Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:52

BMT məcburi köçkünlərə yardımı dayandıra bilər


Qaçqınlar üçün vaqon şəhərciyi, Bərdə, 30 may 2006
Qaçqınlar üçün vaqon şəhərciyi, Bərdə, 30 may 2006

Bu ilin sentyabrından Azərbaycanın 130 min məcburi köçkünü BMT-nin Ərzaq Proqramı çərçivəsində aldığı paydan məhrum ola bilər. Çünki proqram rəhbərliyi avqust ayından sonra paylanacaq ərzağı almaq üçün maliyyə qıtlığı ilə üzləşib. Proqramın mütəxəssisi Aybəniz Məmmədova deyir ki, 27 min ton ərzaq almaq üçün vəsait çatışmazlığı var.


Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin təmsilçisi Sənan Hüseynov isə onlarda belə məlumat olmadığını və əgər ehtiyac yaranarsa, məcburi köçkünlər üçün hər ay paylanan ərzağı Azərbaycan hökumətinin verə biləcəyini deyir.


«Bir dəfə belə problem yaranmışdı. Azərbaycan hökuməti 3 ay məcburi köçkünlərə kompensasiya verdi».


Sənan Hüseynov deyir ki, Azərbaycan iqtisadi cəhətdən inkişaf eləsə də, ölkəyə neft pulları gəlsə də, məcburi köçkünlərə yardım üçün xarici dəstəyə ehtiyac var.


«Ölkə əhalisinin hər səkkiz nəfərdən biri məcburi köçkündür. Dünyanın heç bir ölkəsində belə vəziyyət yoxdur. Ona görə də xarici dəstəyə ehtiyacımız var».


İmişlidə məskunlaşan Arif Orucovun sözlərinə görə, onlar hər ay ərzaq yardımı alsalar da, bu yardım onların ehtiyaclarını heç də tam ödəmir: «20 kilodan çox un alırıq, amma 50 kilo un işlədirik, bizi görmür. Miqdarını artırsaydılar, vəziyyətimiz düzələrdi».


Ancaq Arif Orucov deyir ki, əgər ərzaq yardımının verilməsi dayandırılsa, onların dolanışığına ciddi təsiri olar. Proqramın mütəxəssisi Aybəniz Məmmədova isə deyir ki, Azərbaycandakı məcburi köçkünlərə adambaşına ümumdünya standartlarına uyğun ərzaq yardımı verilir və bu, 2008-ci ilə qədər davam edəcək. Elə iyulun 25-də Azərbaycana səfərə gələn proqramın icraçı direktoru Ceyms Morris də məcburi köçkünlərin yaşayışıyla tanış olmaq üçün İmişliyə və Biləsuvara gedəcək.


Xarici ölkələrdən ərzaq dəstəyi almağa ehtiyacı olsa da, Azərbaycanın özü də BMT-nin Ərzaq Proqramının donorları sırasına düşə bilər. Ceyms Morris Azərbaycan hökumətiylə bu barədə müzakirələr aparacaq.


Azərbaycan hökumətinin donor olmağa meyli varmı? Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlinin sözlərinə görə, cavabı cənab Ceymsin keçirəcəyi mətbuat konfransında tapa biləcəyik.


BMT-nin Ərzaq Proqramı çərçivəsində 130 min məcburi köçkünə hər ay adambaşına 6 kilo un, 450 qram şəkər tozu, 600 qram bitki yağı 900 qram noxud, 150 qram yodlaşdırılmış duz verilir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG