Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:20

Diplomatik ibarələr, yoxsa payıza kimi Qarabağ düyünü çözülə bilər?


Prezidentlərin Praqa görüşü
Prezidentlərin Praqa görüşü
«Mayın 7-də prezidentlərin Praqa görüşündə konseptual irəliləyiş oldu».

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza «Azadlıq» radiosuna Azərbaycan-Ermənistan prezidentlərinin görüşünü şərh edərkən belə deyib. O ümid edir ki, növbəti iki həftədə texniki irəliləyişə nail oluna bilər. Hətta cənab Brayza hesab edir ki, payıza qədər daha böyük irəliləyişlər əldə etmək mümkündür.

Amerikalı həmsədrin bu cür nikbinliyi Bakıda müxtəlif cür qiymətləndirilir.
Keçmiş dövlət müşaviri Vəfa Quluzadə deyir ki, Metyu Brayzanın «konseptual irəliləyişlə» bağlı dedikləri diplomatik ibarələrdir:

«Bunlar konkret fikir deyil. Bu il nə ola bilər? Nə nazirlərin görüşündə, nə də prezidentlərin görüşündə irəliləyiş oldu. Həmsədrlər istəmirlər məyusluq yaratsınlar, neçə ildir çalışırlar nikbinliyi qorusunlar…»

Amma «Ayna-Zerkalo» qəzetlərinin şərhçisi Rauf Mirqədirova görə, Metyu Brayza nikbin olmaqda haqlıdır. Çünki Azərbaycan prezidentinin son çıxışlarında güzəştə getmək meyli hiss edilir. Məsələn, o, ilk dəfə olaraq Laçın dəhliziylə bağlı güzəştlərin mümkünlüyünə toxundu.

Yeri gəlmişkən, ekspertin toxunduğu bu məqam haqda Metyu Brayza da danışıb. Onun fikrincə, İlham Əliyev bu bəyanatla Azərbaycan əhalisinin əsas prinsiplərlə bağlı razılaşmaya hazırlanması üçün əhəmiyyətli addım atdı. Bəs Ermənistan güzəştə meyllidirmi? Rauf Mirqədirov:

«Ermənistan tərəfdən güzəştlərin konturu bəlli deyil. Qarabağın statusu ilə bağlı Yerevanın hansı güzəştə gedəcəyi ilə bağlı məlumat yoxdur».

Politoloq Vəfa Quluzadə isə deyir ki, vəziyyəti dəyişmək həmişə asan görünə bilər:

«Bu məsələdə razılıq əldə etmək iki dəfə iki kimi çox asandır. Yəni Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını ikicə kəlməylə ifadə etməlidir. Ermənistan deməlidir ki, Dağlıq Qarabağın Azərbaycanın ərazi bütövlüyü çərçivəsində muxtariyyət almasını müzakirə etməyə hazıram. Yəni burda diplomatik sözə nə ehtiyac var? Boş-boş sözlərdir. Vəziyyət həminkidir, təzə heç nə yoxdur».

Siyasi icmalçı Rauf Mirqədirov isə başqa fikirdədir. O deyir ki, Rusiyanın Gürcüstana təcavüzündən sonra vəziyyət dəyişib. Qərb başa düşdü ki, regionda maraqlı olan başqa bir qüvvə onların maraqlarına hər an zərbə vura bilər. Ona görə də bu gün təhlükələrin aradan qaldırılması siyasəti aparılır.

Münaqişənin həllinə cəlb olunmuş üç ölkədən ikisi məsələnin tez zamanda həllini istəyirlər: həm ABŞ, həm də də Fransanın timsalında Avropa Birliyi. R.Mirqədirova görə, ABŞ-ın yeni administrasiyası bu yöndə səylərini artırıb:

«Hər halda, yeni administrasiya dövlət katibi səviyyəsində problemin ciddi həllinə qoşulub. Bu da münaqişə edən dövlətlər - Azərbaycan və Ermənistan üçün ciddi təzyiq və ciddi şirnikləndirmədir. Situasiya normallaşarsa, ciddi mesajlar göndəriləcəyi də gözlənir».

Rauf Mirqədirov deyir ki, Gürcüstanda baş verənlər həm də Azərbaycanla Ermənistana ciddi mesajdır. Rusiya Abxaziya və Cənubi Osetiyanı tanıdığı kimi Dağlıq Qarabağı tanımaqla, bu münaqişəni də öz bildiyi kimi həll etməyə çalışa bilər. Bu da müəyyən mənada hər iki dövlət üçün münaqişənin həlli üçün stimuldur. Eyni zamanda, Ermənistan da başa düşür ki, Türkiyə ilə münasibətləri yoluna qoymadıqca, Qarabağ münaqişəsini həll etmədikcə, blokada şəraitində yaşadıqca, Rusiyadan asılılığı artır. Bunun özü də Yerevana münaqişənin həllində əlavə stimuldur. Amma Rusiya buna bacardıqca müqavimət göstərəcək. Ekspertə görə, elə bu üzdən Qərblə Rusiya arasında alver başlaya bilər:

«Əsas problem Azərbaycan-Ermənistan prezidentlərinin görüşündə yox, Moskva-Vaşinqton, Moskva-Brüssel danışıqlarında müəyyənləşəcək».
XS
SM
MD
LG