Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:05

Uzun müddətə atalıq məzuniyyəti


Əksəriyyətin atalıq məzuniyyətinə çıxmaq hüququndan xəbəri yoxdur
Əksəriyyətin atalıq məzuniyyətinə çıxmaq hüququndan xəbəri yoxdur

Azərbaycanda da bir sıra Avropa ölkələrində olduğu kimi kişilər ata olanda məzuniyyətə çıxa bilərlər. Düzdür, atalıq məzuniyyəti analıq məzuniyyəti qədər uzun müddətli deyil, cəmi iki həftədir. Üstəlik də ödənişsizdir. Ancaq rəyini soruşduğumuz kişi və qadınların bundan xəbəri yoxdur. Ana olmağa hazırlaşan Səbinə Əliyeva müəllimədir, yoldaşı isə hərbi xidmətdədir. O hesab edir ki, bütün çətinliklərə baxmayaraq gələcək atanı hərbi xidmətdən ayırmağa dəyməz.


«Ehtiyac yoxdur. Özüm edərəm. Onsuz da öyrəncəliyik».


Əksəriyyətin atalıq məzuniyyətinə çıxmaq hüququndan xəbəri olmasa da, Ailə, Qadın və Uşaq Komitəsi başqa təkliflə çıxış edir. Gender bərabərliyindən danışılırsa, kişilərin də uzunmüddətli atalıq məzuniyyətinə çıxması qanuniləşdirilməlidir. Bu təklifi dəstəkləyənlərdən biri də «Təmiz Dünya» Mərkəzinin rəhbəri Mehriban Zeynalovadır. O, xarici şirkətlərdə və ya beynəlxalq qurumlarda çalışan xanımların təxminən bir ay analıq məzuniyyətinə çıxa bildiklərini deyir. Xanımlar iş yerlərini itirməsin deyə kişilər uzunmüddətli atalıq məzuniyyətinə çıxa bilərlər. «Gender balansından danışırıqsa, övladın böyüdülməsində vəzifələrin bölgüsü mümkündür».


Təklif müəllifləri bu fikrin «Gender bərabərliyi» haqda qanunun qəbulu zamanı nəzərə alınmasını istəyirlər. Hərçənd Milli Məclis sədrinin müavini Bahar Muradovanın qənaətincə, heç bir kişi ananı əvəzləyə bilməz: «Kişilər məzuniyyətə çıxsa belə körpəni ana yedizdirməlidir».


Hələlik subay olan Elnur İbrahimov isə heç vaxt özünün evdə oturub uşağa baxmasını, xanımının isə işə yollanmasına razı ola bilməyəcəyini deyir. Ümumiyyətlə, o kişilərin iki həftəlik məzuniyyətə çıxmasına belə pis baxır: «Yox, mən çıxmaram. Mən elə şey götürmərəm…»


Cabbar Sadıqov isə tərəddüd edir: «Açığı tərəddüd edirəm. Yəqin ki, özü öhdəsindən gələr, mənə ehtiyac yoxdur».


Psixoloq Azad İsazadə bu cavabları kişilərin cəmiyyətdəki sosial statusu ilə bağlayır. Amma bununla belə o Azərbaycanda da atalıq məzuniyyətinə çıxan kişilərin olduğunu deyir.


Həmsöhbətim iki böyük övlad atası Söhrab Yarəhmədov deyir ki, əgər məlumatı olsaydı mütləq atalıq məzuniyyətinə çıxardı. Çünki ilkin dövrdə körpənin həm ataya, həm anaya ehtiyacı olur.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindənsə bildirirlər ki, bu məsələ işçi ilə işəgötürən arasında həll olunmalıdır.


Hüquqşünas Hücrəddin Hacıbalayev fikrincə, indiki qanunda yalnız övladını təkbaşına böyüdən atalara yarım illik ödənişli məzuniyyət verilir. Və ya xroniki xəstəliyi olan uşaqların valideynlərindən yalnız biri uzunmüddətli məzuniyyətə çıxa bilər, amma ödənişsiz əsasda.


Azərbaycan qanunvericiliyinə görə, uşaq dünyaya gəldikdə yalnız anaya il yarım ödənişli məzuniyyət verilir.


XS
SM
MD
LG