Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:59

Yanvarın 1-dən metroda jetonlardan istifadə olunmayacaq


Baş mühəndis Sadəddin Yusifov: «Tuneldəki ventilyasiya qurğularının işini qatarın sürətinə uyğun tənzimləmək mümkün deyil»
Baş mühəndis Sadəddin Yusifov: «Tuneldəki ventilyasiya qurğularının işini qatarın sürətinə uyğun tənzimləmək mümkün deyil»

«Metroda adam əlindən tərpənmək olmur, bir tərəfdən də isti...Bir dəfə istidən özümü pis hiss etdim, oturdum yerə, sonra məni «skamya»da oturdublar...»


42 yaşlı Gülbuta xanım hər gün metrodan istifadə edir. Deyir, görəsən, nəyə görə metroda kondisioner-filan quraşdırmırlar ki, camaat da rahat nəfəs alsın.


Hər gün Gülbuta xanım kimi on minlərlə sərnişin metrodan istifadə edir, yay aylarında bu say azalsa da, havasızlıqdan, istidən gileylənənlər çox olur.


Bakı metropolitenində qurulan havatəmizləyici sistem çöldəki havanı tunelə vurur, içəridəkini isə, çölə çıxarır. Hazırda 36 belə ventilyasiya şaxtası var. Metropolitenin elektromexanika şöbəsinin baş mühəndisi Sadəddin Yusifov deyir ki, bütün dünyada ventilyasiya sistemlərinin layihələşdirilməsində problem var: «Qatar sürətlə gedərkən qarşıdakı havanı itələyir, qatarın arxasınca da hava kütləsi sürət alır. Bu zaman tuneldəki ventilyasiya qurğularının işini qatarın sürətinə uyğun tənzimləmək mümkün deyil».


Cənab Yusifova görə, bəzi mütəxəssislər də tuneldə ideal ventilyasiya sisteminin yaradılmasını qeyri-mümkün sayırlar. Mütəxəssis metro vaqonlarında bəzən hava çatışmazlığının hiss olunmasını isə, vaqonlarda sərnişinlərin sayının çox olmasıyla izah edir.


Araşdırmaçı-jurnalist Elçin Alıoğlu isə, deyir ki, əslində, dünyada metroda havalandırma sistemlərinin 100-dən artıq variantı var. Bakı metropolitenində ventilyasiya sisteminin ən birinci problemi isə, odur ki, burda hava ionlaşdırılmır. Metrodakı müxtəlif qoxular insan psixikasına da mənfi təsir edir, ventilyasiya şaxtaları elə də yaxşı vəziyyətdə deyil. Cənab Alıoğlu bunun günahını təkcə metropoliten rəhbərliyində görmür: «Şəhərsalma planı kobudcasına tapdanır, həmin şaxtalar ətrafında qorunma zolaqları məhv edilib. Onların ətrafında yaşayış binaları, kafelər tikilib. Bir metro stansiyasında tənəffüs şaxtası yanında kabab bişirilir, onun da tüstüsü metroya vurulur».


Kondisionerləşdirmə sistemi baha başa gəlir, amma dünyanın böyük şəhərlərində - Nyu-Yorkda, Tokioda bəzi stansiyalarda bundan istifadə olunur. Nəzərə alsaq ki, Bakı metropolitenində gediş haqqı 250 köhnə manatdır, bir sərnişinin daşınması isə 1.000 köhnə manatdan baha çıxır, mənzərə bir az da aydınlaşır.


2006-cı ildə dövlət büdcəsindən metropolitenə 7 milyon yeni manat ayrılıb. Ancaq metropolitenin göstərdiyi xidmətlər əlavə dəyər vergisindən azad olunub, yəni bu pul dotasiya olaraq ayrılır. Ekspertlərin qənaətincə, büdcədən ayrılan vəsait elə böyük olmasa da, gediş haqqından əldə olunan gəlir də bunun üstünə gələndə ümumi məbləğə metro xidmətinin keyfiyyətini nisbətən yaxşılaşdırmaq olar. İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu bildirir ki, əslində, Bakı metropoliteni bu gəlirlərin uçotu, qeydiyyatı məsələsində elə də şəffaf siyasət yürütmür: «Bakı metropoliteni hələ də müasir kartlardan istifadə etmir».


Cənab İbadoğlunun fikrincə, uçot-qeydiyyat sistemini təkmilləşdirməklə metropolitenin maddi-texniki bazasını yaxşılaşdırmaq üçün əlavə vəsait qoyuluşu artırıla bilər. Bu halda bir sərnişinin daşınmasının maya dəyəri də min manatdan az başa gələr.


Bakı metropolitenindən verilən məlumata görəsə, gələn il yanvarın 1-dən jetonlardan istifadə olunmayacaq, hazırda qismən istifadə olunan plastik kartlara keçiləcək.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG