Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:28

Fransalı Hacıbəyli Bakıda Sarabski ilə görüşdü!


Bakı caz festivalının canlı şahidinə çevrildi
Bakı caz festivalının canlı şahidinə çevrildi

AZADLIQ: «İz» mədəniyyət proqramının bu sayında Bakıda keçirilən Beynəlxalq Caz Festivalından söz açır. Caz bilicilərindən Rövşən Sənanoğlu və Oyrat Rüstəmzadə ilə üz-üzəyik... Belə musiqi şənliklərini, tutalım, Gəncədə, Naxçıvanda, yaxud Mingəçevirdə keçirmək olmazmı? Ümumiyyətlə, «caz və əyalət» çoxmu uyuşmaz anlayışlardır?


OYRAT RÜSTƏMZADƏ: Bölgələrdə çox az sayda da olsa, ayrı-ayrı musiqiçilər var, amma publika yoxdur. Peşəkarlar, təhsil mütəxəssisləri, Konservatoriya Bakıdadır, axı.


RÖVŞƏN SƏNANOĞLU: Rayonların çox sakit həyat axarı var. Orada iri şəhərlərin mühiti yoxdur. Caz – iri şəhərin nəfəsidir.


AZADLIQ: Sizcə, «Azərbaycan cazı» təkcə muğamdan qidalanır, yoxsa daha nələrisə əhatə edir?


OYRAT RÜSTƏMZADƏ: Muğamla cazı müqayisə etməyə dəyər. Hər ikisi improvizasiyadan qaynaqlanır...


RÖVŞƏN SƏNANOĞLU: Caz klassik musiqidən də, muğamdan da, çağdaş musiqidən də, hər şeydən qidalanır. Bu qidalanma onun öz qanunları, öz çərçivəsi daxilində baş tutur. Məsələn, caz muğam deyəndə, heç də caz improvizasiyalarının, tutalım, tarla müşayiət olunması nəzərdə tutulmur – onların ortaq məxrəcə gətirilməsindən söhbət gedir. İki musiqi axarının çərçivələrindən onların sintezi yaranır.


AZADLIQ: Cazı sevməyənlər nə itirirlər?


OYRAT RÜSTƏMZADƏ: Biri klassik musiqini sevir, biri muğamatı, digəri estradanı və s. və i.a. Bu baxımdan «nə itirirlər?» sualının cavabı önəmli deyil.


RÖVŞƏN SƏNANOĞLU: «Cazı sevənlər nə qazanırlar?» sualının cavabı önəmlidir. Caz daxili azadlıq, sərbəstlik, azad ruh deməkdir. Caz azad ruhu, yaradıcı ruhu, ünsiyyət ruhunu gücləndirir. Caz başqalarını dinləməyi öyrədir. Məhz «Azadlıq» radiosunda azad ruhdan – cazdan söz açdığınız üçün minnətdaram.


OYRAT RÜSTƏMZADƏ: Bir əlavəm var: cazı dinləyici auditoriyasına daha geniş tanıtmaq çox vacibdir. Buna qatqılarınız üçün sizin radioya – «Azadlıq»a təşəkkür edirəm.


Buna da bax:

XS
SM
MD
LG