Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 01:43

Qanunun aliliyi, yoxsa məmur göstərişi?


Polis jurnalistlərə qarşı təzyiqlərin araşdırılmasında maraqlıdırmı?
Polis jurnalistlərə qarşı təzyiqlərin araşdırılmasında maraqlıdırmı?

Daxili İşlər naziri Ramil Usubov hüquq müdafiəçiləri, Mətbuat Şurasının sədri ilə görüşündə deyib ki, Bahəddin Həziyevin döyülməsi, Sakit Zahidovun həbsilə bağlı istintaqın obyektiv aparılmasına göstəriş verib. Maraqlıdır ki, Bahəddin Həziyevin döyülməsindən iki ay keçir, bu göstəriş niyə məhz indi – Milli Mətbuat Günü ərəfəsində verilir? Yəni, bu vaxtacan istintaq necə aparılıb?
«Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətlindən sonra prezident İlham Əliyev də istintaqın obyektiv aparılması, qatillərin tez tapılması üçün göstəriş vermişdi. Ancaq hələ ki, Elmarın qatilləri tapılmayıb.


Jurnalist dairələrində göstərişlərlə vəziyyətin dəyişəcəyinə inam o qədər də yüksək deyil. Ancaq onu da deyək ki, Daxili İşlər naziri Ramil Usubovun bir qrup hüquq müdafiəçisi və Mətbuat Şurasının sədri Əflatun Amaşovu qəbul edərək onlara jurnalistlərin işi ilə bağlı istintaqları nəzarətə götürdüyünü deməsi müsbət qarşılanıb. Ancaq jurnalist dairələrində həm də hesab edirlər ki, cənab Usubovun bu jesti müəyyən mənada ictimai fikrə də hesablanıb. Yəni, nazir bununla mətbuat günü ərəfəsində sübut etməyə çalışır ki, hakimiyyət də jurnalistlərə qarşı təzyiqlərin araşdırılmasında maraqlıdır.


Mətbuat Şurasının sədri Əflatun Amaşov deyir ki, əgər jurnalistlərə təzyiqlər araşdırılmırsa, bu vəziyyət ölkənin nüfuzuna xələl gətirir. Odur ki, istər ölkə başçısının və istərsə də hüquq mühafizə orqanlarının aparılan bu tip istintaqların sürətləndirilməsiylə bağlı göstərişlər verməsinə böyük ehtiyac var: «Nəzarət olarsa bu işlərin üstü daha tez açılar».


Cənab Amaşov hesab edir ki, Elmar Hüseynovun qatillərinin hələ də tapılmaması işin mürəkkəbliyilə bağlıdır. O, döyülmə halları ilə bağlı istintaqların isə yaxın aylarda yekunlaşacağına ümid edir.


«Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov isə, bu tip istintaqların dövlət başçısı səviyyəsində nəzarətə götürülməsinə baxmayaraq bir nəticə verməməsini hüquq-mühafizə orqanlarında peşəkarlığın çatışmaması ilə izah edir: «Jurnalistika qeyri-peşəkarlarla doludur. Ona görə də problemlər meydana çıxır. Ancaq hüquq-mühafizə orqanlarında da öz işini bilməyənlər çoxdur. Nəticədə də istintaqlar uzanır».


«Qanun» jurnalının baş redaktoru Şahbaz Xuduoğlu deyir ki, əgər qanunlar işləyərsə, hər hansı göstərişə də ehtiyac yaranmaz: «Azərbaycan hüquqi dövlət olsa da, biz bu ölkənin hüquqsuz vətəndaşlarıyıq».


Cənab Xuduoğlu bildirir ki, qanunların işləmədiyi ölkələrdə göstərişlərlə də vəziyyəti dəyişmək olar. Bir şərtlə ki, həmin göstərişlər səmimi verilsin…


Bu iki fərqli mövqelər arasında ortaq məxrəc axtaranlar da var. Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı hesab edir ki, hakimiyyət siyasi iradə nümayiş etdirməsə, qanunları daha işlək hala gətirmək mümkün olmayacaq.


Bir neçə ay əvvəl naməlum insanların oğurlayıb döydükləri «Bizim Yol» qəzetinin baş redaktoru Bahəddin Həziyev də jurnalistlərlə bağlı cinayətlərin açılması üçün siyasi iradəyə ehtiyac olduğunu deyir. Hazırda ağır qətllər və adam oğurluqlarında ittiham edilən Hacı Məmmədovun məhkəməsini izləyən cənab Həziyev özünün başına gələnlərlə bu işlər arasında paralellər görür: «Onların adam oğurluğunda istifadə etdikləri texnologiya ilə mənə qarşı istifadə edilən texnologiya yüzdə-yüz eynidir. Ona görə də şübhə etmirəm ki, bu işdə hansısa hökumət strukturlarının əli olub və bu səbəbdən də istintaq getmir».


Bahəddin Həziyev deyir ki, o, yanıldığını etiraf etməyə də hazırdır. Bir şərtlə ki, hüquq-mühafizə orqanları obyektiv istintaq aparıb cinayətkarları məhkəməyə versinlər…
Bu, Mətbuat Günü ərəfəsində jurnalist dairələrində dolaşan fikirlərdir. Jurnalistlərlə bağlı hər hansı bir istintaqın başa çatması bu əhval-ruhiyyəni təbii ki, dəyişə də bilər. Ancaq bu ilki mətbuat bayramı ərəfəsində də bu baş vermədi.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG