Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:16

Yanğınlarla bağlı hesabat XİN-ə təqdim olunub


XİN hesabatla bağlı iyulun 20-də açıqlama verəcək
XİN hesabatla bağlı iyulun 20-də açıqlama verəcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspişikin Azərbaycanın işğal olunmuş ərazilərindəki yanğınlarla bağlı hazırladığı hesabat Xarici İşlər Nazirliyinə (XİN) təqdim olunub. Nazirlikdən «Azadlıq» radiosuna verilən məlumatda sənədin hələlik araşdırıldığı, onun haqqında iyulun 20-də açıqlama veriləcəyi bildirilir.


İşğal olunmuş ərazilərdə monitorinq aparılması haqda qərar Azərbaycan XİN-in müraciətindən sonra ATƏT-in Daimi Şurasının toplantısında verilib. Hesabatı qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspişik hazırlayıb.


ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi mandatına uyğun olaraq iyulun 3-də Ağdam rayonu ərazisindəki Ağdam-Hindarx yolunun və Novruzlu kəndinin yaxınlığında monitorinq keçirməyə başladı. Monitorinq sonra Ağdam rayonunun Mərzili kəndi yaxınlığında və Xocavənd rayonunun Kuropatkina kəndinin şimal-qərbində, iyulun 5-də isə Kuropatkina ilə bərabər həm də Aşağı Veysəlli kəndi yaxınlığında davam etdirilib.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ilkin hesablamalarına görə, yanğınlar zamanı Azərbaycana 4,5 milyon dollar miqdarında ziyan dəyib. 14 min hektar torpaq, 50-yə yaxın ağac və bitki növü məhv olub. Nazirlikdən bildirirlər ki, yanğınlar indi də davam etdiyindən dəyən ziyanın miqdarı durmadan artır.


Azərbaycan işğal altında olan əraziləri ermənilər tərəfindən iyun ayının ikinci yarısından yandırılmağa başlayıb. Bununla bağlı Azərbaycanın bir sıra qeyri-hökumət təşkilatları BMT, ATƏT və ATƏT-in Minsk Qrupunun həmsədrlərinə müraciət edib.


İslam Konfransı Təşkilatı ölkələrinin xarici işlər nazirlərinin Bakıda keçirilən 33-cü sessiyasında da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bütün iştirakçıların diqqətini Qarabağdakı yanğınlara yönəldib. Sessiya iştirakçılarına kosmosdan çəkilmiş şəkillər göstərilib. XİN başçısı öz çıxışında vurğulayıb ki, yanğınlar kortəbii xarakter daşımayan təbiət hadisəsi deyil, bütün bunlar məqsədyönlü şəkildə təşkil olunur.


XİN-in idarə rəisi Tahir Tağızadə qeyd edib ki, rəsmi Bakı yanğınların dünya ictimaiyyətinin nəzərinə çatdırılması üçün bütün lazımi işləri görəcək. Cənab Tağızadə yanğınların məqsədyönlü xarakter daşıdığının peykdən çəkilən şəkillərdə də əksini tapdığını vurğulayıb. Onun bildirdiyinə görə, şəkillərdə yolların və körpülərin yanmadığı açıq-görünür, bu isə yanğınların ermənilər tərəfindən məqsədyönlü şəkildə törədildiyinə daha bir sübutdur.


İyunun 30-da isə Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin üzvləri ermənilərin işğal olunmuş ərazilərdə yanğınlar törətmələri ilə bağlı mətbuat konfrans keçiriblər.


XS
SM
MD
LG