Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:10

«Azadlıq» radiosunun internet saytının oxucularının suallarını bu dəfə Kamal Abdulla cavablandırıb.


- Kamal müəllim, son dövrlər Azərbaycanda ədəbi nəşrlərin və yeni çap olunan kitabların tirajları olduqca aşağıdır. Məsələn 200-300 tirajla monoqrafiya və ya 150-200 ədəd şer və ya nəsr kitabları çap etməyə dəyərmi? Amma nə qədər paradoksal hal olsa da rus dilli mətbuatın tirajı çoxdur. Bunu nə ilə izah etmək olar?


-100-150 tirajla çıxan kitablar kiminsə nəsli, ailəsi üçün buraxılan kitablardır və bunu ciddi hesab etmirəm. Ancaq onu da deyim ki, tirajın aşağı düşməyi bütün dünyada müşahidə olunan bir haldır. Mən düşünürəm ki, məsələ kitabın tirajının çoxluğunda, azlığında deyil. Əgər kitabxanalar fəaliyyət göstərirlər, oxucuları kitaba cəlb etməyin müxtəlif vasitələrini düşünürlərsə, vacib deyil ki, yeni çap olunan əsər mütləq kiminsə evində olsun.


O ki qaldı rus dilli ədəbiyyatın oxunmasına bu səviyyədən asılıdır. Rus dili ədəbiyyatın və qəzetlərin daha çox oxunmasının səbəbi onların səviyyəsinin yüksək olması ilə bağlıdır. Mətbuatdan söz düşmüşkən bir məsələyə də toxunum. Moskvada nəşr olunan «Literaturnaya qazeta» tək Rusiyanın ədəbi mühitini deyil, cəmiyyət həyatında baş verən bütün prosesləri əks etdirən möhtəşəm bir mətbuat orqanıdır. Bizdə də onun yarısı qədər «Ədəbiyyat» qəzeti çıxır, amma onun mində biri qədər heç bir iş görmür. İnanmıram ki, bu qəzet nə zamansa düzələ bilər. Bu qəzet yubiley oçerklərindən başqa bir şey çap eləmir. «Ədəbiyyat» qəzeti heç rayon qəzeti səviyyəsində də çıxmır. Bəlkə də kənd qəzeti, ferma qəzeti səviyyəsində çıxır. Ötən əsrin 60-70-ci illərində Hüseyn Abbaszadənin baş redaktor olduğu vaxtlar qəzet indikindən qat-qat yaxşı çıxırdı. Mənim nəyimə lazımdır kiminsə yubileyi haqqında yüz dəfə oxuduğum şeyi bir də yenidən təkrar-təkrar oxuyub. Bu cür qəzetlərdir ədəbiyyatımızı pis vəziyyətdə qoyan. Bu cür qəzetlərdir Yazıçılar Birliyini nüfuzdan salan.


- «Yuğ» teatrında sizin tamaşalarınıza baxmışam, əsərlərin səviyyəsi məni qane etsə də zalda tamaşaçıların sayı yetərincə deyildi. Cəmiyyətin teatra münasibəti nə vaxtsa dəyişilə bilərmi?


-Teatra münasibət xalqın ümumi mədəni səviyyəsini göstərir. İnanıram ki, bu münasibət nə vaxtsa dəyişilə bilər. Xalqın mədəni səviyyəsinin qaldırılmasına çalışmalıyıq. Belə olarsa təbii ki, münasibət fərqli olar.


Teatr məbəd olmalıdır. İnsan teatra gedib öz keçmişi, bu günü və taleyi ilə təkbətək qalmalıdır. O təkbətək qaldığı anlarda yaşadığı hissiyyatı dəyərləndirməyi bacarmalıdır. Biz təklik sevən xalq deyilik. Təkliyin içinə girib oradan nəticələr çıxarmaq bacarığı olan insanlar çoxaldıqca teatr səviyyəsi də artacaq, teatra getmək mədəniyyəti də formalaşacaq. Belə olan təqdirdə teatra «vaxt öldürmək» üçün getməyəcəklər, tetra dünya mədəniyyətinə qarışmaq üçün gedəcəklər.


Teatrdan söz düşmüşkən gəlin bir başqa məqama da toxunaq: götürək Musiqili Komediya teatrını. Azərbaycan xalqının mənəvi, mədəni formalaşmasının qarşısını alan ən böyük zərbə Musiqili Komediya teatrından gəlir. Çünki orada guya sənət adına yaradılan o bayağılıqlar xalqın içindən qurd kimi onun mənəviyyatını yeməkdədir. Bilirsiniz intonasiyanın, ləhcənin üzərində komediya qurmaq olmaz. Əgər sənin deməyə məzmunlu sözün yoxdursa istəyirsən bakılı kimi danış, istəyirsən şəkili kimi danış, istəyirsən lənkəranlı kimi danış - bu gülməli və ayıbdır. Dilimizdə bir ayıb sözü var də… Adını sənətkar qoyan adamlar bunun üzərində tamaşa qurmazlar. Deməli sənin əsərində məzmun deyilən bir şey yoxdur.


- Azərbaycan yazıçılarının əsərlərinin səviyyəsi çatırmı ki, Nobel mükafatına təqdim olunsun?


-Yazıçının və ya hansısa əsərin müvəffəqiyyətini onun hansı mükafat alması ilə ölçmək qətiyyən düzgün deyil. Gəl baxaq, Tolstoy Nobel mükafatı almışdı? Ya Çexov almışdı? Ümumiyyətlə yüzlərcə dünyada məşhur yazıçılar var ki, Nobel mükafatı almayıblar. İndi əvvəlki illərdən fərqli olaraq, həmin mükafatı təqdim edərkən yazıçının əsəri ilə yanaşı siyasi dünyagörüşünü də nəzərə alırlar. Siz təsəvvür edin ki, Qorbaçov da Nobel mükafatı laureatıdır. Özü də sülh mükafatını alıb. Qorbaçova o mükafatı verəndə Qarabağ qan içində boğulurdu, analar öz övladları üçün ağlayırdılar, gəlinlər öz ərləri üçün şivəndəydilər… Belə bir şəraitdə Qorbaçov sülh mükafatı aldı.


Bu gün həmin mükafatı almaq Azərbaycan yazıçısı üçün prioritet deyil. Dünya çapında həmin beynəlxalq mükafatları alan şəxsiyyətlər təkcə yazıçı deyillər, onlar həm də filosofdurlar. Onlar bəlli bir cərəyanın ya yaradıcıları, ya da ən fəal təmsilçiləridirlər. Biz hələ dünya mədəniyyətinin içərisinə daxil olmalıyıq. Deyim ki, bizdə dünya mədəniyyətini əxz etmək də tam şəkildə deyil. Biz bu gün dünya mədəniyyətini yaratmırıq, biz onun haqqında danışırıq. Dədə Qorqud yaradırdı, Nizami, Fizuli yaradırdı. Amma biz 20-ci əsrdən bu yana yalnız dünya mədəniyyəti haqqında danışırıq. Ən yaxşı halda yaxşı danışırıq. Mən elə adam tanıyıram ki, elmlər doktorudur, özü boyda adı var, hansısa əsər haqqında danışır amma, oxumayıb danışır. Eləcə yuxu kimi, nağıl kimi danışır…


- Nə üçün «Yarımçıq əlyazma» romanınız cəmiyyəti belə silkələdi?


- Bunu müəllif olaraq mənim deməyim bir qədər çətindir. Bu suala bir ədəbiyyatçı kimi cavab verməyə çalışacağım. Söhbət ondan gedir ki, bizim öyrəşdiyimiz, bizim alışdığımız, bizim artıq fərqinə varmadan yanından ötüb keçə bildiyimiz bir çox mənəvi dəyərlər var ki, əgər bir müddət də belə davam edərsə onlar bir büt kimi cəmiyyətin yaddaşından silinməyə məhkumdurlar. Onları yenidən diriltməyin, onlara yenidən həyat qaytarmağın müxtəlif üsulları var. Bir üsul da onlara bir balaca başqa rakursdan baxmaq üsuludur. Məsələn, «Yarımçıq əlyazma»da «Kitabi Dədə Qorqud» dastanlarından alınmış, əxz edilmiş süjet əsasında epik-detektiv prinsiplərinə uyğun bir süjet qurulub.


Məsələn, Salur Qazan öz evində Burla Xatunla təklikdə qalarkən nə danışardı? Mən bu barədə danışanda deyirlər ki, Kamil müəllim Dədə Qorquda böhtan atır, dastanda belə şey yoxdur. Məsələn dastanın mətinin özü deyir ki, Beyrək 16 il əsirlikdə kafir bəyin qızı ilə sevişirdi. Qız bir gün Beyrəyə deyir: «Hər dəfə gəldiyimdə deyərdin, gülərdin. İndi bu gün nə oldu sənə?» sən demə Beyrək 16 il əsirlikdə deyirmiş, gülürmüş, kafir qızı ilə eşq-məhəbbət məcraları yaşırmış…Mən məhz belə nöqtələri götürüb, bu xəttin inkişaf dinamikasını vermişəm. Eyni şey Şah İsmayıl dövrünə də aid edildi. Yerdə qalanlarsa müəllifin şəxsi təxəyyülünün məhsuludur. Əsəri əvvəldən axıra qədər diqqətlə oxuyan oxucu istər Beyrəyə, istər Qazana, istər Şah İsmayıla məhəbbətdən başqa bir şey tapa bilməz.


-Kamal müəllim, rüşvətlə necə mübarizə aparırsınız? Özünüz almırsınız yoxsa verən yoxdur?...


-Rüşvəti özün almayanda bir azdan sonra heç verən də olmur…Əgər mən almıramsa, əgər mənim inandığım müəllimlər mənimlə bir addımlayırlarsa deməli belə neqativ hal ola bilməz. Allaha şükür ki, bizdə nə verən var, nə də alan.


ƏTRAFLI FORUMDA OXUYUN!
XS
SM
MD
LG