Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:12

Kənd Təsərrüfatı Nazirliyi alternativ bazar yaradır


«Yarmarkanın təşkilindən savayı qiymətlərin endirilməsinə başqa heç vasitə ilə nail olmaq mümkün deyil»
«Yarmarkanın təşkilindən savayı qiymətlərin endirilməsinə başqa heç vasitə ilə nail olmaq mümkün deyil»

Yay başlayandan bazarlarda kənd təsərrüfatı məhsullarının qiymətləri də qalxıb. Hökumət nümayəndələri problemin yaranmasında Bakı bazarlarının rəhbərlərini günahkar bilirlər. Onlar deyirlər ki, bazara məhsulun sahibi olan kəndlilər buraxılmır, yalnız alverçilərə şərait yaradılır, onlar da kənd sakinlərindən məhsulu ucuz alıb baha satırlar. Bazar rəhbərləri isə qiymətə onların heç bir təsirləri olmadığını, satıcılar isə məhsulu baha aldıqlarını deyirlər. Meyvə-tərəvəzin bu yay mövsümündə əvvəlki illərdə müşahidə edilməyən baha qiymətə təklif edilməsindən isə şəhər sakinləri əziyyət çəkirlər.


Ekspertlər bahalaşmanın səbəbini ayrı-ayrı vasitəçilərdə, inhisarçılarda yox, başqa amillərdə görürlər. Məsələn, İqtisadi Tədqiqatlar Mərkəzinin əməkdaşı Azər Mehdiyevin fikrincə, kənd təsərrüfatında məhsuldarlığın aşağı düşməsi, yanacağın bahalanması və inflyasiya qiymət artımına gətirib çıxarıb.


Kənd Təsərrüfatı Nazirliyinin şöbə rəisi Sabir Vəliyev çıxış yolunu Bakının inzibati rayonlarında yarmarkaların təşkilində görür. Onun sözlərinə görə, nazirliyin nümayəndələri Bakıya yaxın rayonlara təhkim olunacaq və onlar kənd sakinlərinin öz məhsullarını paytaxt yarmarkalarında satması üçün yerli rəhbərliyin imkan yaratmasına nəzarət edəcəklər. İmkan deyəndə, kənd sakinlərinin Bakıya gəlib-getməsi üçün nəqliyyat ayrılması, yarmarkalarda yerləşməsi nəzərdə tutulur. Cənab Vəliyev alverçilərin də yarmarkaya üz tutacağını istisna eləmir. Amma deyir ki, yarmarkanın təşkilindən savayı qiymətlərin endirilməsinə başqa heç vasitə ilə nail olmaq mümkün deyil. Ekspert Azər Mehdiyev isə hesab edir ki, meyvə-tərəvəz məhsullarının qiymətiylə bağlı yaranmış bu problemin həlli üçün ölkədə sahibkarlığın inkişafına şərait yaradılmalı və aqrar sahədə istehsal xərclərinin aşağı düşməsinə imkan verəcək texnologiya tətbiq edilməlidir.


Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev deyir ki, hər halda onlar indi yarmarka vasitəsilə alternativ bazar yaradırlar və bu yarmarkalar da məhsul mövsümünün sonunadək davam edəcək.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG