Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:34

Qafqaz ölkələrində kəndlinin vəziyyəti


Qax rayonu, Əlibəyli kəndində az qala bütün həyətlərdə üzüm tənəkləri görmək olar, 29 mart 2006

Qax rayonu, Əlibəyli kəndində az qala bütün həyətlərdə üzüm tənəkləri görmək olar, 29 mart 2006

Qafqazda əkinçiliyin tarixi çox qədimdi. Bunun da öz səbəbləri var. Regionun iqlimi elədir ki, yağıntı bol olur, ona görə də süni suvarma sistemləri olmadan da burda əkinçiliyi inkişaf etdirmək mümkündür. Bolsulu çaylar da az deyil. Amma Qafqazın hansı ölkəsinə getsən kəndlini dolanışığından gileyləndiyinin şahidi olarsınız.


Məhsul yığılanda deputat yoxa çıxdı…


Azərbaycanın şimal-qərbində yerləşən Qax rayonunda yerli camaat gileylənir ki, torpaqdan gəlir götürmək müşkül işə çevrilib. Bu bölgədə ənənəvi kənd təsərrüfatı sahələrindən biri də tütünçülükdür.


«Tütünə il boyu qulluq edilməlidir. Bu ilin yanvarında başlayırsan, ta gələn ilin yanvarında təhvil verirsən. Bu da sərf eləmir. Bunu əkmək, dərmək… Ona görə də heç kəs əkmir. Deputatımız gəlib camaatı inandırdı ki, siz tütün əkin, alış qiyməti yüksək olacaq. Camaat inanıb əkdi, məhsul yığılan vaxt isə deputat yoxa çıxdı, camaat aparıb məhsulu su qiymətinə təhvil verdi…»


Qonşu Zaqatala rayonunda da eyni vəziyyətdir, tütün əkən azdı. Bundan başqa camaat meyvəçilikdən, qoz-fındıqdan pul qazanır. Muxax kəndinin icra nümayəndəsi Əli Mahmudov deyir ki, kəndli öz məhsuluna qiymət qoya bilmir, qiyməti emal sexləri, yəni tütün sexləri, fındıq sexləri müəyyən edir, bu isə onun fikrincə, ədalətsizlikdir və dövlət məsələyə müdaxilə etməlidir. «Dövlət kənd təsərrüfatı məhsullarının kəndlidən alışının minimal qiymətlərini müəyyən etməlidir. Yoxsa bu amil kənd təsərrüfatının inkişafına mane olacaq».


Amma Azərbaycan azad bazar iqtisadiyyatı yolunu tutubsa, dövlətin sahibkarı nəyəsə məcbur etməsi nə dərəcədə düzgündür? Sahibkarlar bildirirlər ki, alış qiymətləri ədalətlidir, bunu bazar diktə edir, yəni onların istehsal etdiyi məhsul elə qiymətə başa gəlməlidir ki, həm onlara gəlir gətirsin, həm də alıcının cibinə uyğun olsun.


Dalandan necə çıxmaq olar?


Sovet İttifaqı dağılandan sonra kolxozlar ləğv edildi və torpaqlar kəndlilərə paylandı. Amma bəzi ekspertlər hesab edirlər ki, bu proses çox tələsik həyata keçirilib, böyük əkin sahələri xırda-xırda sahələrə bölünüb, xırda təsərrüfatlarda isə məhsulun maya dəyəri baha başa gəlir. Kənli Fermer Təsərrüfatları İttifaqının rəhbəri Sadıq Murtuzayev çıxış yolunu kooperasiyada, bir neçə kəndlinin öz qüvvələrini birləşdirməsində görür.


«Torpaqlar xırda olduğu üçün texnikadan istifadə etmək mümkün deyil. 1 hektar torpağı əkib becərmək üçün on minlərlə dollar qiyməti olan traktoru almaq sərf etmir. Heç buna imkan da yoxdur. Amma beş-altı kəndli birləşib bir traktor ala bilər».


Sadıq Murtuzayev deyir ki, kooperasiya formasından bir çox dünya ölkələrində, o cümlədən Çində uğurla istifadə olunur. Amma onun fikrincə, dövlət bu işə yardım göstərməlidir.


Kəndli peşəsini dəyişir


Amma Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyində vəziyyətin dramatik olması fikri ilə razılaşmırlar. Nazirliyin şöbə müdiri Sabir Vəliyev deyir ki, dövlət kəndliyə lazımi köməkliyi göstərir, kəndli istehsal üçün vergidən azad edilib. O ki qaldı texnikaya, onun sözlərinə görə, indi dövlət rayonlarda aqrolizinq servislərinin yaradılmasına başlayıb. Xaricdən traktor və kombaynlar alınıb həmin qurumlara verilir, kəndli də güzəştli şərtlərlə həmin texnikadan istifadə edə bilər. Sabir Vəliyev deyir ki, kəndlinin öz məhsulunu istədiyi qiymətə sata bilməməsinin əsas səbəbi bazarın monopoliyada olmasıdır. «Bazar sahibləri kəndliləri bazarda alver etməyə qoymurlar. Onların xüsusi adamları var, həmin adamlar bazarın qapısının ağzında kəndlini qarşılayıb ondan məhsulunu ucuz qiymətə alır. Kəndlinin isə ayrı yolu yoxdur, satmasa məhsulunu 200-300 kilometr geri daşımalı olacaq. Beləcə kəndli əməyinin dəyəri süni şəkildə aşağı salınır».


Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi deyir ki, onların bazarların işinə müdaxilə etmək səlahiyyəti yoxdur.


Kənd təsərrüfatının o qədər də sərfəli sahə olmaması bir çox kəndliləri öz peşələrini dəyişməyə məcbur edir. Qax rayonunda gürcülərin yaşadığı Əlibəyli kəndinin sakini Vitali Andreaşvili kimi. «Bakıda tikinti şirkətində işləyirəm, vəziyyət yaxşıdır. Bizim kənddən orada işləyən çoxdur».


Çoporti pomidoru


Traktora, kombayna Gürcüstanda da böyük ehtiyac var, insanlar torpağı əsasən dədə-baba qaydasıyla becərirlər - yəni bellə, toxayla. Məşhur tərəvəz sortlarının isə getdikcə ancaq adı qalır. Məsələn, Çoporti pomidoru kimi. Bakı bazarlarında malları yaxşı getsin deyə alverçilər məşhur Zirə pomidorunun adından istifadə etdikləri kimi Tbilisi bazarlarında da bu «funksiyanı» Çoporoti pomidoru yerinə yetirir. Bazarda kimi dindirirsən, satdığı pomidorun Çoportidən gəldiyini deyir.


Çoporti Gürcüstanın məşhur kəndlərindəndir. Kənd sakini 78 yaşlı Saşa Modzqvrişvili deyir ki, Çoporti pomidoru avqustda yetişir, ona görə də indi kimsə bazarda sizə bu adla pomidor təklif etsə, bilin ki yalan deyir.


«Əvvəllər bazara bir dəfəyə dörd-beş maşın pomidor göndərirdik. İndi isə heç vedrəylə də aparan yoxdur. Nə etmək olar, pomidor qızarmır, ekologiya korlanıb».


Çoporti pomidorunun xüsusi dadının sirrini Tariyel açır. O filarmoniyanın keçmiş solistidi, təqaüdə çıxandan sonra doğma kəndinə qayıdıb. Kiçik bağ təsərrüfatı var. «Məşhur Çoporti pomidorunun indi ancaq adı qalıb. Jinvali hidroelektrik stansiyasını tikəndən sonra su təmizləndi. Halbuki pomidora xüsusi dad verən elə bulanıq su idi».


Şəhərlə müqayisədə kəndin üstünlükləri


Bu kənddə qonağa böyük hörmət var, xüsusən də jurnalistə. Yerli camaat kəndin problemlərindən saatlarla danışa bilər. Azərbaycanda olduğu kimi burada da əsas məsələ texnikanın olmamasıdır. Tariyel deyir ki, traktor yox, gübrə yox, kombayn yox, hansını deyim: «On ildir bu problemlərdən can qurtara bilmirik. Camaat əl əməyindən istifadə etməyə məcbur olur – bellə, toxayla…»


Kənddə işıq problemi yoxdur, amma camaat ümumi sayğaclardan gileylənir. Çoxsaylı xahişlərə baxmayaraq Çoportidəki evlərdə sayğac quraşdırılmır. Əgər kimsə işıq pulunu ödəmirsə, bütün kəndin işığını söndürə bilərlər.


Kəndin qamgebelisi, yəni icra nümayəndəsi Nuqzar Perxuli bildirir ki, çoxdandı gündəlikdə kəndə qaz verilməsini bərpa eləmək ideyası var, amma hələ ki bu mümkün deyil.


Kəndin cavanları deyirlər ki, əgər kənddə yeni iş yerləri açılsa, çörək pulu qazanmaq üçün Tbilisiyə üz tutanlar azalar. Elə kənddə işləyərlər. Çünki şəhərə baxanda kəndin çox üstünlükləri var. Hamı bir-birini tanıyır, bir-birinə kömək edir, havası da təmizdir.


Erməni kəndlisinin ümidləri


Erməni kəndlisi də heç yerə getməyib öz yurdunda əkin-biçinlə məşğul olmaq istərdi, amma həyat bir çoxlarını qazanc dalınca Rusiyaya üz tutmağa məcbur edir. Ümid Yerevanda yaşayan böyük biznes sahiblərinin kəndə sərmayə yatırmasına qalıb. Axuryan Ermənistanın ən böyük kəndidir. Hətta bir neçə dəfə ona şəhər statusu vermək üçün məsələ də qaldırılıb, amma əhəmiyyət verən olmayıb. Kənddə 190 evsiz ailə yaşayır. Kənd ağbirçəyi Artsrun İqityan: «Biz prezidentə müraciət etdik ki, mənzil tikilməsi üçün sərəncam versin. Çox yaxşı olardı ki, 190 evsiz ailə mənzillə təmin olunsun. Biz bu məsələnin birdəfəlik həllini istəyirik. Bu çox anormaldır ki, kəndə evsiz damlar var».


Axuryanda şəkər zavodu


Hazırda kənddə şəkər zavodu tikilir. Əgər zavod işə düşərsə bu, bir çox problemlərin həlli demək olacaq. Ancaq bundan əvvəl də kənddə şəkər zavodu tikilirdi, amma tikinti yarımçıq qaldı. Görəsən bu zavodu da eyni aqibət gözləmir ki? Sakinlər bildirirlər ki, əgər hökumət maneçilik törətməsə zavodun tikintisi başa çatacaq. Müəssisə özəl sektora aiddir və tikinti üçün bütün avadanlıqlar alınıb.


Zavodun işə düşməsi ilə təxminən 1000-1200 yeni iş yerləri açıla bilər. Bəzi məlumatlara görə zavodun tikintisi 250 milyon dollara başa gələcək. Kənd sakinlərindən Artsur İqtiyan deyir ki, müəssisəni Ermənistanın ən varlı iş adamlarından biri tikdirdiyi üçün işin gedişinə ölkəyə şəkər idxalı ilə məşğul olan dairələrin mane olması inandırıcı deyil.


Rayon administrasiyasının rəhbəri Ovsep Simonyan deyir ki, zavodu deputat Samvel Aleksanyan tikdirir. Onun sözlərinə görə müəssisə işə düşdüyü təqdirdə bunun kənd üçün böyük perspektivləri ola bilər.


Güzəran ağır olduğundan digər Qafqaz respublikalarında olduğu kimi Ermənistanda da əmək qabiliyyətli insanlar işləmək üçün Rusiyaya üz tuturlar. Amma Axuryan kəndinin sakini Artsur İqityan bu prosesi miqrasiya kimi təqdim edilməsi ilə razılaşmır: «Bunun miqrasiya kimi qələmə vermək düzgün deyil. İnsanlar sadəcə olaraq işləməyə gedirlər. Onu qeyd edim ki, bu il gedənlərin sayı daha da artıb».


XS
SM
MD
LG