Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:25

Anbar iqtisadiyyatı


Dövlət Statistika Komitəsinin məlumatında göstərilir ki, bu məhsulların bəziləri dövlət sektoruna aid müəssisələrin payına düşür
Dövlət Statistika Komitəsinin məlumatında göstərilir ki, bu məhsulların bəziləri dövlət sektoruna aid müəssisələrin payına düşür
Azərbaycanda bu ilin ilk üç ayında 30 minik avtomobili yığılıb. 400-dən çox maşın isə anbarda özünə müştəri gözləyir.

Anbarda soyuducu, kondisioner də tapmaq olar. Məsələn, 700-ə yaxın soyuducu istehsal olunub. Amma anbarda 600 soyuducu var. 400-dən çox kondisioner də müştəri axtarır.

Dövlət Statistika Komitəsindən aldığımız məlumata görə, bu ilin birinci rübündə soyuducu istehsalı 25 faiz, minik maşını isə təxminən 70 faiz azalıb. Çünki anbarda kifayət qədər mal var.

Ötən ildən qalma mallar arasında monitorlara, klaviaturalara, pambıq parçalara rast gəlmək olar.

Dövlət Statistika Komitəsinin məlumatında göstərilir ki, bu məhsulların bəziləri dövlət sektoruna aid müəssisələrin payına düşür. Bəzilərini isə sahibkarlar istehsal edir. Məgər malın anbara yığılması sahibkara pul qazandırırmı? Ölkə iqtisadiyyatının anbar siyasətinə yerli ekspertlərin rəyləri necədir?

Amma əvvəlcə bir neçə il qabağın bir söhbətini xatırlatmaq istərdim. Regionların sosial-iqtisadi inkişaf proqramı işə düşəndən sonra bölgə sahibkarlarına güzəştli kreditlər verilməyə başlamışdı. Gəncədə yüngül sənaye ilə məşğul olan kombinatların biri də təxminən 100 min manat məbləğində güzəştli kredit almışdı. Həmin müəssisənin icraçı direktoru bizə qeyri-rəsmi bildirdi ki, onların istehsal etdikləri pambıq parçalar anbara yığılır. Satmağa müştəri yoxdur. Təəccüblə soruşdum ki, müştərisi olmayan malı niyə istehsal edirlər? Cavabında belə dedi:

«Yuxarıdan bu pulu verib dedilər ki, mütləq kombinat işləməlidir, işçilər əməkhaqqı almalıdır».

«İstehsal xətrinə istehsal?»

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev də deyir ki, son illər regionlarda yaranan müəssisələr bazar tələblərinə uyğun qurulmayıb:

«İstehsal olunan məhsul rəqabətli bazara hesablanmayıb. Bu cür müəssisələrin məhsullarını daha çox dövlət strukturları real qiymətindən xeyli baha alır. Həmin müəssisələr üçün ayrılan vəsaitlərin azalması onların məhsulunun satılması imkanlarına da mənfi təsir edir. Onlar sadəcə olaraq görüntü üçün, istehsal xətrinə istehsal edirlər ki, regionlarda işləyən müəssisələr var. Hesabat vermək lazım gələndə bu müəssisələrin adları çəkilsin».

«Xarici yoxsa yerli klaviatura?»

Nazirlər Kabinetinin iqtisadiyyat şöbəsinin keçmiş müdiri Oqtay Haqverdiyev isə hesab edir ki, Azərbaycanda bəzi istehsal sahələri investisiya qoyulması üçün düzgün seçilməyib. Onun fikrincə, dünya maliyyə böhranından asılı olmayaraq, bəzi məhsulların rəqabət qabiliyyəti yoxdur:

«Məsələn, zavod dayanana qədər bizdə alüminium çıxarılırdı. Xammal şəklində də göndərilirdi xarici ölkələrə. Amma bu xammaldan rəqabət qabiliyyətli nəsə istehsal edib ortaya çıxara bilmirik. Bunun özü çox pis haldır ki, biz yekun məhsulu yarada bilmirik».

Oqtay Haqverdiyev deyir ki, məsələn, kiməsə, hətta kasıba da bir klaviatura lazım olsa, yerli yox, xarici istehsallı mal alar:

«Şamaxıda televizor buraxmaq istəyirdilər, ya maşın yığırdılar. Nə oldu bunun axırı? Gərək peşəkarı olasan bu sahənin. İllərlə bu təcrübəni öyrənəsən. Anbarlarda yığılan məhsullara gəlincə, bu, onu göstərir ki, həmin bu mallara təlabat yoxdur. Digər tərəfdən alıcılıq qabiliyyəti aşağı düşür. Bunun da təsiri var».

Oqtay Haqverdiyev deyir ki, iqtisadi baxımdan malını sata bilməyən müəssisələr öz fəaliyyətlərini dayandırmalıdır. Amma məsələyə sosial prizmadan yanaşanda orda işləyən adamların taleyini düşünməli olursan.

«Anbarda qalmaqdansa, maya dəyərinə satmaq olarmı?»

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Nazim Məmmədov da deyir ki, hətta mallar anbara yığılıb qalsa da, müəssisənin fəaliyyətini dayandırmaq olmaz. Çünki bu, işsizliyə ciddi təsir göstərər:

«Böhranın dərinləşdiyi bir vaxtda hansı müəssisənin dövriyyədə məhsulu varsa, anbara işləməsi məqsədəuyğundur. Çünki istehsalı dayandırmaq, təzədən başlamaqla böyük itikilərlə üzləşmək təhlükəsi var. Ondansa mallar anbarda yığılıb qalsın».

Ancaq millət vəkili deyir ki, böhran şəraitində malların qıtlığı hiss oluna bilər. Ona görə də müəssisə sahibləri malı anbarda yatızdırmaqdansa, maya dəyərinə də olsa, satsalar, uduzmazlar:

«Dövriyyədə malları olar. Əldə etdikləri pulla yenidən istehsalı davam etdirərlər».

Bəlkə azad rəqabətli bazar?

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyin sədri Azər Mehtiyev isə deyir, real olaraq investisiyalar barədə qərarları sahibkarların öz öhdəsinə buraxmaq lazımdır. Bu zaman isə qərarı azad rəqabətli bazar diktə etməlidir ki, Azərbaycanda anbar iqtisadiyyatının ömrü uzun olmasın.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG