Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:43

Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi Sakit Zahidovu dərhal azad etməyə çağırır


ABŞ-da yerləşən Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi «Azadlıq» qəzetinin əməkdaşı, satirik jurnalist Sakit Zahidovu dərhal azad etməyə çağırır. Komitənin icraçı direktoru Coel Saymon cənab Zahidova qarşı irəli sürülmüş ittihamlara şübhəylə yanaşdıqlarını bildirib. O, hesab edir ki, hakimiyyət ayrıca araşdırma aparmaqla Daxili İşlər Nazirliyinin istintaqı obyektiv aparıb-aparmadığını öyrənməlidir.


Vyanada olan bir qrup azərbaycanlı media təmsilçisi ilə görüşündə ATƏT-in Mətbuat Məsələləri üzrə nümayəndəsi Mikloş Haraşti isə, bildirib ki, Sakit Zahidovun istintaqı ictimaiyyət üçün şəffaf olmalıdır. Bu görüşün iştirakçılarından biri «Turan» İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin sözlərinə görə, «Bizim yol» qəzetinin redaktoru Bahəddin Həziyevin döyülməsi faktı da ATƏT-in diqqətindədir: «Jurnalistin döyülməsi, cibinə narkotika atılması halları onları narahat edir. Haraşti də dedi ki, bununla bağlı hökumətlə danışıqlar aparılır».


İyulun 12-də hüquq müdafiəçiləri Rəna və Murad Sadəddinovlar Daxili İşlər naziri Ramil Usubovla görüşərək, Bahəddin Həziyevlə Sakit Zahidovun istintaqı ilə maraqlanıblar. Ramil Usubov Bahəddin Həziyevlə bağlı cinayətin açılmasında nazirliyin maraqlı olduğunu, Sakit Zahidovun işi ilə bundan sonra daha fəal məşğul olacağını bildirib.


Polisin iyunun 23-də saxladığı Sakit Zahidovun üstündən 10 qram heroin tapıldığı bildirilir. Bahəddin Həziyev isə, bu ilin mayında naməlum şəxslərin zorakılığına məruz qalıb, hazırda müalicə alır.


XS
SM
MD
LG