Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:10

Bakıda mənzil oğrularının sayı artıb


Bakı polisinin keçirdiyi müşavirədə mənzil oğurluğunun artdığı bildirilib

Bakı polisinin keçirdiyi müşavirədə mənzil oğurluğunun artdığı bildirilib

Bakı şəhərində mənzil qarətinin, şəxsi əmlak oğurluqlarının sayı artır. Bu barədə təkcə əhali arasında deyil, eləcə də Bakı Şəhər Baş Polis İdarəsində narahatlıq ifadə edən fikirlər səslənməkdədir. Ötən həftə Baş Polis İdarəsində keçirilən müşavirədə bu məsələyə toxunulması və bu idarənin rəisi Məhərrəm Əliyevin Bakının bir neçə rayonunun – xüsusilə də Binəqədi rayonunun adını çəkməsi vəziyyətin ciddi olmasını təsdiqləyir.


Şəxsi əmlak oğurluğunun sayının artması səbəbini isə mütəxəssislər müxtəlif cür izah edirlər. Onların bir qismi hesab edir ki, belə hallar əsasən polisin öz işini layiqincə yerinə yetirmədiyi şəraitdə özünü büruzə verir. Ancaq bu fikirlə razılaşmayanlar da var. Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov deyir ki, mənzil oğurluğu halları dünyanın ən inkişaf etmiş ölkələrində də kifayət qədər baş verir. Bu məsələdə Azərbaycan da istisna deyil. Ancaq oğurluq hallarının üstünün açılma faizi Azərbaycanda yüksəkdir.


Son vaxtlar Bakıda oğurluqla məşğul olan bir neçə cinayətkar dəstənin ifşa edilərək həbs olunması barədə rəsmi məlumatlar da mövcuddur.


Keçmiş polis rəisi İsaxan Aşuruov isə deyir ki, bu cür cinayətlərin artması sosial - ictimai bərabərsizlikdən irəli gəlir. Yəni cəmiyyətdə gedən ciddi təbəqələşmə, kasıbların sayının artması oğurluq hallarının çoxalmasına rəvac verir.


«Əhalinin az bir hissəsi varlanır. Əksəriyyət kasıbdır. Kasıb ailələrdə isə uşaqlar çox olur. Onları yedirtmək, geyindirmək üçün adamlar oğurluğa əl atırlar».


İsaxan Aşurovun sözlərinə görə, əlbəttə ki, polis vəziyyətə nəzarət etməlidir. Ancaq hansısa polis rəisinin işdən kənarlaşdırılması və sair bu kimi inzibati tədbirlərlə nəyəsə nail olmaq mümkün deyil.


Oğurluq hallarının artmasında sosial vəziyyətin az rol oynamadığını deyən təkcə İsaxan Aşurov deyil. Bəziləri hesab edir ki, əksinə, əhalinin sosial vəziyyətinin yaxşı olması da bu cür cinayətlərin sayını artıra bilər.


Binəqədi rayon polis şöbəsinin rəis əvəzi Rasim Musayev isə deyir ki, Bakıda xüsusilə mənzil oğurluqlarının baş verməsi heç də əhalinin sosial vəziyyətinin ağır olması və kasıbların oğurluq etmək məcburiyyətində qaldıqlarını, yaxud da bu hala qarşı ciddi mübarizə aparılmadığını deməyə əsas vermir. Onun sözlərinə görə Azərbaycana hətta kənardan da cinayətkar qruplar gəlib oğurluq edirlər. Belə qrupların çoxunu Gürcüstandan olan gürcülər təşkil edir. Onlar isə Azərbaycanda əhalinin vəziyyətinin daha yaxşı olduğu üçün buraya gəlib oğurluq etdiklərini bildirirlər. «20-yə qədər həbs olunmuş gürcü var. Onlar deyirlər ki, Gürcüstanda oğurluq məqsədilə girdiyimiz evdən 200-300 dollar pul çıxır. Azərbaycanda isə 3 min dollar puldan başqa 5 min dollarlıq da qızıl çıxır. Ona görə burada oğurluq etmək daha sərfəlidir».


Cənab Musayev deyir ki, son vaxtlar Binəqədi polisinin əməkdaşlarının keçirdiyi uğurlu əməliyyatlar nəticəsində ümumən Bakıda mənzil oğurluğu ilə məşğul olan 3 qrup həbs edilərək qanunla cəzalandırılıb. Ona görə də kənardan oğurluq niyyətilə Azərbaycana hansısa cinayətkar qrupların gəlməsinin və ümumiyyətlə mənzil oğurluğunun qarşısı alınıb.


Oğurluq hallarının qarşısının alınması işində təbliğatın daha çox rolu olduğunu deyən ekspertlər də var. Mütəxəssislərin bir qismi hesab edir ki, əgər polis orqanları əhalini bu məsələdə maarifləndirsə, öz evlərinin və ümumiyyətlə əmlaklarının maksimum toxunulmaz qalması üçün nəyə diqqətli olmalarını izah etsə, həm əhalinin həm də polisin özünün işi xeyli yüngülləşər.


Günün bütün mövzuları

XS
SM
MD
LG