Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:07

Rafiq Əliyev işdən çıxarılmasının verdiyi bəyanatlarla əlaqəsi olmadığını deyir


Keçmiş komitə sədri Rafiq Əliyev

Keçmiş komitə sədri Rafiq Əliyev

«Mən prezidentin sərəncamlarını şərh etmək istəmirəm» - deyən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri işsiz qalmayacağını bildirir


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Rafiq Əliyev tutduğu vəzifədən azad edildi. İşdən çıxarılmasının səbəbini yəqin ki, onun özü daha yaxşı bilir. Ancaq cənab Əliyev hələ ki, bundan danışmaq istəmir: «Mən bu suala bir cümləylə cavab verəcəyəm: Mən prezidentin sərəncamlarını şərh etmək istəmirəm».


Ancaq ekspertlər Rafiq Əliyevin işdən çıxarılmasını əsasən onunla Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadə arasında ciddi qarşıdurma yaranmasıyla izah edirlər. Mülahizələrə görə, dövlət başçısı məhz bu qarşıdurmanın nəticəsi olaraq cənab Əliyevi işdən çıxarmaq qərarına gəlib. Buna qədər isə, həm bu iki qurum arasında məhkəmə çəkişməsi gedir, həm də tərəflər bir-birilərinin ünvanına sərt ittihamlar səsləndirirdilər. Bir sıra dini araşdırmaların müəllifi Altay Göyüşov deyir ki, Rafiq Əliyevlə Allahşükür Paşazadə arasında çəkişmələr sırf şəxsi ədavətdən qaynaqlanmırdı. Onun sözlərinə görə, həm «Din və vicdan azadlığı haqqında» qanuna edilən düzəlişlər, həm də dini icmaların qeydiyyat məsələsinin Ədliyyə Nazirliyindən alınaraq, komitəyə verilməsi bu iki qurum arasında qarşıdurmanı qaçılmaz etmişdi. Eyni zamanda da düzəlişlərə əsasən bütün islam yönlü dini icmalar QMİ-yə tabe edilirdi. Hətta, hansısa müsəlman icmasını qeydiyyata almaq istəyən komitə gərək idarədən rəy alaydı. Cənab Göyüşovun sözlərinə görə, bütün bunlar da Azərbaycandakı müxtəlif təriqətlərə məxsus bir sıra müsəlman icmalarında mənfi reaksiyalar yaradırdı: «Bu, absurd bir məsələdir. Sən necə Azərbaycandakı nurçunu və ya vəhhabini məcbur edə bilərsən ki, o, şiə lideri olan şeyxi dini rəhbər kimi qəbul etsin».


Ancaq tərəflər arasındakı qarşıdurmanı heç də hamı qanundakı mövcud ziddiyyətlərlə izah etmir. «Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyir ki, qarşıdurma tədricən maddi, ideoloji müstəviyə də keçməyə başlamışdı: «Bəzi qüvvələr komitəni vəhhabilərlə əlaqədə ittiham edirdilər. Bundan başqa, Həcc ziyarəti, məscidlərə axundların təyin edilməsi üstündə ziddiyyətlər yaranmışdı. Bir sözlə, «yorğan davası» gedirdi».


Məsələni şərh edən bir sıra qəzetlər də vəzifədən azad edilməyə əsas səbəb kimi komitə ilə ruhani idarə arasında yaranan qarşıdurmanı göstərirlər. Hətta bir sıra qəzetlərin yazdığına görə, Şeyxülislam Allahşükür Paşazadə şəxsi nüfuzundan istifadə edərək Rafiq Əliyevin işdən çıxarılmasına nail olub.


İstefaya göndərilməzdən bir qədər əvvəl Rafiq Əliyev həm də Azərbaycandakı bir sıra dini qruplaşmaların hakimiyyətə gəlmək istəmələrindən və bəzi dövlət məmurlarının ayrı-ayrı dini təriqətlərə xidmət etmələrindən bəhs edən bəyanatlar verirdi. O, özü bizimlə söhbətdə həmin bəyanatlarla işdən çıxarılması arasında heç bir bağlılıq görmədiyini, hələ də dediklərinin üstündə durduğunu söylədi. Onun sözlərinə görə, bu bəyanatların verilməsində də dövlətin xüsusi məqsədləri var idi.


Cənab Əliyevin bundan sonrakı fəaliyyətinə gəldikdə isə, özünün deməsinə görə, yenə elmi-dini araşdırmalarla məşğul olacaq: «Mənim İrşad-İslam Araşdırmalar Mərkəzim var, yenə o quruma rəhbərlik edəcəm. Yəni işsiz qalmayacam. Ancaq mənə yenə ehtiyac görülsə, dövlət işinə qayıtmağa hazıram».


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 2000-ci ildə yaradılıb və o vaxtdan iyunun 27-nə qədər bu quruma Rafiq Əliyev rəhbərlik edib. İlham Əliyev 2003-cü ildə prezident seçildikdən sonra bir sıra nazir və komitə rəhbərlərini yenidən öz vəzifələrinə təsdiq etsə də, Rafiq Əliyevi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təsdiq etməmişdi. Rafiq Əliyev 3 il il idi ki, həmin səlahiyyətləri sadəcə, icra edirdi.


Günün bütün mövzuları

XS
SM
MD
LG