Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:31

Brayzanın açıqlamaları birmənalı qarşılanmır


Ermənistan prezidenti Robert Koçaryan və Azərbaycan prezidenti İlham Əliyev

Ermənistan prezidenti Robert Koçaryan və Azərbaycan prezidenti İlham Əliyev

Bəzi ekspertlər hesab edir ki, amerikalı həmsədrin açıqlamaları tərəflərə təzyiq vasitəsidir


ATƏT-in Minsk Qrupunun (MQ) amerikalı yeni həmsədri Mətyu Brayzanın Qarabağ danışıqları ilə bağlı açıqlamaları istər Azərbaycanda, istərsə də Ermənistanda bu məsələ ətrafında yenidən müzakirələrin qızışmasına səbəb olub. Əslində Qarabağ danışıqlarının gedişi barədə ictimaiyyətdə məlumatsızlıq hökm sürdüyündən ATƏT-in MQ-nun amerikalı yeni həmsədri Mətyu Brayzanın açıqlamaları kifayət qədər maraqla qarşılanıb.


Müsavat partiyasının başqanı İsa Qəmbər deyir ki, danışıqların qapalı getdiyi bir şəraitdə bəzi məsələlərə az da olsa aydınlıq gətirilməsi təqdirə layiqdir. Üstəlik o, hesab edir ki, cənab Brayzanın açıqlamaları bir sıra ehtimalları təsdiq edir. İsa Qəmbərin deyir ki, sözlərinə görə, bu açıqlamalar hər şeydən əvvəl təsdiq edir ki, Qarabağ münaqişəsinin həlli ilə bağlı 2006-cı ilə bəslənən ümidlər özünü doğrultmur: «Məlum oldu ki, referendum ideyası çərçivə sazişində də öz əksini tapıb. Halbuki, referendum məsələsi Qarabağın hüquqi yolla itirilməsindən başqa bir şey deyil».


Ancaq qəzetlərə açıqlamalar verən bəzi ekspertlər amerikalı həmsədrin açıqlamalarında hansısa yenilik olmadığını bildirirlər. Yeni Azərbaycan Partiyası İcra Katibinin müavini Mübariz Qurbanlının sözlərinə görə, onsuz da hamıya məlumdur ki, Ermənistanın tərəfinin güzəştə hazır olmaması üzündən danışıqlarda hələ ki, mühüm irəliləyişlər yoxdur. Cənab Qurbanlı deyir ki, referendum məsələsini Azərbaycan hakimiyyəti bu vaxta qədər heç də xalqdan gizlətməyib: «Dağlıq Qarabağda referendum keçirilsə, bunun nəticələri bəribaşdan məlumdur. Üstəlik bu Azərbaycan konstitusiyasına ziddir. Ərazi məsələsi ümumxalq referendumu ilə həll edilməlidir. Deməli hər iki halda bu ideya ölü nöqtədən çıxmayacaq».


Bütün bunlarla belə cənab Brayzanın açıqlamaları ilə bağlı Azərbaycanda gedən müzakirələrdə heç də hamı referendum ideyasının üstündə dayanmağın tərəfdarı deyil. Politoloq Rasim Musabəyov deyir ki, danışıqların indiyə qədər bir nəticə verməməsi Azərbaycanın tərəfinin referendum ideyasına bir qədər ehtiyatlı yanaşmasıyla bağlı deyil. Rasim Musabəyovun gəldiyi nəticəyə görə, Ermənistan tərəfi nə Kəlbəcərin nə də Laçının boşaldılmasına razılıq verib. Bu isə o onun fikrincə, o deməkdir ki, Azərbaycan tərəfi hələ referenduma qədər bütün istədiklərini ala bilmir: «Əgər referendum keçirilsə onda Qarabağda vaxtilə yaşamış 45 min azərbaycanlıyla yanaşı 70 min laçınlı da sözünü deməlidir».


Rasim Musabəyov deyir ki, cənab Brayzanın açıqlamalarına həm də tərəflərə təzyiq kimi baxmaq lazımdır. O hesab edir ki, tərəflərin danışıqlardan çox onun görüntü yaratmağa çalışması həmsədrləri də narahat etməyə başlayıb. Hər halda cənab Brayzanın açıqlamaları Azərbaycanda yenidən nə etməli sualını aktuallaşdırıb. Müsavat başqanı İsa Qəmbər deyir ki, Azərbaycan hakimiyyəti danışıqların gedişini gözləmədən çox ciddi islahatlara başlamalıdır. Onun sözlərinə görə, yalnız iqtisadi-siyasi islahatlarla Azərbaycan öz mövqelərini gücləndirə bilər.


İndiyə qədər aparılan islahatların dəyərləndirilməsinə gəldikdə isə bu əslində Azərbaycanda hakimiyyətlə müxalifətin son illər bütün mübahisələrinin mahiyyətində duran mövzulardandır. Hakimiyyət aparılan islahatların uğurlarından, müxalifət isə korrupsiyadan, siyasi azadlıqların boğulmasından danışır.


Günün bütün mövzuları

XS
SM
MD
LG