Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:55

Azərbaycanın müstəqilliyini gücləndirən əsas amil


Azərbaycanda bütün qütblərdə təmsil olunan siyasilər BTC-nin əhəmiyyətini yüksək qiymətləndirir

Azərbaycanda bütün qütblərdə təmsil olunan siyasilər BTC-nin əhəmiyyətini yüksək qiymətləndirir

Bəlkə də Bakı-Tbilisi-Ceyhan neft kəməri yeganə mövzudur ki, Azərbaycanda bir-birinə rəqib olan siyasi qüvvələrin bu məsələdə fikirləri bir-birindən o qədər də kəskin fərqlənmir. Əksəriyyət bu kəməri Azərbaycanın müstəqilliyini gücləndirən əsas amil kimi izah edir. Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyir ki, belə bir böyük layihənin gerçəkləşməsi ilə Azərbaycan dünya dövlətləri arasında daha çox tanınmağa başladı: «Hər bir dövlət təhlükəsizliyini düşünürsə təhlükəli layihələr həyata keçirməlidir. Təhlükəli layihələr deyəndə mən bütün dünyanın marağında olan layihələri nəzərdə tuturam. Azərbaycan özündə güc tapıb BTC-ni reallaşdırmaqla təhlükəsizliyini gücləndirib».


Səməd Seyidov deyir ki, BTC tək Azərbaycanı dünyaya inteqrasiya etdirmir, həm də sivil dünyanın prinsiplərinin Azərbaycanda daha çox qəbul edilməsinə xidmət edir. Onun sözlərinə görə Azərbaycan dünya ilə onun dilində danışmağa öyrəşdikcə və siyasi, iqtisadi cəhətdən möhkəmləndikcə öz problemlərinin öhdəsindən daha asan gəlməyə başlayacaq.


Azərbaycanda müxalifətdə olan siyasi qüvvələr də hakimiyyət kimi BTC-nin siyasi əhəmiyyətini yüksək qiymətləndirirlər. Ancaq Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli deyir ki, BTC-ni himayə edən dövlətləri əsas maraqlandıran regionun təhlükəsizliyidir. Ona görə də BTC hakimiyyətin vəd etdiyi kimi Qarabağın Azərbaycana qaytarılmasına xidmət etmədi. Bununla belə Əli Kərimli də hesab edir ki, bu kəmər Azərbaycanın regionda rolunu xeyli artırır:


«BTC Cənubi Qafqazı Avropaya yaxınlaşdıracaq və Azərbaycanın Avroatlantik məkana inteqrasiyasını xeyli sürətləndirəcək».


Politoloq Rasim Musabəyov isə deyir ki, kəmərin reallaşmasıyla Azərbaycan Amerika Birləşmiş Ştatlarının, Avropa Birliyinin maraq dairəsinə keçib. Bu isə Azərbaycana bütün sahələrdə güclənməyə imkan yaradır. Rasim Musabəyovun sözlərinə görə, BTC ətrafında Azərbaycanda uzun müddət səhv təsəvvürlər olub. Həm hakimiyyətdə, həm də müxalifətdə olan bir sıra siyasi qüvvələr hesab ediblər ki, xaricin dəstəyi ilə ölkədəki bütün problemləri yoluna qoymaq olar. Politoloqun sözlərinə görə, nə qədər ki, daxili səylər artmasa xarici dəstəyin o qədər də əhəmiyyəti olmayacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG