Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:57

Pulu böhrandan necə qorumalı?


Ekpertlər tövsiyyə edirlər ki, pulu valyutada saxlamaq istəyənlər avroya üstünlük versələr, yaxşı olar

Ekpertlər tövsiyyə edirlər ki, pulu valyutada saxlamaq istəyənlər avroya üstünlük versələr, yaxşı olar

«Evin qiyməti həmişə üstündədir»

«İstənilən dövrdə vəsaiti uzunmüddətli saxlamaq üçün ən səmərəli variant pulu daşınmaz əmlaka qoymaqdır». Bunu «Azadlıq» radiosuna müsahibəsində iqtisadçı ekspert, Almaniyanın Bremen Universitetinin eksperti Kənan Aslanlı deyir.

Ekspert bildirir ki, pulu daşınmaz əmlaka qoymaq üçün evlərin ucuzlaşmasını gözləyənlər risk edirlər, çünki ola bilsin ki, qlobal maliyyə böhranı istiqamətini dəyişsin və özünü daha çox işsizliklə, ixtisarla bağlı göstərsin:

«Evlərin qiymətinin bir neçə ay ərzində artacağını, ya azalacağını indidən demək çətindir. Amma uzunmüddətli dövr üçün daşınmaz əmlakın qiyməti həmişə artır. İndidən demək olar ki, on il sonra bir mənzilin qiyməti indikindən baha olacaq».

Kənan Aslanlı deyir ki, pulu valyutada saxlamaq istəyənlər avroya üstünlük versələr, yaxşı olar: «Avro»nun məzənnəsi manata nəzərən bahadır, üstəlik, «avro»da bahalaşma daha stabildir».

«Bank, yoxsa döşəyin altı»

Əlində olan-qalanı banklara etibar etməyə gəlincə, Kənan Aslanlı deyir ki, Azərbaycanda bankların faiz dərəcələri aşağıdır, banklar əmanət üçün illik 12-13 faiz verirsə, inflyasiya 15 faizdən çox olur, ona görə də banklara pul qoymaq sərf eləmir.

Ekspert deyir ki, Azərbaycanda qiymətli kağızlara da sərmayə qoymaq sərfəli deyil, çünki bu bazar kifayət qədər inkişaf etməyib: «Amma xarici bazara investisiya qoymaq yaxşı seçim ola bilər. Bunlar, 3 A reytinqli qiymətli kağızlar, bondlar ola bilər».

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədri Azər Mehtiyev deyir ki, pulu bankda saxlamağa qərar verənlər yaxşı olar ki, depozitləri qısa müddətə - altı və üç aylığına saxlasınlar. Bu, pulu vaxtında geri almağa şans yaradır. Ekspert deyir ki, Milli Məclisin hazırladığı yeni qanun layihəsinə görə, 30 min manata qədər olan əmanətlər sığortalanacaq, ona görə də indi banka pul qoymaq daha az risklidir.

Azər Mehtiyev pulu qorumağın klassik düsturunu xatırladır - yumurtaları ayrı-ayrı səbətə yığmaq ki, hamısı birdən sınmasın: «Ayrı-ayrı valyutalar almaq böhran şəraitində riskləri azaldan üsuldur».

«Qızılı udsa da qara torpaqlar…»

Azər Mehtiyevin bir məsləhəti də pulun qızıla qoyulmasıdır. İqtisadçı deyir ki, qızılın qiyməti daha stabil və qalxmağa meyllidir. Odur ki, yaxın müddətə planı olan və pulunun batmağından qorxanlar üz tutsunlar qızıl dükanlarına.

Azər Mehtiyev deyir ki, qlobal maliyyə böhranı azalana oxşamır, əksinə siyasi və iqtisadi proseslər göstərir ki, böhran hələ bir müddət davam edəcək. Amma ekspert deyir ki, bu barədə dəqiq proqnoz vermək və tarix demək çətindir.

Şərhləri göstər

XS
SM
MD
LG