Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:12

Sahibkarlar xeyriyyəçiliyə daha çox vəsait yönəldə bilərlər


Azərbaycanda xeyriyyəyə meyl artmaqdadır
Azərbaycanda xeyriyyəyə meyl artmaqdadır

Dünyanın ən varlı maliyyəçisi Uorren Baffet elan etdi ki, xeyriyyəyə 37 milyard dollar verir. Baffetin özünə «cəmi» 7 milyard dollar qalır.


Statistikaya görə, keçən il amerikalılar fərdi olaraq ümumilikdə xeyriyyəyə 200 milyard dollar veriblər. Müqayisə üçün bütün Amerika şirkətləri birlikdə xeyriyyəyə bundan üç dəfə az – 60 milyard dollar ayırıblar.


İyunun 30-da «Azadlıq» radiosunun canlı efirində keçirilən müzakirədə «SOS Uşaq Kəndləri-Azərbaycan» Assosiasiyasının direktoru Uğur Zeynallı qeyd etdi ki, Azərbaycanda da xeyriyyəyə meyl son illər artmaqdadır. Amma iş adamlarına nisbətən sadə insanlar yardım etməyə daha çox meyllidirlər: «Böyük imkanları olan şəxslərdə kimsəsiz uşaqlara qarşı münasibət başqa cürdür. Onlar daha çox böyük layihələrə vəsait ayırmağa üstünlük verirlər».


Cənab Zeynallının fikrincə, Azərbaycanda xeyriyyəçiliyin böyük vüsət almamasının səbəblərindən biri də insanların xeyriyyə məqsədilə işləyən təşkilatların fəaliyyətinə inanmamasıdır: «Bir neçə təşkilatlar var ki, onlar sponsorlar, donorların verdiyi pulları lazımi istiqamətdə istifadə etmirlər. İnamsızlıq formalaşır».


İş adamı Venera Əsgərova söhbət əsnasında dedi ki, Azərbaycanda kim zəhmətkeş biznesmendir, o, həvəslə xeyriyyəçilik edir: «Halal zəhməti, alın təri ilə qazanan insanlar çox rahatlıqla xeyriyyəçilik edirlər. İnsan haqqını yeyən, onların zəhmətinin bəhrəsini qiymətləndirməyənlər xeyriyyəçilik edə bilmirlər».


Xanım Əsgərova bildirdi ki, Azərbaycandakı xaricilər də xeyriyyəçilikdə iştirak edirlər, üstəlik nədənsə, xaricilər xeyriyyəçiliyə daha çox can atırlar: «1994-cü ildə biz Azərbaycanda müəyyən sahələrdə işləyən əcnəbilərin xanımlarıyla bir klub yaratmışıq. Onlarla bərabər ehtiyacı olan körpələr evinə, uşaq evlərinə baş çəkirik. Müəyyən proqramları nəzərdən keçiririk və maliyyə tapıb bu proqramların həyata keçməsinə çalışırıq. Amma mən xarici xanımların xeyriyyəçiliyə daha çox üstünlük verdiyini diqqətə çatdırmaq istərdim».


Söhbətdə iştirak edən İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu isə diqqəti Azərbaycan qanunvericiliyində sahibkarları xeyriyyəçilik fəaliyyətinə stimullaşdıran müddəaların olmamasına çəkdi: «Əgər sahibkar öz mənfəətindən xeyriyyəçiliyə vəsait ödəyirsə, buna görə nə sahibkarı vergidən azad edirlər, nə də hər hansı bir imtiyaz verirlər».


Bu səbəbdən İqtisadi Hüquqi Maarifçilik Mərkəzinin baş hüquqşünası Ağamirzə Bağırov hesab edir ki, Azərbaycanda xeyriyyəçilik fəaliyyəti haqqında xüsusi qanuna ehtiyac var: «İnsanlar özlərini xeyriyyəçilikdə rahat hiss etməlidirlər. Xeyriyyəçilik etmək istəyən fiziki və yaxud hüquqi şəxs ola bilsin, bu və digər formada dövlətdən güzəşt gözləsin. Yəni, vergi, gömrük güzəştlərini nəzərdə tuturam» - deyə cənab Bağırov bildirir.


DİNLƏYİN!


XS
SM
MD
LG