Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:12

«İqtisadiyyat azad olanda, mətbuat da azad olur»


«Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, 21 iyul 2006
«Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, 21 iyul 2006

İyulun 22-si Milli Mətbuat Günüdür. «Azadlıq» radiosunun Bakı Bürosunda bu mövzuda keçirilən müzakirədə «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev bildirdi ki, Azərbaycanda mətbuat formal olaraq müstəqildir. Onun əsas funksiyası – ictimai nəzarət funksiyası artıq yerinə yetirilmir, çünki mətbuat dövlət tərəfindən qəbul olunmur: «Məsələn, siz müəyyən bir məmurun özbaşınalığı haqqında yazırsız, o məmura heç bir şey etməyəcəklər. Siz müəyyən korrupsiya halları haqqında yazacaqsız, sizə 100 faiz qarantiya verirəm ki, heç bir tədbir görülməyəcək».


«Xalq qəzeti»nin əməkdaşı Səbuhi Məmmədli və «Gündəlik Azərbaycan» qəzetinin redaktoru Xalid Kazımlının da iştirak etdiyi söhbətdə cənab Əliyev qeyd etdi ki, iqtisadi nöqteyi-nəzərdən Azərbaycanda mətbuat azad deyil: «Mətbuat öz-özünü dolandıra bilmədiyindən, məcburdur ki, hansısa bir dairələrdən asılı olsun... Bu gün Azərbaycanda çap mətbuatının reklam bazarının həcmi aşağısı 50 milyon dollar olmalıydı, 2-3 milyon yox. Estoniyada, Latviyada 50 milyondur. Nələri var? Nefti yox, heç bir şeyi yox. Bəs necə olur ki, bu ölkələrdə bu qədər dinamik inkişaf var?».


«Qəzetlərə kreditlərin, yardımların verilməsi çıxış yolu deyil» deyən Mehman Əliyevin fikrincə, problemin kökünü iqtisadiyyatın qapalı olmasında axtarmaq lazımdır: «Bir dəfə Çində olanda, bir az xəstələnmişdim, soyuqdəymə idi, istəyirdim dərman alım. Onların bir yaşlı keçmiş Siyasi Büro üzvü məndən soruşdu ki, siz neyləmək fikrindəsiz. Dedim məndə həb, aspirin var, indi atacam onu. Dedi yox, sən get çoxlu su iç. Onu etdim və həqiqətən də səhərə yaxın sağaldım. O, mənə belə bir şey dedi ki, siz həbi içib ağrını aradan götürürsünüz, biz isə onun səbəblərini müalicə edirik. Mətbuat məsələsində də belədir. Bizə həb verirlər ki, get ağrını kəs. Halbuki səbəbləri aradan qaldırmaq lazımdır. Mətbuat iqtisadiyyatın bir parçasıdır, biz gəlmişik kommersiyayla məşğul olmağa, təbliğatla yox. Bizə pul qazanmaq lazımdır. Bütün biznes azad olanda, biz də azad oluruq. Ölkədə ciddi inkişaf gedəndə, biz də inkişaf edirik. Məsələnin əsas kökü burdadır. Nəyə görə 5 ildə heç nə dəyişməyib? Çünki iqtisadi əsaslar dəyişməyib. Monopoliya daha da güclənib, rəqabət demək olar ki, yoxdur, qapalı iqtisadiyyat qalır».


DİNLƏYİN!


XS
SM
MD
LG