Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:31

BTC-yə hamı böyük ümidlə baxır


Ceyhan terminalında BTC-nin rəsmi açılış mərasimi keçirildi
Ceyhan terminalında BTC-nin rəsmi açılış mərasimi keçirildi

İyulun 13-də Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərinin rəsmi açılış mərasimi oldu. BTC-nin perspektivləri barədə rəyini bildirən Bakı sakinləri layihəyə böyük ümidlə baxanlar da var, pessimist yanaşanlar da yox deyil. Amma siyasi əqidəsindən və ideoloji baxışlarından asılı olmayaraq Azərbaycanda çoxları neft layihələri və BTC-nin çox vacib olduğunu söyləyir.


Müsavat Partiyasının divan üzvü Qubad İbadoğlu BTC-nin iqtisadi cəhətdən Azərbaycana faydası haqda heç də iqtidar partiyasında təmsil olunan həmkarlarından az misal çəkmədi. «Birincisi neftimizi müstəqil olaraq bazara çıxara bilirik, ikincisi onun tranzitindən qazanırıq, kəmərin çəkilməsi üçün Azərbaycana qoyulan yatırımlar burda qalıb, vergilər və s. ödənilib. Yaxın 20 ildə təkcə kəmərin özünün işləməsindən 2.5 milyard dolar gəlir əldə olunacaq və s».


Bakı-Tbilisi-Ceyhan neft kəməri səhmdarlarına 3.6 milyard dolara başa gəlib. Bu vəsaitin ancaq ¼ hissəsini Azərbaycan Dövlət Neft Şirkəti, qalanını isə başda BP olmaqla, beynəlxalq şirkətlər ayırıblar. Kəmər vasitəsilə ildə 50 milyon ton Azərbaycan neftini dünya bazarlarına çıxarmaq mümkün olacaq. Kəmərin tikilməsi üçün yaradılan BTC-Co konsorsiumunun hesablamalarına görə, bu kəmərlə neftin daşınma xərcləri səhmdarlar üçün 1 ton neftə görə 24 dollar olacaq. Amma artıq Qazaxıstanın da, öz neftini bu kəmərlə ixrac eləmək niyyətini bildirməsi, əsrin ən bahalı layihələrindən biri olan BTC-ni daha da dividentli edə bilər.


Hakim Yeni Azərbaycan Partiyasından olan sabiq deputat, iqtisadçı Səttar Səfərovun fikrincə, bu kəmər Azərbaycanı ancaq xammal ixrac eləyən ölkədən, həm də tranzit imkanları olan dövlətə çevirir. «Bu gün Qazaxıstan kəmərdən istifadə eləmək istəyir, inanıram ki, gələcəkdə hətta Rusiya və Türkmənistan da BTC-dən yararlanmaq niyyətinə düşəcəklər».


Kəmərin işə düşməsinin Azərbaycan iqtisadiyyatına müəyyən mənfi təsirləri də olacaq. Belə ki, ixrac olunan neftin həcmi artacaq və bu da ölkəyə əlavə valyuta ehtiyatlarının gəlməsinə səbəb olacaq. Azərbaycan hökumətinin rəsmiləri isə zaman-zaman valyuta gəlirlərinin artması üzündən yaranan bəzi problemlər, manatın möhkəmlənməsi, əlavə inflyasiyanın yaranması və qiymətlərin artması kimi problemlərin olduğunu etiraf edir. Amma eyni zamanda-əldə olunan vəsaitlərdən düzgün istifadə eləməklə problemlərin qarşısının alacaqlarını da deyirlər.


Bəzi ekspertlər, BTC-nin hətta 1994-cü ildə imzalanan «Əsrin Müqaviləsi»ndən də daha uzun müddət Azərbaycana xeyir gətirəcəyini deyirlər. İqtisadçı Səttar Səfərovun fikrincə, Qazaxıstan, Türkmənistan və Rusiyanın neft ehtiyatlarının çox olduğunu nəzərə alanda, Azərbaycanın neft ehtiyatları tükənəndən sonra da, bu kəmərə ehtiyac olacaq. Amma, əks siyasi düşərgədə yer alan Qubad İbadoğlu Azərbaycan neftinin 65 il müddətinə tükənəcəyi ilə bağlı BP şirkətinin rəqəmlərinə istinad edərək deyir ki, Azərbaycan nefti texniki istismar müddəti 40 il olan kəmərdən daha çox yaşayacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG