Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:59

Mirzə Sakitin Hüquqlarını Müdafiə Komitəsi yaradılıb


İyunun 26-da «Azadlıq» qəzetinin əməkdaşı Mirzə Sakit imzasıyla yazan Sakit Zahidovun Hüquqlarını Müdafiə Komitəsi yarıdıldı. O, üç gün əvvəl narkotik maddə saxlamaq ittihamı ilə həbs olunub. Jurnalistlər və hüquq-müdafiəçilərinin daxil olduğu Komitənin sədri Emin Hüseynov deyir ki, onlar təşkilat yarandığı vaxtdan Sakit Zahidovun müdafiəsi ilə bağlı beynəlxalq təşkilatlara müraciətlər göndərib. «Hüquq müdafiəçiləri və Redaktorlar Birliyinin etiraz bəyanatı Avropa Şurasına da göndəriləcək. Beynəlxalq təşkilatlara müraciətlər etmişik. Bu məsələyə bağlı xüsusi araşdırma qrupu da yaradacağıq ki, bu adamın üstündən narkotik maddənin necə çıxarıldığını, hansı hal şahidlərinin olduğunu araşdıracağıq».


«Azadlıq» qəzetinin redaktoru Qənimət Zahidovun sözlərinə görə, hazırda Nərimanov rayon polis idarəsinin istintaq təcridxanasında saxlanan Sakit Zahidova hər hansı fiziki təzyiq göstərilməyib. «Heç bir təzyiq olmayıb. Böhtan atmaqla kifayətləniblər. Onunla dünən xəbərləşmə imkanı olub, əhval-ruhiyyəsi yaxşıdır. Özünə niyə görə şər atıldığını da bilir».


Sakit Zahidovun «Azadlıq» qəzetində yazdığı satirik şerlərdə dövlət məmurları tez-tez tənqid olunurdu. Qəzetin əməkdaşları onun bu şerlərə görə həbs olunduğu düşünürlər.


Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov isə deyir ki, Sakit Mirzəyev narkotik maddə saxladığına görə həbs edilib: «Onu əməliyyat məlumatı əsasında saxlayıblar. Üstünə baxış zamanı narkotik maddə götürüblər». Ehsan Zahidov deyir ki, Sakit Zahidova böhtan atılıb-atılmamasını istintaq araşdıracaq. İstintaqı DİN-in Narkotiklərlə Mübarizə İdarəsi aparır.


Sakit Zahidovu iyunun 23-də DİN-in Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları saxlayıb. Onun üstündən narkotik maddə tapıldığını deyiblər. O, Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə narkotik vasitələrin əldə edilməsi, saxlanması maddələri ilə ittiham olunur. İyunun 24-də Nəsimi rayon məhkəməsi Sakit Zahidov haqqında üç aylıq həbs-qətimkan tədbiri seçib. İyunun 27-də onun müdafiəçisi Kamil Axundov məhkəmənin qərarından apelyasiya şikayəti verəcək.


XS
SM
MD
LG