Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:21

Ümumdünya Ərzaq Proqramı Azərbaycana 16 milyon dollar ayırıb


İyulun 25-də BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Ceyms Moris təşkilatın bir qrup nümayəndəsi ilə Bakıya üçgünlük səfərə gəlir. Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi Mətbuat Xidmətinin rəhbəri Sənan Hüseynov «Azdlıq» radiosuna bildirib ki, səfərdə məqsəd bir sıra dövlət rəsmilərilə görüşlər keçirmək, eləcə də Sabirabaddakı «Qalaqayın» çadır düşərgəsində, İmişli ərazisindəki dəmiryol üzərində vaqonlarda və Biləsuvarda yeni salınmış qəsəbələrdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərə baş çəkib, onların vəziyyətilə tanış olmaqdır.

İyulun 28-də Ceyms Moris Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla birgə səfərin yekunlarına dair mətbuat konfransı keçirəcək. BMT rəsmisi həmin gün axşam Bakını tərk edəcək.


BMT-nin Ümumdünya Ərzaq Proqramı Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərir və hər ay 130 min məcburi köçkünü un, şəkər tozu, bitki yağı və sair ərzaq məhsulları ilə təmin edir.


Sənan Hüseynovun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyevin müraciətindən sonra Ümumdünya Ərzaq Proqramı 2006-cı il iyulun 1-dən 2008-ci il iyunun 30-dək – yəni 24 ay müddətinə Azərbaycana 16 milyon dollara yaxın vəsait ayrılması barədə qərar verib. Həmin vəsait qaçqın və məcburi köçkünlər, eləcə də aztəminatlı ailələr üçün nəzərdə tutulub. Bu proqram çərçivəsində birinci il 154, ikinci il isə 134 min nəfərə xidmət göstəriləcək.


XS
SM
MD
LG