Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:28

Müsavat qarşılıqlı ittihamların burulğanında


İsa Qəmbər, Rauf Arifoğlu və Sülhəddin Əkbər, 4 iyul 2002
İsa Qəmbər, Rauf Arifoğlu və Sülhəddin Əkbər, 4 iyul 2002

Müsavat Partiyasında çox böyük inamsızlıq hökm sürür. İndi bu partiyada söhbət hakimiyyətə gəlmək yollarından yox, bir funksionerin digərini hakimiyyətin sifarişini yerinə yetirməkdə ittiham etməsindən gedir. Hərçənd ki, bəzi müşahidəçilərin qənaətinə görə, əvvəllər də Müsavat funksionerləri arasında bir-birinə inamsızlıq olub. Ancaq bu, indiki qədər özünü belə açıq və qabarıq göstərməyib. Ötən həftənin şənbə günü Müsavat Məclisinin toplantısında «Yeni Müsavat» qəzetinin redaktoru Rauf Arifoğlu məclis sədrliyinə namizədliyi verilən partiya başqanının keçmiş müavinləri Sülhəddin Əkbərlə Vurğun Əyyubu qorxaqlıqda və istintaq orqanları ilə əməkdaşlıqda günahlandıraraq, məclis üzvlərini onlara səs verməməyə çağırıb. Rauf Arifoğlu həmin ittihamları nəinki partiyanın Məclisində, hətta kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrdə də səsləndirməkdən çəkinmir. Hazırda Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılış mərasimində iştirak etmək üçün Türkiyədə olan Rauf Arifoğlu, bu günlər Day.az İnternet saytına verdiyi müsahibədə isə Sülhəddin Əkbəri «Hakimiyyətdəki Naxçıvan klanının tipik nümayəndəsi» adlandırıb. Müsavatın şənbə günü keçirilən toplantısında heç bir namizəd məclis sədrliyi üçün lazım olan səsi toplamadığından partiya daxili qruplaşmalar arasında mübarizə bir qədər də kəskinləşib. Sülhəddin Əkbər və Vurğun Əyyub da öz növbələrində Rauf Arifoğlunun ünvanına oxşar ittihamlar səsləndirirlər. Sülhəddin Əkbər deyir ki, hakimiyyət bütün vasitələrdən istifadə edərək Müsavat partiyasını çokdürməyə və xalqın gözündən salmağa çalışır. Onun sözlərinə görə, Rauf Arifoğlu da bilərəkdən bu prosesdə yaxından iştirak edir: «Müsavat ətrafında məkrli bir oyun qurublar və maraq dairələrində olan bütün qüvvələri bu işə cəlb ediblər. Qurultayda istədilər Müsavatı gözdən salsınlar, bacarmadılar. Məclisdə buna cəhd etdilər. Sonra da parçalanma salmağa çalışacaqlar».


Sülhəddin Əkbər kimi Vurğun Əyyub da Rauf Arifoğlunun ittihamlarını cəfəngiyat adlandırır. Ancaq Sülhəddin Əkbərdən fərqli olaraq Vurğun Əyyub deyir ki, Rauf Arifoğlunun hakimiyyətdən sifariş alıb-almadığı ona dəqiq məlum deyil: «Bizə 2003-cü ildə qorxduğumuzu deyir. Bəs, hamı onda Xalçaçılıq muzeyinin qarşısına getmişdi, o niyə getməmişdi. Niyə qaçıb Norveç səfirliyində gizlənmişdi…»


Müsavat başqanı İsa Qəmbər isə hər iki tərəfin ittihamlarını əsassız adlandırsa da, bu məsələyə müdaxilə etmək niyyətində deyil. Onun sözlərinə görə, indi Müsavatda məclis sədrliyi uğrunda demokratik mübarizə gedir və ona görə də hər bir kəsin öz fikirlərini sərbəst şəkildə ifadə etmək hüququ var


«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğluna görə, İsa Qəmbər partiyasındakı vəziyyətə tam nəzarət edə bilmir: «İsa Qəmbər mənə mərhum Əbülfəz Elçibəyi xatırladır. Qruplar arası mübarizə gedir o isə bu mübarizənin fövqündə dayandığını bildirirdi. Sonra AXCP bir neçə yerə parçalandı».


Ekspert deyir ki, əgər İsa Qəmbər də qəti mövqe bildirməsə Müsavatı da bir neçə yerə parçalanmaq təhlükəsi gözləyir. Üstəlik Elxan Şahinoğlu hesab edir ki, Müsavatdaxili çəkişmələri demokratik mübarizə adlandırmaq o qədər də düzgün olmazdı. Çünki bu mübarizədə artıq etik qaydalar gözlənilmir.


Müsavat başqanı İsa Qəmbər isə hesab edir ki, rəhbərlik etdiyi partiya heç də parçalanma təhlükəsiylə üzləşməyib. Onun sözlərinə görə, nəinki vəziyyətə tam nəzarət edir, hətta istəsəydi şəxsi məclis sədri postuna seçilmək qədər gücləndirə bilər. Sadəcə kimisə müdafiə etməklə demokratik seçim imkanlarını məhdudlaşdırmaq istəmir: «Əbülfəz Elçibəy üçün partiyanı kənardan idarə etmək çox çətin idi. Üstəlik partiyadakı bəzi qüvvələr onun özünü qəbul etmirdi. Müsavatda isə heç kim mənə qarşı deyil».


Partiya daxili bütün bu çəkişmələr sıravi müsavatçılara da təsirsiz ötüşməyib. Bəzi sıravi müsavatçılar hesab edilər ki, bütün bunlar artıq Müsavatın hakimiyyətə gəlmək gücdə olmadığının göstəricisidir və onlar da daha çox öz işləri ilə məşğul olsalar yaxşı olar. Ancaq mən danışdığım elə sıravi müsavatçılar da var idi ki, onlara görə isə bütün bu çəkişmələr partiyanın bir qədər də güclənməsinə, demokratik ruhun artırmasına xidmət edəcək. Hər halda təxminlərində kimin haqlı, kimin haqsız olduğu bir növbəti prezident və ya parlament seçkilərdə məlum olacaq.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG