Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:31

«Heç vaxt sifarişlə yazı yazmamışam»


«Yazıçılar Birliyinin qapıları bütün istedadlı adamların üzünə açıqdır»
«Yazıçılar Birliyinin qapıları bütün istedadlı adamların üzünə açıqdır»

Yazıçı Anar 1938-ci il martın 14-də Bakıda xalq şairləri Rəsul Rza və Nigar Rəfibəylinin ailəsində anadan olub. Bu vaxta kimi yazdığı kitablarının sayı 30-dan çoxdur. Xalq yazıçısıdır, İstiqlal və Şöhrət ordenlərini alıb. Prezident təqaüdçüsüdür. Bu yaxınlarda Türk dünyasına xidmətinə və Balkan ölkələrində dərc olunan əsərlərinin yaratdığı ictimai rəyə görə, Beynəlxalq Balkan Ölkələri Yazarlar Birliyinin ödlünü alıb. Uzun illər «Qobustan» jurnalında baş redaktor olub. 1987-ci ildən Azərbaycan Yazıçılar Birliyinin sədridir.


MURAD (Bakı): Anar bəy, sizcə Azərbaycan nəsrinin bu qədər zəif inkişafı nə ilə əlaqədardır?


ANAR: Mən çox təəssüf edirəm ki, çox hörmətli Murad bilmədiyi şeydən danışır. Siz son illərdə çıxmış əsərləri oxumusunuzmu? Məsələn Elçin əsərlərini, Sabir Rüstəmxanlının romanını oxumusunuzmu? Kamal Abdullanın romanını oxumusunuzmu? Elçin Hüseynbəylin, İlqar Fəhminin romanlarını oxumusunuzmu? Üzr istəyirəm öz əsərlərimi də əlavə edirəm. Onları oxumusunuzmu? Oxumusunuzsa niyə bu əsərləri zəif sayırsınız? Oxumamısınızsa xahiş edirəm oxuyun ondan sonra belə sual verin.


CAVİD (Naxçıvan): Salam Anar müəllim! Dövrümüzdə saray şairi və ya saray yazıçısı varmı?


ANAR: Dövrümüzdə məgər saray varmı sarayın şairi də olsun?


ARİF KƏLƏNTƏROV (Bakı): İndi dəb halını alıb işdən gedənlər öz yerlərinə övladlarını qoyurlar. Oğlunuzun Yazıçılar Birliyinin sərdi olması heç ürəyinizdən keçib?


ANAR: Mən bilmirəm siz kimi nəzərdə tutursunuz. Məni nəzərdə tutursunuzsa, atam Rəsul Rza 1938-39-cu illərdə Yazıçılar Birliyinin sədri olub. Sonra latın əlifbasına keçid məsələsində qəzəbə gəlib və onu çıxarıblar. Valideynlərimin sağlığında mən heç Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü də deyildim. Mən yalnız 1987-ci ildə yəni anamla, atamın vəfatından 6 il sonra Yazıçılar Birliyinin sədri seçildim.


O ki qaldı oğluma, onun hekayələr kitabı çıxıb, amma, heç Birliyin üzvü deyil. Ona görə oğlumun nə vaxtsa Yazıçılar Birliyinə rəhbərlik edəcəyi ürəyimdən keçmir. Əgər möcüzə olarsa ki, onun Yazıçılar Birliyinin sədri seçilmək şansı yaransaydı, mən çox istərdim ki, o bu işə getməsin. Çünki Yazıçılar Birliyinin sədri olmaq çox böyük bir müsibətdir.


GÜNEL CAVANŞİR: Salam, Anar müəllim. Ziyalı, xalqın güzgüsüdür, dayağıdır, ümid yeridir, elə deyilmi? Lev Tolstoy rus inqilabının güzgüsü idi, bəs siz? Hökumət strukturlarında baş alıb gedən korrupsiya, orduda zabitlərin döyülməsi və s. pis vəziyyətlər haqda qələminizin altından münasibət çıxırmı? Son zamanlar nəyi tənqid etmisiniz mətbuatda? Yoxsa siz, Jan Bodriyarın sözü ilə desəm, "susqun kütlənin güzgüsüsünüz"?


"Mən anamla, atamın vəfatından 6 il sonra Yazıçılar Birliyinin sədri olmuşam"
ANAR: Xeyli tikanlı sual versəniz də cavab verirəm. «Lev Tolstoy rus inqilabının güzgüsü idi» bu Lenin fikridir. Mən özümü nə Lev Tolstoy hesab edirəm, nə də hansısa inqilabın güzgüsü. Ümumiyyətlə inqilabın olmasını da istəmirəm.


MÜHACİR (Vankuver): Hörmətli Anar müəllim, necə fikirləşirsiniz insan ambissiyasının sərhəddi varmı?


ANAR: Mənə elə gəlir ki, istedadı, imkanı, ağlı olan insanın ambisiyaları çox olmur. Ambisiya əsasən o adamlarda olur ki, bu cəhətdən kasadlıqları var.


ŞƏHLA (Bakı): Hörmətli Anar müəllim, sovet dövründə ədəbiyyat siyasətin, ideologiyanın bir əlavəsi idi. Həmin dövrdə istər ədəbiyyat, incəsənət, istərsə də elmi tədqiqatlar sahəsində dövlət sifarişləri olurdu. Yazıçılar, şairlər, alimlər də bu sifarişləri yerinə yetirmək üçün çalışırdılar. Dövlət sifarişinin ədəbiyyata nə dərəcədə adiyyatı olub-olmamasına toxunmuram. Amma mənə elə gəlir ki, bu sifarişlər hazırda olmadığından elmdə də, yaradıcılıqda da böhran özünü göstərir. Bir yazıçı kimi Siz heç dövlət sifarişini yerinə yetirmisinizmi? Və ya sifariş olarsa münasibətiniz necə olar?


ANAR: Mənə aydın deyil ki, «sifariş» deyəndə nə nəzərdə tutulur. Bəzən hansısa mövzuda müsabiqələr elan olunur. Yazan yazır, yazmayan yazmır. Mən şəxsən heç vaxt heç bir müsabiqədə iştirak etməmişəm. Heç vaxt da sifarişlə yazı yazmamışam.


Başqa məsələdir ki, hazırda dövlət sifarişləri ilə filmlər çəkilir. Təbii ki, bu ancaq dövlətin vəsaiti ilə ola bilər. Bu yaxınlarda görkəmli şairimiz Hüseyn Cavid haqqında filim çəkilməsi üçün dövlət vəsait ayırıb. Filimin ssenarisini yazmaq mənə tapşırıldı. Ssenari yazıldı, hazırda da filimin çəkilişləri bitmək üzrədir.


ETİBAR (London): Mən ədəbiyyat həvəskarıyam. Cavanlıqda lap çox oxuyardım. Sizin, Elçinin, Əkrəmin, Sabir Əhmədlinin, hətta Hüseyn Abbaszadə və Əbülhəsənində əsərlərini oxumuşam. Amma son dövrlər bir çox qəzetlərdə ədəbiyyat əlavələri çıxarkən ədəbiyyata marağım alt-üst oldu. Mən bu yazılanları çox vaxt başa düşə bilmirəm. Elə yazılar var ki, hətta söyüş və kuxna terminlərindən də istifadə olunur. Müasir ədəbi əsərlərdə bu ifadələrin yeri gəldi-gəlmədi istifadə olunmasına münasibətiniz necədir? Digər sualımda odur ki, yazıçı olaraq Anar necə düşünür qəzetdə böyük ədəbiyyat yaratmaq mümkündürmü?


ANAR: Mən də sizinlə razıyam ki, söyüş ədəbiyyata gəlməməlidir. Mətbəx söhbətləri, dedi-qodular ədəbiyyata gəlməməlidir. Əgər belə əsərlər çıxırsa mən də bunların əleyhinəyəm, mən də bunları qəbul eləmirəm. Sizin adlarını çəkdiyiniz yazıçılar indi də yazırlar. Əgər onların əsərlərini oxuyursunuzsa, yenə də oxuyun. Ara-bir mənim yazdıqlarımı da oxuyun.


Qəzetlərdə çıxan ədəbi yazılara gəldikdə isə, məsələn Cəlil Məmmədquluzadənin qəzetdə kiçik bir hekayəsi çıxa bilərdi və bu böyük ədəbiyyatdır. Amma elə yazılar var ki, istər qəzetdə, istər jurnalda, istərsə də kitab şəklində çıxsın bu ədəbiyyat sayılmır.


ƏTRAFLI FORUMDA OXUYUN!


XS
SM
MD
LG