazırlayıb. 2006-2015-ci illəri nəzərdə tutan sənəddə istismarda olan yataqların işlənməsi ilə bərabər, perspektiv qaz yataqlarının istismarı da nəzərdə tutulur. Bundan əlavə, geoloji kəşfiyyat işlərinin gücləndirilməsi, qaz nəql edən kəmərlərin texniki vəziyyətinin yaxşılaşdırılması, qaz kompressor stansiyalarının yenidən qurulması və yeni kəmərlərin çəkilişi planlaşdırılır.


“Xalq Cəbhəsi” qəzetinin əməkdaşı ötən həftəsonu keçirilən kənd təsərrüfatı məhsullarından ibarət yarmarkaların bir xeyri olub – olmadığını araşdırıb. Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov qəzetə müsahibəsində deyib ki, rəhbərlik etdiyi quruma bir gün ərzində yarmarkalarla bağlı istehlakçılar tərəfindən altı telefon zəngi daxil olub: “İstehlakçılar yamarkalarla bağlı öz narazılığını bildirir. Birincisi, yarmarkalarda satılan mallar gigiyenik qaydalara cavab vermir. İkncisi, istehlakçılar deyirlər ki, ötən həftə keçirilmiş yarmarkalarda satılan malların çəkiləri xeyli yüngül gəlib. Belə ki, alıcıları 1 kiloqramda təxminən 200-250 qram aldadıblar. Yarmarkaların digər qüsuru isə odur ki, oraya bahalı məhsullar - ət, yağ, pendir, bitki yağları və s. əvəzinə ucuz mallar gətiriblər”, – deyə Eyyub Hüseynov bildirib. AİB sədri onu da bildirib ki, yarmarkaların keçirilməsi bazarlardakı qiymətə demək olar təsir göstərməyib. Bununla razılaşmayan Kənd Təsərrüfatı Hazirliyinin Mətbuat Xidmətinin rəhbəri Murtuzəli Hacıyev isə deyib ki, yarmarkaların keçirilməsi paytaxtın digər bazarlarında qiymətləri 50 faizə qədər aşağı salıb.


“Mərkəz” qəzetindəki “Bazar baytarları cib kəsir” başlıqlı məqalənin müəllifi iddia edir ki, paytaxtdakı bütün bazarlarda baytar həkimləri fəaliyyət göstərsələr də, bazara gətirilən məhsullar gündəlik laborator müayinədən keçirilmir. Müəlliflə söhbətdə bazar satıcıları bildiriblər ki, baytarların çoxu alıcıların sağlamlığının yox, öz cibinin qeydinə qalır. Satıcıların sözlərinə görə, baytarlar hər gün səhər tezdən satıcılara baş çəkib, ət satandan ət, süd satandan süd, meyvə satandan meyvə paylarını alıb, işlərini bitmiş sayırlar. Bakı Şəhər Baş Baytarlıq İdarəsinin rəis müavini Vəli Qarayev isə bu fikirlərlə razılaşmır. Onun sözlərinə görə, bazarların hər birində Kənd Təsərrüfatı Nazirliyinin sanitar-ekspertiza laboratoriyası fəaliyyət göstərir. Bu laboratoriyalarda baytar həkimləri təlimata uyğun olaraq gündəlik bazara daxil olan meyvə-tərəvəzi yoxlamadan keçirirlər. 1 Saylı Mərkəzi Klinik Xəstəxanadan verilən məlumata görə isə, iyul ayında qida zəhərlənmələri may ayına nisbətən 50 faiz artıb ki, onların da çoxu kənd təsərrüfatı məhsulları ilə bağlı olub.


“Gündəlik Azərbaycan” qəzeti yazır ki, «Binəqədi Oyl» neft şirkətində narazılıq getdikcə böyüyür. Rəhbərliklə heç cür dil tapa bilməyən mexanika sexinin 50 işçisi bu dəfə 15 tələb irəli sürüb. Bu barədə məlumat verən Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlının sözlərinə görə, artıq imza toplanılıb və tələbləri əks etdirən sənəd Neftçilərin Həmkarlar Təşkilatının sədri Cahangir Əliyevə göndərilib. Fəhlələr əsasən əmək haqqının qaldırılımasını, şənbə və bazar günləri görülən işlərə görə əlavə məvacibin ödənilməsini, verilən yeməklərin keyfiyyətinin yaxşılaşdırılmasını, işçilərə qarşı kobudluğa son qoyulmasını və s. tələb edirlər. İşçiləri narahat edən məsələlərdən biri də xarici mütəxəssislərin yüksək vəzifə tutması, azərbaycanlıların isə aşağılanmasıdır. Sənəd digər əlaqədar təşkilatlara da göndəriləcək.


XS
SM
MD
LG