Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:54

“Ayna”: “Ermənistan Azərbaycanı hədələyir”



“525-ci qəzet”in əməkdaşı yazır ki, Bakı prinsipcə Dağlıq Qarabağın gələcək statusu ilə bağlı referendum keçirilməsini mümkün sayır, lakin burada söhbət bölgənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində statusundan getməlidir. Müəllif bu fikrin Xarici İşlər naziri Elmar Məmmədyarov tərəfindən də təsdiqləndiyini yazır. Müəllifə görə, gələcəkdə Azərbaycanın Konstitusiyasına Dağlıq Qarabağa dair bölmə əlavə etmək üçün də referendum keçirilməsi lazım gələcək. Amma bu, erməni tərəfin iddia etdiyi kimi, yalnız Dağlıq Qarabağda deyil, Azərbaycan miqyasında keçiriləcək referendum olacaq. Məhz bu nöqteyi-nəzərdən rəsmi Bakı referendum məsələsinə prinsipcə razıdır.


“Ayna” qəzetindəki “Ermənistan Azərbaycanı hədələyir” başlıqlı məqalədə bildirilir ki, rəsmi Yerevana görə, Azərbaycan özünün ərazi bütövlüyünü bərpa edə bilməz: “Azərbaycan hərbi büdcəsinin həcmindən asılı olmayaraq, heç vaxt Dağlıq Qarabağ xalqını azadlıq və öz müqəddəratını təyin etmək hüququndan imtinaya məcbur edə bilməz”. Bu ultimativ bəyanatla dünən Ermənistan Xarici İşlər Nazirliyi çıxış edib. Belə ki, bir neçə gün bundan öncə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayzanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün hazırda müzakirə olunan “çərçivə sazişi”nin detallarını açıqlaması rəsmi Yerevanı çox narahat edib. Ermənistanın ayrı-ayrı dairələrində bunu faktiki olaraq ABŞ-ın Azərbaycanı birərəfli qaydada dəstəkləməsi kimi dəyərləndirənlər də var.


“Bakı-Xəbər” qəzeti yazır ki, Korrupsiya ilə Mübarizə Komissiyasının Əsasnaməsində onun mətbuat nümayəndələrindən ibarət İşçi Qrupunun yaradılması da nəzərdə tutulmuşdu. Bu qrupun işi və səlahiyyətləri barədə geniş normativlər açıqlanmasa da, adından göründüyü kimi, İşçi Qrupu iki əsas funksiyanı yerinə yetirməklə komissiyanın fəaliyyətində maksimum şəffaflığı təmin etməli idi. Birincisi, komissiya ilə mətbuat arasında əlaqələndirici rolunu oynamalı, ikincisi, isə korrupsiya halları barədə ən müxtəlif KİV-lərdə işıq üzü görən faktları, şərh və ehtimalları toplayaraq, komissiyanın müzakirəsinə təqdim etməli idi. “Lakin Əsasnamənin təsdiqindən bir ilə yaxın vaxt ötməsinə baxmayaraq, İşçi Qrupundan səs-soraq yoxdur”,– deyə “Bakı-Xəbər” qəzetinin əməkdaşı bildirir.


XS
SM
MD
LG