Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 03:54

Kompyuter oyunları üzrə ölkə birinciliyi keçiriləcək


Yarışa qatılmaq istəyənlər iyulun 30-dək müraciət etməlidirlər

Yarışa qatılmaq istəyənlər iyulun 30-dək müraciət etməlidirlər

«Əl-ayağımı internet klublardan yığışdırmaq üçün hətta mənim üçün evə kompyuter də alıblar. Amma internet klublarda oyunlar oynamaq daha maraqlıdır».


Samir Əliyev asudə vaxtını internet klublarda şəbəkə oyunları oynamaqla keçirir. Daha çox döyüş və maşın yarışları olan oyunlara üstünlük verir. Deyir ki, tez-tez internet klublarda dostları ilə öz aralarında yarışlar da təşkil edirlər.


Amma indi Samir və onun kimi şəbəkə oyunları oynamağı xoşlayan və bu sahədə nəyə qadir olduqlarını göstərmək istəyən dostları üçün şans yaranıb. Gənclər və İdman nazirliyi gələn ay Bakıda ilk dəfə olaraq yeniyetmə və gənclər arasında kompyuter oyunları üzrə ölkə birinciliyi keçirəcək. Nazirliyin mətbuat xidmətinin rəhbəri Raqif Abbasov deyir ki, əsas məqsəd gənclərin kompyuter oyunları üzrə biliklərini yoxlamaqdır. Çempionatın qalibi həm də kompyuter oyunları üzrə dünya birinciliyində Azərbaycanı təmsil edəcək.


İnternet forumunun prezidenti Osman Gündüz texnologiyanın inkişaf etdiyi müasir dövrdə gənclərin kompüterə marağını artırmaq üçün belə yarışların keçirilməsi əhəmiyyətli hesab edir. Amma Osman Gündüzün fikrincə, belə yarışlar təkcə kompyuter oyunları ilə bağlı deyil, həm də proqramçılıq və digər sahələr üzrə də keçirilməlidir.


Raqif Abbasov deyir ki, hələ ki, ilk addım şəbəkə oyunları ilə bağlı yarışın təşkilidir. Gələcəkdə kompyuter sahəsi ilə bağlı digər yarışların keçiriləcəyi də istisna olunmur. Yarışa qatılmaq istəyənlər iyulun 30-dək nazirliyə ərizə ilə müraciət etməlidirlər.


Bu çempionata qatılacağını deyən Seymur Əliyev inanır ki, kompyuter oyunları üzrə ölkə birincisi elə özü olacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG