Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:31

Gədəbəy yağışa həsrət qalıb


Saratovka kəndi: rusların sayı azalır, 23 iyun 2006

Saratovka kəndi: rusların sayı azalır, 23 iyun 2006

İndi Gədəbəydə əkinçilər narahatdır, bir aydır ki, bu yerlərə yağış yağmır. Yağış yağmadısa, kartof da olmayacaq. Kartof isə bu yerlərin çörək ağacıdır. Ona görə də hamının sözü-söhbəti fəlakət kimi gələn quraqlıqdandır.


Gədəbəy də Azərbaycanın dağlıq rayonlarından biridir. Yol boyu nabələd adam üçün laləli düzlər gözəllikdir, yerlilər üçün isə dərd-qəm… Çünki bu vaxtlar ot dizdən olarmış, indisə susuzluqdan saralıb quruyur.


Söyüdlünün söyüdü yoxdur


Rayon mərkəzinin 2-3 km-də yerləşən Söyüdlü kəndində dayandıq. Camaatın əsas dolanışı kartofçuluq və heyvandarlıqdır. Deyirlər ki, aran yerlərinin camaatı otu bahalaşdırıb: «Bildilər ki, Gədəbəydə quraqlıqdır, otun qiymətini qaldırıblar 11 min manata».


Bu kəndin yarısı su sarıdan əziyyət çəkir. Söyüdlünün bulağı əskik deyil, hətta kəndin ayağından – dərədən kiçik çay da axır, o qədər hündür olmayan şəlaləsi də var. Ancaq çox evin həyətinə su gəlmir. Kəndi gəzərkən tez-tez çiynində səhəng, əlində vedrə olan qadınlarla rastlaşdım. Yağış yağmadığından həyətlərindəki kartof sahəsini də vedrəylə su daşıyıb sulayırdılar.


Kəndin yolları daşlı-torpaqlı olduğundan bir maşın ötən kimi toz qalxır. Camaat bu toza öyrəşsə də, deyirlər ki, rayon rəhbərliyi yolları düzəltməyə söz verib əməl eləmədi. Amma onlar yenə də ümidlərini üzmürlər ki, kəndin yolu düzələcək.


Söyüdlünün mərkəzində bir neçə mağaza və bir yeməkxana var. Yeməkxananın qabağındakı yeganə stolun başına ağsaqqallar yığışıb nərdtaxta oynayırlar. Gileyləri isə dillərinin ucundadı: «Quraqlıq olduğundan çoxu heyvanı nəylə saxlayacaq bilmir. Kartof da ki, əldən gedir. Kimsədən də bir yardım yoxdu»


Gənclərin çoxu Rusiyadadır


Söyüdlü gənclərinin çoxu Rusiyadadır. Elə kənd də onların hər ay Rusiyadan göndərdikləri pul hesabına dolanır. 3 uşaq anası İradə Əliyeva deyir ki, həyat yoldaşı ticarətçi olub, vaxtilə kənd istehlak kooperativində işləyib. Amma keçid dövrünün gətirdiyi çətinliklərlə bacarmayıb Sibirə işləməyə gedib. İradə xanım deyir ki, Rusiyanın Şimalında Söyüdlüdən olanlar çoxdu, orda zavodda işləyirlər, elə ayağı yer tutan da onların arxasınca gedir. Həyat yoldaşı ayda 600 dollara qədər pul alır, onun yarısını da evə göndərir. Ancaq 200-300 dollar pul bu kiçik ailənin ehtiyaclarını ödəmir. Çünki həm ev-eşik düzəlməlidir, həm də 3 uşağın geyimi, yeməyi… Bir tərəfdən də yanacaq xərcləri bu ailənin aylıq büdcəsini əməlli-başlı silkələyir. Kənddə qaz yoxdur. Hamı odundan, dəmir balonlarda maye qazdan istifadə edir.


Ümid oduna qalıb, 23 iyun 2006
Odunun qiyməti isə qalxıb. Ağsaqqallar danışır ki, sovet dövründə də bu kənddə qaz olmayıb, amma kolxozun verdiyi neft, daş kömür və digər yanacaq növləri meşələri qırılmaqdan qoruyurmuş. «Bizi 10 metr odun görmür. 80-100 «şirvan» pul veririk».


Söyüdlünün yaralı yeri


İşıq da Söyüdlünün yaralı yeridir. Axşam bir neçə saat işıq yanır, daha doğrusu közərir. Camaat deyir ki, hər ay bu közərən işıq üçün 20 min manat pul ödəyirlər: «60 voltluq işıq yanır, bu da ayda 3-4 min manat edir, amma bizdən bu qədər pul tuturlar».


Söyüdlülərin bəzisi torpaq payı almayıb. Kimisi Rusiyaya getdiyindən, kimisi də həbsxanada olduğundan... «Türmədən çıxmışam. Mənə pay torpağı vermirlər. 10 baş külfətik».


Kəndi gəzərkən həyətdə, ocaq qırağında dovğa bulayan Məsmə nənəni görüb içəri keçdik. Şəklini çəkməyimə qeyzləndi: «Niyə belə çəkirsən. Qoy gedim saçımı darayım, pudralanım, ətirlənim ondan sonra da…» Məsmə nənə dolanşından narazı olmasa da, qızı onunla razılaşmadı: «Bir adamın pensiyasıyla bu boyda külfət necə dolansın?»


Söyüdlü kəndini başdan-başa gəzsəm də, bir dənə də söyüd ağacına rast gəlmədim. Məlum oldu ki, söyüdlülər heç söyüd ağacını tanımırlar da, bəs kəndin adı niyə Söyüdlüdür? «Söyüd kimi uzun adamlar yaşayıblar, ona görə kəndin adı da Söyüdlü qalıb».


Balaca Nicat üçün isə kəndinin adının fərqi yoxdur. Əsas odur ki, yaşadığı yerlər gözəldir və o da öz yurdunu sevir


Qızıl yatağı


Yerlilər deyirlər ki, bolşeviklərin oktyabr çevrilişi bu yerlərə düşməyib, «xoşbəxt sosializm» olanları da yox eləyib. Qafqazda ilk dəmiryolu, ilk işıq, ilk telefon rabitəsi məhz Gədəbəyin payına düşür. 1800-cü illərin sonunda Gədəbəydə işləmiş alman mühəndisi və geoloqu Volfman xatirlərəində yazıbmış ki, Yerin cənnəti Gədəbəydədir.


Rayonun zəngin filiz yataqlarının şöhrəti XIX əsrdə dünyaya yayılsa da, ara-sıra aparılan arxeoloji qazıntılar bu bölgənin qədim sakinlərinin hələ e.ə. II-III əsrdə misdən istifadə etdiklərini göstərirmiş. Məşhur «Simens» şirkəti də Gədəbəyin sorağını XIX əsrin axırlarında alıb. 1855-56-cı illərdə yerlilərin tikdiyi misəritmə zavoduna yiyə çıxıb onu yenidən qurub. Ancaq Simens qardaşları bu zavodla kifayətlənməyib Qalakənddə bir zavod da tikiblər. Şirkət misin daşınması üçün Qalakəndə qədər dağın döşündə dəmiryolu xətti çəkib. Yaşlılar deyirlər ki, marağa səbəb nə dəmiryolu, nə də teleqraf olub. Onların babalarını, nənələrini rayonda qurulan su elektrik stansiyası təəccübləndiribmiş.


Qızıl yataqlarında mühəndis-texniki işlər aparılır, 23 iyun 2006
Misi elektrik üsuluyla əridirmişlər. Gədəbəy rayon icra hakimiyyəti başçısının müavini Sevinc Hüseynova deyir ki, inqilabdan sonra yeni hakimiyyət misəritmə zavodlarını işlədə bilmədi və buna görə də hər şey dağılıb getdi: «Amma alman-sovet müharibəsi dövründə hərbi məqsədlər üçün Gədəbəydən mis çıxarıblar. Heç yerdə bu rəsmi qeyd olumayıb. Bunu filizi daşıyan sürücülər danışırdılar».


İndi burda yenə də zavod tikmək istəyirlər. Amma qızıl emalıyla məşğul olacaq zavod… Gədəbəydə zəngin qızıl yataqları aşkar edilib. İndi Mağara deyilən ərazidə mühəndis-texniki işlər aparılır. Geoloq Ramin Salmanlı deyir ki, hələlik quyu qazırlar.


Rayon icra hakimiyyəti başçısı Sədaqət Abbasovun fikrincə, qızıl emalı zavodu işə düşərsə, bu, təkcə Gədəbəyə yox, bütün Gəncəbasar bölgəsinin sosial-iqtisadi durumuna təkan verəcək. Zavodun özünün tikintisinə 3 min, orada daimi işləmək üçünsə 5 min adam gərəkdir.


Rus kəndlərində rus qəhətə çıxıb


Gədəbəyin 3 kəndində - Slavyanka, İvanovka və Saratovkada vaxtilə ruslar yaşayıblar. Slavyanka rayonun girəcəyində yerləşsə də, İvanovkayla Saratovka Ermənistanla sərhədin yaxınlığındadır. Elə biz də üzümüzü Saratovkaya tutduq ki, gədəbəyli ruslarla tanış olaq. Amma əvvəlcə bizi problemli azərbaycanlılar qarşıladı. Deyəsən, bu yerlərdə jurnalist görməyə adət etməyiblər. Saratovkada özünü təqdim etməyən sahə müvəkkili kimliyimizlə maraqlandı, Gədəbəyin bazarında isə nəzarətçilərdən biri təkid elədi ki, camaatla danışmaqdan öncə özümüzü bazarkoma təqdim edək. Müxbir görməyə adət etməsələr də, sən demə, jurnalist yolunu gözləyənlər də varmış. Saratovkanın azərbaycanlı, rus sakinləri kimi: «Elə çoxdan gözləyirdik ki, bir gələn olsun, dərdimizi deyək. Heç olmasa iki ayda bir dəfə gəlin, heç olmasa sözümüzü sizə deyək».


Oğlunun birini Qarabağ döyüşlərində, o birisini isə bu yaxınlarda avtomobil qəzasında itirən, nəvələriylə tək qalan Qənbər dayı göz yaşlarının zorla saxlayırdı… «Gün-günorta olub, amma hələ də o uşaqların dilinə çörək dəyməyib. Bu yaşımda bilmirəm tifilləri necə dolandırım, nəylə saxlayım?»


İslam dayı isə yuxarılara ərizə yazmaqdan barmaqlarının qabar olduğundan danışır: «Bircə məni İlham Əliyev qəbul eləsin, dərdimi deyim… Oğlum Mehriban Əliyevanın qəbulunda oldu, amma hələ də torpaq məsələsi havadan asılı qalıb, həll eləmirlər».


Saratovka rus kəndi olub. Yerli sakinlərin dediklərinə görə vaxtilə Rusiya çarılığı sərhədləri möhkəmləndirmək üçün Azərbaycanın bu bölgəsinə kütləvi şəkildə rus ailələri köçürüb. Bunu mənə kəndin Klinyovka məhəlləsində yaşayan Nadya Allahverdiyeva danışdı.


Nadya xanım deyir ki, onun xalaları, dayıları Qarabağ döyüşləri başlayanda çıxıb getdilər. «İndi vətəndən ötrü darıxırlar». Onun adaşı Nadya Mürsəlova isə Gədəbəyə gəlin gəlib. Rusiyada əsgərlikdə olan azərbaycanlı həyat yoldaşı onu Saratovkaya gətirəndə Nadya xanım kəndini və həyat tərzini dəyişməsini hiss etməyib. «Yoxsa gəlməzdim, burda hər şey mənim vətənimdəki kimiydi. Rus həyat tərzi… Sonra uşaqlar oldu, böyüdü. İndi də onları qoyub gedə bilmirəm».


Nadya xanım Azərbaycan dilini də öyrənib, yaxşı danışa bilməsə də, fikrini izah etməkdə çətinlik çəkmir. Deyir ki, bir ara evlərini satıb Gəncəyə də köçmək istəyiblər. Ancaq sonradan fikirlərindən daşınıblar. Gədəbəyin səfalı havası onları tutub saxlayıb.


Kənddə ruslar əvvəlki kimi çox deyil. Ermənistanla sərhəddə yerləşdiyindən Qarabağ müharibəsi zamanı Saratovkaya erməni hərbçiləri atəş açırmış. Bu isə rus kəndlərini boşaldıb.



Gədəbəy bazarı, 23 iyun 2006
İvan İvanoviçin 70-dən çox yaşı var. Qonum-qonşusu azərbaycanlı olsa da, hələ yerli dili bilmir. Elə məndən də xahiş elədi ki, sualımı onun dilində verim. Sualım yaşayış şəraiti ilə bağlı oldu. «Əvvəllər yaxşıydı, cavanıydım, güclüydüm, amma indi qocalmışam. İndi buna yaşamaq da demək olmaz».


Saratovkada hamını şikayətçi gördüm: «Təqaüdumuzü vaxtında vermirlər, kəsirlər. Bu qocalar necə yaşasınlar? Necə yaşayaq? Biz yalnız bu təqaüdlə yaşayırıq. O da çörəyə çatır ancaq. Uşaqlardan da kömək yoxdu».


Kəndin yaşlı sakinləri uşaqları göstərib dedilər ki, böyüyəndə onlar da qaçacaqlar. «Böyüyəndə qaçacaqsanmı?» sualıma Nizaməddin «yox» cavabı verib Səməd Vurğunun «Azərbaycan» şerindən bir parça da söylədi.


Gədəbəyin bazarında az qala dava salacaqdıq. Camaatın güzəranıyla maraqlananda yoldaşlarının Şəfiqə müəllimə dedikləri bir satıcı yaxınlaşıb «hər şeyin əla» olduğunu söylədi. Onun bu sözləri isə satıcı yoldaşlarını təbdən özndən çıxardı.


89 yaşlı Kazım dayı da alış-veriş eləmişdi. Aldığını mənə göstərdi, torbasında iki-üç dənə badımcan, 6-7 pomidor, bir parça da ət varıydı. «Bir qarımdı, bir də mən, otururuq üz-üzə, o mənə baxır, mən ona. O mənim üzümdən öpür, mən onun. Qarım olmasaydı üstümdə ot bitərdi» deyib qarısıyla öyündü. Söhbət aldığı təqaüdə çatanda kefi pozuldu: «Hardan görəcək. Odunun metrini 7 «şirvana» alıram, əti 2 «şirvan» yarıma. Çörəyi də «məmmədə» alıram».


Qışda xizək üçün İsveçrəyə getməyə ehtiyac yoxdur


Rayon icra hakimiyyətində deyirlər ki, camaatın işıq sarıdan narazılığına əsas var: Gədəbəyə gələn işıq xətləri sovet dövründən qalıb, keyfiyyətli işıq ötürə bilmir. Problem isə həll olunacaq. Belə ki, Gədəbəydə 110 kilovatlıq elektrik xətti quraşdırılır. Rayon icra hakimiyyəti başçısının müavini Sədaqət Abbasov deyir ki, quraqlığı təbii fəlakət kimi qəbul edib hökumət qarşısında məsələ qaldırıblar: «Xüsusilə yanacaq sarıdan istəyirik ki, bizə kömək eləsinlər».


İcra başçısının digər müavini Sevinc Hüseynovanın fikrincə, rayon camaatının gün-güzəranını yaxşılaşdırmaq üçün dağ turizminin inkişafına ehtiyac var və artıq onlar lazım olan proqramı da hazırlayıblar. Sevinc xanım deyir ki, rayonda dünya və ölkə əhəmiyyətli tarixi abidələr də var. Məşhur Roma sərkərdəsi Pompeyin pullarının tapıldığı bölgənin turistlər üçün maraqlı olacağına inanan xanım Hüseynova rayonda arxeoloji qazıntıların bərpasını vacib sayır.


Gədəbəydə hər söhbətin başı isə bu ilki quraqlıq barədədi. İcra başçısının müavini Sevinc Hüseynova hesab eləyir ki, kəndlərdə əkinçilər, fermerlər arasında sığorta mədəniyyətini aşılmaq lazımdır: «Belə olarsa, onda il quraqlıq gələndə onlara zərərə düşməzlər».


Mən Gədəbəyi tərk edən gün yağış çilədi. Ancaq bu yağış bir aydır su görməyən torpağın heç üzünü də islatmadı. Camaat isə bir əli göydə yağış diləyirdi…


XS
SM
MD
LG