Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:36

Bölgələrdə vəkil qıtlığı


Məhkəməyə işi düşən adam problemini vəkillə deyil, elə hakimin özüylə yoluna qoymağa üstünlük verir

Məhkəməyə işi düşən adam problemini vəkillə deyil, elə hakimin özüylə yoluna qoymağa üstünlük verir

Bəxtiyar Əliyev orta məktəbi Gəncədə bitirib, Bakıda ali hüquq təhsili alıb və vəkil olmaq istəyib. Bu arzusunu da gerçəkləşdirmək üçün Bakıda qalıb. Baxmayaraq ki, regionlarda vəkil çatışmazlığını, bu sahədə ciddi boşluq olduğunu bilir. Amma deyir ki, bəzi səbəblər ucbatından Gəncəyə qayıtmaq istəməyib və Bakıda özünə iş tapıb: «Maddi-texniki baza regionlarda zəifdir. Yaxşı vəkil olmaq üçün isə böyük təcrübə və bilik sahibi olmaq gərəkdir. Həm də maddi təminat yetərincə deyil».


Ədliyyə naziri Fikrət Məmmədov ötən ay Gəncədə olarkən bildirib ki, regionlarda Appelyasiya Məhkəmələri yaradılandan sonra hakimlərin, dövlət ittihamçılarının sayı artırılacaq, bu isə öz növbəsində vəkillərin də sayının artmasını zəruri edəcək. Ancaq bu dövlət qurumunun hansısa hüquqşünası vəkil təyin etməyə səlahiyyəti olmadığından nazir deyir ki, gərək hüquqşünasların özləri vəkil olmağı seçsinlər


«Azərbaycanda vəkilliklə bağlı ciddi problem var. Hazırda respublikada 500-dən çox vəkil fəaliyyət göstərir. Azərbaycanın bölgələrində isə vəkillər daha azdır. Bunun da səbəbi odur ki, əsas məhkəmə instansiyaları, cəzaçəkmə müəssisələri Bakıda cəmləşib».


Gəncədə yerləşən «Gənc Liderlər» Assosiasiyasının sədri Səbinə Ələkbərova deyir ki, tez-tez onların hüquqşünasa ehtiyacları yaransa da, mütəxəssis tapa bilmədiklərindən sakinlərin sosial hüquqlarıyla bağlı layihələr həyata keçirə bilmirlər.


Mingəçevir hüquq məsləhət mərkəzinin rəhbəri Tahir Qurbanovun fikrincə, regionlarda vəkil çatışmazlığının səbəbi bu peşənin nüfuzunun aşağı olması və əhalinin hüquq müdafiəçilərinə inamsızlığıyla bağlıdır.


«Viza» Hüquq firmasının rəhbəri Aslan İsmayılov da bildirir ki, o, Azərbaycanın bölgələrində firmanın filiallarını açar və gənc hüquqşünasları toplayardı. Ancaq mövcud qanunvericilik buna imkan vermədiyindən vəkillik institutunun inkişafı da bürokratik əngəllərin qurbanı olur.


Bir aydan çoxdur ki, Vəkillər Kollegiyası vəkil olmaq istəyənlər üçün sənəd qəbulunu elan edib. Amma kollegiyanın sədr müavini Aydın Axundovun sözlərinə görə, sənəd verənlərin sayının az olması onları vaxtı bir az da uzatmağa məcbur edib. Hələlik 260 nəfər vəkil olmaq niyyətindədir. Cənab Axundov deyir ki, onlar ərizə verənlərin heç olmazsa 300-350 nəfərə çatmasını istəyirlər ki, seçim imkanı geniş olsun. Bir də sənəd verənlərin qarşısında kollegiya belə bir şərt də irəli sürür ki, kim hansı regionda qeydiyyatdadırsa, imtahandan keçdiyi təqdirdə məhz o bölgədə fəaliyyət göstərəcək. Aydın Axundovun fikrincə, belə inzibati yanaşma regionlarda vəkillərin sayını artırmaq üçündür.


Ədliyyə naziri Fikrət Məmmədov isə hesab edir ki, regionlarda Appelyasiya Məhkəmələrinin işə başlaması və cəzaçəkmə müəssisələrinin bölgələrə köçürülməsi bir çox hüquqşünası vəkil olmağa həvəsləndirəcək.


Hüquqşünas Bəxtiyar Əliyev isə deyir ki, bölgələrdən olan hüquqşünas məzunların öz yurdlarına qayıdıb vəkillik etməsi üçün dövlət proqramı olmalı və vəkillik institutunun inkişafına ciddi yardım göstərilməlidir.


Heç paytaxtda da vəkil boldur demək çətindir. Səbəbini də rəyini soruşduğunuz mütəxəssislər belə izah edirlər ki, ölkədə məhkəməyə işi düşən adam işini vəkillə deyil, elə hakimin özüylə yoluna qoymağa üstünlük verir.


Günün bütün mövzuları

XS
SM
MD
LG