Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 02:23

“Bakı-Xəbər”: “Rusiya Azərbaycana satdığı qazın qiymətini yenidən qaldırır”


“Bakı-Xəbər” qəzetindəki “Rusiya Azərbaycana satdığı qazın qiymətini yenidən qaldırır” başlıqlı məqalədə bildirilir ki, son dövrlər Azərbaycanın İrandan 1 milyard kubmetr təbii qaz almaq istəyi Rusiyadan idxal edilən mavi yanacağın həcminin bir qədər azaldılacağını istisna etmir. «Qazprom»un törəmə şirkəti olan «Qazeksport» Azərbaycana satılan qazın qiymətində yenidən dəyişiklik olunacağının gözlənildiyini bildirir. Buna əsas səbəb, həmin şirkətin bildirdiyinə görə, Türkmənistanın Rusiyaya satdığı mavi yanacağın qiymətində dəyişiklik etmək niyyətinə düşməsidir. Rəsmi Aşqabad «Qazprom»a satılan bu yanacaq növünün qiymətinin hər min kubmetrə görə 100 dollar olmasını istəyir. Bu isə, avtomatik olaraq, Rusiyanın ixrac qiymətlərinə öz təsirini göstərir.


“Üç nöqtə” qəzetindəki “Qanlıgöl ərazisində qanunsuz tikililər söküləcək” başlıqlı məqalədə Qanlıgöl ərazisindəki məcburi köçkünlərin məskunlaşdığı ərazilərdən çıxarılması məsələsindən bəhs edilir. Müəllif yazır ki, yaşadıqları evlərin sökülərək yerində yeni istirahət obyektlərinin tikiləcəyini iddia edən sakinlər bunun qanunsuz olduğunu bildirirlər. Onlar məsələ ilə bağlı Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşüblər. Cənab Həsənov bildirib ki, bu məsələ komitənin nəzarətindədir. “Qanunsuz tikililərin söküləcəyi təqdirdə, qaçqın və məcburi köçkünlər yaşayış yeri ilə təmin olunacaqlar”, – deyə Əli Həsənov vurğulayıb.


Təhsil Nazirliyinin dərslik, nəşriyyat və mətbuat şöbəsinin müdiri Nəcəf Nəcəfov “Mərkəz” qəzetinin əməkdaşı ilə söhbətində bildirib ki, bu il orta məktəblər üçün ümumilikdə 108 adda, 5 milyon 92 min 600 nüsxə kitab çap olunacaq. Onun sözlərinə görə, dərsliklərin çapı ilə bağlı qaydaya əsasən, məktəb kitabları dörd ildən bir çap olunmalıdır. Amma şagirdlərin sayının dəyişməsi, mövcud dərsliklərin bir hissəsinin sıradan çıxması nəzərə alınaraq, sonrakı illərdə hər dərslikdən 15 faiz yenidən nəşrə verilir. Cənab Nəcəfov deyir ki, bu il 1-4-cü siniflər üçün dərsliklərin demək olar ki, hamısı yenidən çap olunacaq. 5-ci sinfin əksər dərslikləri, qalan siniflərin dərs kitablarının isə müəyyən hissəsi yenidən hazırlanacaq.


XS
SM
MD
LG