Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:17

Ağaclar köhnə tarixlə kəsilə bilərmi?


Axı adamlar bir ətək pul verib, yer alıblar ki, nə isə tiksinlər
Axı adamlar bir ətək pul verib, yer alıblar ki, nə isə tiksinlər
(Bu sual tamamilə ciddi verilir)

Kim bilir, bəlkə də innən belə ağaclar köhnə tarixlə kəsiləcək. Prezident aprelin 22-də Azərbaycan ərazisində ağac kəsməyi qadağan edib. Amma fərmandan əvvəl nə qədər hasara alınan yaşıllıqlar var. Yəqin həmin ərazidəki ağacların yaşama şansı olmayacaq. Bir də qanundur, qadağadır, bunların geriyə qüvvəsi yoxdur. İndi haradasa ağac kəsilməsinin şahidi olsanız, təəccüblənməyin. Bəlkə kəsilən ağac köhnə tarixə şamil ediləcək. Köhnə tarixdən «istifadə» Azərbaycanda geniş yayılıb. Köhnə tarixlə torpaq satmaq, köhnə tarixlə sərəncam vermək, köhnə tarixlə anadan olmaq (daha tez pensiya almaq və ya əsgərlikdən yayınmaq üçün), köhnə tarixlə ərə getmək və ən nəhayət, köhnə tarixlə hakimiyyətə gəlmək .

Hər halda, tikintiyə görə hasara alınan yaşıllıqlarda ağacların kəsilməyəcəyi inandırıcı görünmür. Axı adamlar bir ətək pul verib, yer alıblar ki, nə isə tiksinlər. Bəlkə onların dadına tarixi saxtalaşdırmaq çatacaq? Onda deyə bilərlər ki, bu ağac hələ xeyli əvvəl kəsilib. Yaxud da bu ağac xeyli əvvəl kəsilməli idi, amma bəzi işlər üzündən indi kəsirlər. Burda yenə də köhnə tarix adamın əlindən tutur.

Amma kim bilir, bəlkə nə vaxtsa bu qadağa da qüvvədən düşəcək. Yaxud qadağaya dəyişiklik ediləcək. Axı belə bir ənənə əvvəllər olub.

Bir vaxtlar Xəzər dənizinin 130 metrliyində də nə isə tikmək qadağan olunmuşdu. Necə deyərlər, qadağanın mürəkkəbi qurumamış dənizin içərilərinə doğru «tikinti bumu» başladı. Vəziyyət elə bir həddə çatdı ki, dənizin sahilindəki tikililərin sökülməsinin ciddi bir problem olduğu üzə çıxdı. Nəticədə bu qadağaya yenidən baxıldı və məsafə 130 metrdən 20 metrə qədər azaldıldı.

Belə olan halda bu qadağaya da bəzi korrektlərin edilməyəcəyinə kim zəmanət verə bilər? Siz zəmanət verirsiniz? Şəxsən mən vermirəm.

Bu üzdən qadağadan sonra ağacların qırılması sürətlənməsə yaxşıdır. Əlbəttə ki, köhnə tarixlə.

Bir də ağac kəsilməsinə qarşı çıxmaq çox təhlükəli məsələdir. Adamın yadına «Azadlıq» qəzetinin keçmiş yazarı, hazırda Fransada mühacir həyatı yaşayan Aqil Xəlil düşür. İndi o, Fransadakı yaşıllıqlara həsəd aparır. Həm də Azərbaycanda qoruya bilmədiyi ağacların həsrətini çəkə-çəkə.

P.S. Prezident ağacların qırılmasını qadağan edəndə, dedi ki, Bakı ətrafında üç milyon ağac əkilməlidir. Artıq əkin başlayıb. Şənbə günü görüşdüyüm bir nazirlik əməkdaşı belinin ağrısından şikayətlənirdi. Bütün günü paytaxt ətrafında ağac əkməli olmuşdu. Kimlərinsə qırdığı ağacların yerini doldurmaq üçün. Ancaq onun bu xidmətləri artıq yeni tarixə yazılır…

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG